MÖVZU 1. MÜƏSSİSƏNIN İSTEHSAL STRUKTURU
1.Giriş. Fənnin məqsəd və vəzifələri
2.Sənaye müəssisələrinin xarakterik xüsusiyyətləri
3.Sənaye müəssisələrinin təşkilati strukturu
4.Sənayenin təşkili və idarə edilməsində istehsal səviyyəsini xarakterizə edən göstəricilər
1.Giriş. Fənnin məqsəd və vəzifələri
Yunan sözü olan iqtisadiyyat ev təsərrüfatının aparılması bacarığı deməkdir. Lakin qədim yunan yazıçısı və tarixçisi Ksenofontun iki yarım min il bundan əvvəl bu adı «yeni elm»ə verdiyi vaxtdan onun məzmunu dəyişmişdir. İndi təsərrüfat tək ailə və ya şəhər çərçivəsində deyil (yunan dilində polisa –buradan da siyasi iqtisad), həmçinin müəssisə, iri ərazi, ölkə, bütün dünya miqyasında aparılır və idarə edilir.
İnsan məhdud imkanlar dünyasında yaşayır. İstər insanın fiziki və intellektual qabiliyyəti, istər müəyyən bir məqsədə nail olmaq üçün vacib olan vaxt və vəsaitləri məhduddur ki, bu da insanların bütün tələbatlarının eyni vaxtda və tam ödənilməsinə imkan vermir. Deməli, əgər ehtiyatlar məhdud olmasaydı, onda onların müxtəlif məqsədlər arasında ən yaxşı optimal bölüşdürülməsi, onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi, istehlak əmtəə və xidmətlərinin bölüşdürülməsi üçün hər hansı bir prinsipin müəyyən edilməsinə ehtiyac olmazdı. Ehtiyatların məhdudluğu onlardan istifadə uğrunda rəqabətin meydana gəlməsi ilə nəticələnmişdir.
Cəmiyyət və eləcə də, hər bir insan qarşısında həmişə müxtəlif məqsədlərə çatmaq üçün məhdud ehtiyatlardan istifadə istiqaməti və üsullarının seçilməsi məsələsi durur ki, bu məsələnin də həlli metodları iqtisad elminin predmetini təşkil edir.
İqtisadçılar öz düşüncələrində insanların səmərəli davranışı hipotezindən çıxış edirlər. Səmərəli davranış mövcud məhdudiyyətlər şəraitində maksimum nəticələr əldə edilməsinə doğru istiqamətlənmiş davranış dünyasıdır. İqtisadçıları yalnız məhdud imkanlar dünyasında insanların öz şəxsi maraqlarını necə həyata keçirməkləri və bunu nəticəsində nə baş verəcəyi maraqlandırır. İnsanlar seçmə prosesində üç fundamental məsələni həll etməli olurlar: Nə, yəni hansı növ əmtəə və xidmətləri və hansı miqdarda istehsal etmək? Necə, yəni hansı məhdud ehtiyatların və texnoloji üsulların köməyilə insanlar üçün lazım olan nemətlər istehsal etmək.
İnsan öz inkişafı prsesində bir-birinə zidd olan müxtəlif məqsədlər arasında məhdud ehtiyat və istehsal nəticələrinin bölüşdürülməsinin bir neçə üsulunu işləmişdir. Bu üsullar aşağıdakı üç qrupa aid edilə bilər:
1. Ənənə və qayda-qanunlara əsaslanan.
2. İnzibati-amirlik metodlarına əsaslanan.
3. Bazar mexanizminə əsaslanan.
Beləliklə, iqtisadiyyat insanın maddi tələbatının maksimum səviyyədə təmin edilməsinə nail olmaq məqsədilə məhdud istehsal ehtiyatlarından səmərəli istifadə problemlərini tədqiq edir.
İstənilən problemin öyrənilməsinə başlayarkən iqtisadçılar induksiya metodunu tətbiq etməlidirlər. Bu metodun vasitəsilə faktlar toplanır, sistemləşdirilir və ümumiləşdirilir. Deduksiya metodu,əksinə, elə hipotezanın irəli sürülməsini nəzərdə tutur ki, o sonra faktlarla yoxlanılır. İqtisadçılar tərəfindən istifadə edilən metodlar aşağıdakı şəkildə verilmişdir.
