10. Yerli icra hakimiyyəti və yerli özünü idarəetmə orqanları
Yerli İcra hakimiyyəti orqanları inzibati ərazi vahidləri ( rayon, şəhər, kənd, qəsəbə, vilayət) səviyyəsində idarəetmə funksiyasını həyata keçirirlər. İcra hakimiyyəti orqanları nəzdində müxtəlif Komissiyalar, şöbələr, idarələr formalaşmışdır.
Azərbaycan inzibati-ərazi vahidlərinin idarə olunmasının əsasları «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də öz əksini tapmışdır. Bu əsasnamə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 №-li fərmanı ilə təsdiq edilmişdir. Əsasnamə Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Burada yerli Dövlət İcra Hakimiyyətinin fəaliyyət dairəsi, təşkilati quruluşu və səlahiyyətləri müəyyən edilmişdir.
Əsasnaməyə görə inzibati bölgü vahidləri üzrə idarəçiliyi şəhər, rayon və i.a. İcra Hakimiyyətinin Başçısı və onun İcra apparatı həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti onları vəzifəyə təyin və vəzifədən azad edir.
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. İcra Hakimiyyətinin başçıları öz fəaliyyətinin nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyırlar. Rayon, şəhər və şəhər rayonları icra hakimiyyət orqanları Azərbaycan Respublikası Prezidenti tərəfindən təşkil edilir. Yerli icra hakimiyyəti başçısı Azərbaycan Respublikası Kostitusiyası, qanunları, Prezidentin fərmanları və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Naxçıvan MR-də isə həm də onun Konstitusiyası, qanunları və Nazirlər Kabinetinin qərarları əsasında icra fəaliyyətini həyata keçirir.
Maliyyə mənbəyi kimi qeyri-büdcə vəsaitindən, alınan kreditlərdən və qanunla qadağan olunmayan başqa maliyyə mənbələrindən də istifadə oluna bilər.
Yerli icra hakimiyyət orqanları əsasən dövlət büdcəsi vəsaiti hesabına müəyyənləşdirilirlər.
Yerli icra hakimiyyət orqanları və onların başçıları onlara həvalə edilmiş ərazidə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafeyini, müvafiq ərazinin iqtisadi, sosial və mədəni inkişafını, dövlət mənayelərini və yerli mənafelərin uzlaşdırılmasını təmin edir. İcra hakimiyyətinin başçısı, həmçinin Respublika Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, respublikanın iqtisadi və sosial inkişaf proqramlarının, ekoloji proqramların, habelə müvafiq yerli proqramların həyata keçirilməsində iştirak edir, yerli əhəmiyyətli belə proqramlar hazırlayır və istifadə edir. Qanunlara uyğun olaraq yeni müəssisə və təşkilatlar yaranmasına sərəncam verir, zərurət yaranan hallarda mövcud olanlardan bir hissəsini ləğv edir.
İcra hakimiyyət başçılarının həmçinin aşağıdakı səlahiyyətləri vardır:
- qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək;
- dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq;
- yaşayış məntəqələrinin torpaq-təssərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
- torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək;
- şəhər, rayon icra aparatı adından müqavilələr bağlamaq;
- icra hakimiyyət orqanlarında işçilərin yerləşdirilməsi, ixtisaslarının artırılmasını təşkil etmək;
- seçkilərin, referendumların qanuna uyğun keçirilməsini təmin etmək;
- tabeliyində olan ərazinin inkişafı ilə bağlı problem məsələləri müvafiq dövlət orqanları qarşısında qaldırmaq, ekoloji şərait barədə əhaliyə məlumat vermək, baytarlıq təbabəti xidmətinin yerli təşkilatlarını yaratmaq və onların fəaliyyətinə nəzarət etmək və i a.
İcra hakimiyyətinin sərəncamında olan əmlaka büdcədən ayrılan vəsaitlər və məqsədli fondlar, dövlət yaşayış fondu, qeyri-yaşayış fondu, su kəmərləri, kanalizasiya təsərrüfatı, istilik-elektrik təchizatı, qaz təsərrüfatı və i.a. daxildir.
Vəzifələri icra etmək üçün yerli icra hakimiyyəti başçısı yanında xüsusi şura yaradılır. Şuranın tərkibi 15 nəfərədək ola bilər. Şuranın tərkibinə aparatın vəzifəli şəxsləri və ərazidə olan müəssisələrin rəhbərləri daxil olur. Şura ayda 2 dəfədən az olmayaraq iclaslar keçirir. İclasa İcra Hakimiyyəti Başçısı, o olmadıqda onun birinci müavini rəhbərlik edir. Şuranın iclasında qəbul edilmiş qərarlar protokollaşdırılır və tövsiyyə xarakteri daşıyır. İcra aparatının strukturu və ştat cədvəli Prezidentin İcra Aparatı ilə razılaşdırılır. İcra hakimiyyətinin başçısı müvafiq vəzifələrin icrası üçün sərəncamlar və əmrlər verir.
İnzibati rayonlarda, böyük, orta və kiçik şəhərlərdə əhalinin sayını nəzərə almaqla icra hakimiyyəti aparatının ştat strukturu və ştat cədvəli formalaşır. Adətən inzibati rayon icra hakimiyyəti başçısının aparatının strukturu rayonun böyüklüyündən asılı olmayaraq əasən 10 şöbədən (ərazi idarəetmə orqanları ilə iş; hüquq; ictimai təşkilatlar və siyasi partiyalarla iş; təhsil; səhiyyə və mədəniyyət; sosial-iqtisadi məsələlər; aqrar məsələlər; memarlıq və tikinti; ümumi şöbə; mühasibatlıq və xidmət heyəti) ibarət olur.
