Aqlyunativ dil tipi və yaxud “yapışdırılan” dillər
qramatik məna daşıyan çoxsaylı affikslərin, kökləri dəyişməz
olan sözlərlə birləşdirilməsi ilə xarakterizə olunur. Affikslər
sözlərin kökləri ilə asanlıqla birləşdikləri kimi, asanlıqla da
onlardan ayrılırlar. Affikslərin sözlərə hansı tərəfdən
birləşməsindən asılı olaraq prefiks və ya suffiks kimi çıxış
edirlər. Türk, uqro-fin, dravid, bantu və b. dillər aqlyutinativ
dillərə aiddir.
3. Flektiv və ya çevik tip müxtəlif sonluqların istifadə
edilməsi və sözlərdə bütün qramatik mənalı hissəciklərin
(affikslərin) möhkəm birləşməsi ilə fərqlənir. Aqlyutinativ
dillərdən fərqli olaraq flektiv dillərdə affikslərin sözün kökü ilə
fonetik cəhətdən qaynayıb qarışması və yaxud birləşməsi baş
verir. Flektiv dillərdə yeni sözlər sözdüzəldici affikslər
vasitəsilə yaranır. Hind-Avropa və semit-hamit dilləri flektiv
dillərə aiddir.
4. İnkorpor edilən dillər üçün kompleks sözlər
xarakterikdir. Hind və bir sıra paleoasiya dillərində bizim
cümləmizə onların söz cümləsi uyğun gəlir. İnkorpor edən
dillər başqa dillərdən cümlələrin analiz əsasına görə, yəni
sintaksis əlamətlərə görə fərqlənir. Məhz bu da morfoloji
təsnifatın ardıcıllığına mane olur. Təsadüfi deyildir ki, bir çox
linqvistlər inkorpor edilən dilləri aqlyutinativ dillərə əlavə tip
kimi daxil edərək dünya dillərini dörd deyil, üç tip kimi
təsnifləşdirirlər. Flektiv tipə aid etdiyimiz semit-hamit dilləri
bir çox aqlyutinativ əlamətlərə malikdir. Bəzi qərb ədəbiyyatında adətən bütün morfoloji tiplər eyni qiymətli tiplər
kimi qəbul edilmir. Flektiv dillər ən kamil, təcrid edilən dillər
isə ən primitiv dillər sayılır. Bundan başqa belə hesab edirlər
ki, mücərrəd təfəkkür yalnız flektiv dillərlə əlaqədardır. Flektiv
tip Hind-Avropa dilləri üçün daha çox səciyyəvi olduğundan
belə fikirlərin irqçi xarakteri heç bir şübhə doğurmur.
Morfoloji tiplər dilin inkişafının ardıcıl tarixi mərhələlərini
izləyə bilmədiyindən hansı morfoloji tipin daha kamil olması
haqqında danışmaq olmaz. Dünyanın bütün xalqları, dillərin
hansı morfoloji tipə aid olmasından asılı olmayaraq ən yüksək
mədəniyyət yaratmağa qadirdirlər. Morfoloji təsnifatın iki
nöqsanlı cəhəti vardır: birincisi, onun köməyi ilə dillərin tarixi
inkişaf yolunu izləmək mümkün olmur; ikincisi, o dünya
dillərinin struktur xüsusiyyətlərini nəzərə almır. Morfoloji
təsnifat öz əhəmiyyətinə görə geneloji təsnifatdan çox geri qalır
və köməkçi xarakter daşıyır.