3. İqtisadi siyasət
İqtisadi siyasət iqtisadi davranış və ya onun nəticələrinə nəzarət edir və ya onlara təsir göstərir.
|
↑
2. Prinsip və ya nəzəriyyələr
İqtisadi nəzəriyyə iqtisadi davranışın ümumi prinsiplərini aşkar edir.
|
İnduksiya ↑ Deduksiya ↓
1. Faktlar.
Təsviri və ya empirik iqtisadi elm iqtisadiyyatın konkret problemi və ya müəyyən aspektinə aid olan faktların toplanması və nəzəriyyənin təsdiq edilməsi üçün hipotezaların faktlarla müqayisəsi ilə məşğul olur.
|
Şəkil 1. İqtisadi metodlar.
Cəmiyyətimizin geniş miqyasda qəbul edilmiş iqtisadi məqsədlərinə aiddir: iqtisadi artım, tam məşğuliyyət, iqtisadi səmərəlilik, qiymətlərin sabit səviyyəsi, iqtisadi azadlıq, gəlirin ədalətli bölüşdürülməsi, beynəlxalq ticarət və maliyyənin səmərəli balansı və iqtisadi təminat. Bu məqsədlərdən bəziləri bir- birini qarşılıqlı surətdə tamamlayır, digərləri isə, əksinə, rədd edir.
Tamamilə müxtəlif səviyyəli iki növ iqtisadi təhlil mövcuddur: makroiqtisadiyyat və mikroiqtisadiyyat. Makroiqtisadi təhlilin səviyyəsi ya bütövlükdə iqtisadiyyatı, ya da onu təşkil edən dövlət sektoru, ev təsərrüfatı və fərdi sektor kimi əsas hissələri əhatə edir. Spesifik iqtisadi vahidlərin cəmi olan aqreqatı öyrənməklə, makroiqtisadiyyat iqtisadiyyatın strukturunun və bütövlükdə iqtisadiyyatı təşkil edən iri aqreqatlar arasındakı əlaqələrin ümumi sxemini çəkməyə çalışır. Bunun əksinə olaraq, mikroiqtisadiyyat isə konkret iqtisadi vahidləri, məsələn, konkret məhsulu, müəssisəni öyrənir.
Buna uyğun olaraq, sahə iqtisadiyyatı tətbiqi fənn olub sənayenin bu və ya digər sahəsinin spesifik şəraiti daxilində iqtisadi qanunların fəaliyyət xarakterini tədqiq edir. Öyrənəcəyimiz «İstehsalın iqtisadiyyatı və menecment » kursunun predmeti geoloji-kəşfiyyat müəssisələri, qazma təşkilatları və neftqazçıxarma müəssisələri şəraitində, istehsal-təsərrüfat məsələlərinin daha səmərəli həlli yolları və metodlarının təyini məqsədilə, istehsal qanunauyğunluqlarının təzahürünün konkret formalarının öyrənilməsidir.
Tədqiqat obyektinə yanacaq-energetika kompleksinin tərkib hissəsini təşkil edən neft və qaz sənayesi aiddir. Bu sənaye sahəsi bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı, istismarı, neft və qaz, vurucu və nəzarət quyularının qazılması, neft və qazın çıxarılması, nəqli və emalı kimi istehsal proseslərinin tam zəncirini formalaşdırır.
Kursun nəzəri əsası iqtisadi qanunların fəaliyyətini öyrənən iqtisadi nəzəriyyədir.
« İstehsalın iqtisadiyyatı və menecment» kursu öz qarşısında tələbəni bu sahənin iqtisadi problemləri, sahə planlaşdırması metodikası, yeni texnika və kapital qoyuluşunun tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üsulları ilə tanış etməyi, görülən iqtisadi işə aid praktiki yenilikləri öyrətməyi məqsəd qoyur.
Bu kurs fəlsəfə, iqtisadi nəzəriyyə, digər sahələrin iqtisad elmləri, riyaziyyat, bütün texniki fənlər (neft və qaz quyularının qazılması, neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və saxlanması və b.) ilə sıx əlaqədardır.
Dostları ilə paylaş: |