Nəqliyyat atmosfer havasının əsas çirklənmə mənbəyidir.
Hazırda Dünyada avtomobillərin sayının 1 mlrd-a çatdığını nəzərə alsaq avtomobil nəqliyyatının ehtiyacı üçün 3,0∙109 ton neft və 27∙109 tondan çox hava lazım olduğu məlum olur. Stasionar və hərəkət edən mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin ümumi həcmində onun payı təxminən 40%-dir. Bu isə istənilən sənaye növündən daha çoxdur. Azərbaycanda çirkləndirici maddələrin atmosferə atılmasında nəqliyyatın payı daha çoxdur, 70%. Nəqliyyatın müxtəlif növlərinin atmosferi çirkləndirmə səviyyələrinin analizi göstərir ki, burada əsas rolu yerüstü nəqliyyat vasitələri, xüsusən avtomobillər oynayır. Nəqliyyatın növləri üzrə çirkləndirici maddələrin atılması aşağıdakı kimi paylanır: ümumi tullantıların 87%-i avtomobil nəqliyyatının, 8%-i dəmir yolunun, 2%-yol kompleksinin, 1%-dən bir qədər çoxu hava nəqliyyatının, 2%-i dəniz və çay nəqliyyatının payına düşür. Ümumi tullantılarda hərəkət edən mənbələrin payı 97%, stasionar mənbələrin payı isə 3% olub.
Avtomobil nəqliyyatının təsir növləri və obyektləri.
Nəqliyyat-yol kompleksi hər bir ölkənin iqtisadiyyatının ən vacib tərkib elementlərindən biridir.
Nəqliyyatın təbiətin çirklənməsində payını düzgün qiymətləndirmək üçün onu təsərrüfatın digər sahələri ilə, ekosistemin bütün komponentləri üzrə: atmosfer, su, torpaq, bitki və heyvanlar aləmi üzrə müqayisədə qiymətləndirmək daha məqsədəuyğundur. Nəqliyyatın ekosistemə təsiri belə ifadə olunur:
− atmosferin, su məntəqələrinin və torpağın çirklənməsi, torpağın kimyəvi
tərkibinin və mikroflorasının dəyişməsi, istehsalat tullantılarının − o cümlədən radioaktiv və zəhərli tullantıların, şlakların və s. yaranması;
− təbii resursların istifadə olunması;
− ətraf mühitə istiliyin ayrılması;
− ətraf mühitin elektromaqnit çirklənməsi;
− ətraf mühitə istiliyin ayrılması;
− yüksək səviyyəli səs-küyün və vibrasiyaların yaranması;
− xoşagəlməyən təbii proseslərin sürətləndirilmə imkanı;
− insanların və heyvanların xəsarət alması və ölməsi, qəzalar nəticəsində böyük maddi ziyanın dəyməsi;
− torpaq-bitki örtüyünün dağılması, kənd təsərrüfatı əkin sahələrinin məhsuldarlığının azalması.
Avtonəqliyyat kompleksinin inkişafının neqativ tərəflərinin öyrənilməsi avtomobil nəqliyyatının təbii mühitə təsirinin iki yolunu müəyyən etməyə imkan verir. Əvvəla, avtomobil nəqliyyatı böyük miqdarda təbii materiallar, xammal istifadə edir ki, bunun da böyük hissəsi bərpa olunmayan, qıt enerji daşıyıcılarıdır. Digər tərəfdən avtomobil nəqliyyatı biosferi zəhərləyicidir. Məsələn, bir avtomobil bir ildə 15 min km yürüş etdikdə orta hesabla 1,8 ton benzin yandırır ki, bu benzinin alınması üçün 3 ton neft lazım gəlir. 1 kq benzinin yanması üçün 14,7 kq hava tələb olunur. Bu nisbəti və oksigenin havada miqdarını nəzərə alsaq avtomobilin il ərzində işlədəcəyi havanın hesabı miqdarı 27 ton, o cümlədən 5,6 ton oksigen təşkil edir.