İcra aparatının ştat tsrukturu Respublika Prezidentinin İcra Aparatı ilə razılaşdırılır və müvafiq rayon, şəhər İcra hakimiyyəti başçısı tərəfindən təsbiq olunur. Nümunəvi əsasnamədə göstərilir ki, əhalisi 50 min nəfərədək olan rayonda ştat heyəti 35 nəfər, 50-100 min olduqda 39 nəfər və 100 min nəfərdən yuxarı olduqda 40 nəfər nəzərdə tutulur.
Təcrübə göstərir ki, vaxtaşırı yerli icra hakimiyyətləri haqqında Əsasnamədə inzibati-ərazi vahidlərinin inkişafından asılı olaraq müəyyən dəyişikliklər etməyə ehtiyac yaranır. Belə ki, qəbul edildiyi 1999-cu il iyun ayının 16-dan 24 iyul 2005-ci ilədək ölkə Prezidentinin fərmanları ilə Əsasnamədə 12 dəfə bu və ya digər dərəcədə dəyişikliklər edilmişdir. Bu da yerli icra hakimiyyət orqanlarının təşkilati quruluşunda, ştat cədvəlində, maliyyələşmə mənbəyində və i.a. qismən dəyişikliklər edilməsi öz ifadəsini tapmışdır. Misal üçün, Azərbaycan Respublikasının Prezidentinin 28.IX.1999-cu il, 92 salı fərmanı ilə yerli icra hakimiyyətinin ştat strukturunda bəzi dəyişikliklər edilmişdir. Bu fərmana əsasən icra başçısı ştat vahidini bir bölmədən digərinə keçirə, birini nisbətən azaldıb, o birini artıra bilər. Bakı şəhər rayonlarının ştat cədvəlində bir sıra dəyişikliklər edilmişdir. Sabayıl, Nəsimi, Nərimanov və s. rayonların ştatlarının sayı 44-dən 45-ə çatdırılmışdır. Sumqayıt, Əli-Bayramlı və Mingəçevir şəhərlərinin ştat cədvəlində artım olmuş, «Memarlıq və Tikinti şöbəsi», «Şəhər təsərrüfatı» şöbəsi adlandırılmışdır.
İnzibati ərazi bölgüsü əhalinin ərazi bölgüsünün dövlət aparatı ilə rəsmiləşdirilməsi və idarə edilməsi formasıdır. İdarəetmənin səmərəliliyi təkcə həmin ərazidəki əhalinin sayından deyil, həm də yaşayış məntəqələrinin sayından və yerləşməsi xüsusiyyətindən asılı olduğundan şəhər və rayon icra hakimiyyətlərinin ştatlarını müəyyən edərkən təkcə əhalinin sayı deyil, həm də şəhərin, rayonun ərazisinin böyüklüyü və yaşayış məntəqələrinin sayı da nəzərə alınmalıdır. Respublikanın Lənkəran (48 nəfər); Şəki, Yevlax (43 nəfər); NAxçıvan (38); Əli-Bayramlı (40) və digər şəhərlərində də icra hakimiyyəti aparatının ştat cədvəlini müəyyən edərkən orada olan əhali, yaşayış məntəqələri, ərazi və təsərrüfatların sayına istinad etmək daha düzgün olardı. Belə halda respublika rayon və şəhərlərində indi mövcud olan icra aparatının ştat cədvəlində müəyyən dəyişikliklər etmək lazım gələrdi.
Demokratik cəmiyyətin idarə olunması sistemində özünüidarəetmə çox mühüm yer tutur. Demokratik cəmiyyət dedikdə isə vətəndaş cəmiyyəti nəzərdə tutulur. Vətəndaş cəmiyyəti vətəndaşlara geniş hüquq və azadlıqlar verir, onların reallaşması üçün şərait yaradır. Bu, öz ifadəsini dövlətin öz səlahiyyətlərinin bir hissəsini bələdiyyə formasında əhalinin yerli özünüidarə orqanlarına verməsində və onun fəaliyyəti üçün geniş şərait yaratmasında tapır.
İdarəetmənin demokratikləşdirilməsi səviyyəsini səciyyələndirmək üçün müxtəlif göstəricilərdən istifadə olunur ki, bunlardan biri də öüznüidarəetmədir. Bu, həmçinin vətəndaşların qərarların qəbul edilməsi prosesində iştirakının, təşkilatlarda, ərazilərdə aparılan işlərin vəziyyətinə təsir göstərmək imkanlarının təmin edilməsidir.
Özünüidarəetmə tam və natamam formalarda ola bilər. Başı üzərində yuxarı özünüidarəetmə orqanı olmayan sistem özünü tamamilə idarə edən hesab edilir. Ərazi miqyasında özünüidarəetmə daha geniş yayılmışdır. Bunun əsas forması bələdiyyələrdir.
Bələdiyyələr qədim və zəngin tarixə malikdir. Onların meydana gəlməsi şəhərlərin meydana gəlməsi və idarə edilməsi ilə əlaqədar olmuşdur. Sonralar kommunizmin inkişaf etməsi ilə əlaqədar olaraq özünüidarə digər yaşayış məntəqələrini də (kənd və rayonları) əhatə etmişdir. Demokratiyanın inkişaf etmiş olduğu ölkələrdə (ABŞ, Türkiyə, Almaniya, Fransa, Yaponiya və i. a.) bələdiyyə idarəetməsi sahəsində nisbətən uzun bir dövr ərzində müsbət təcrübə toplanmışdır.
Demokratik ölkələrin çoxillik təcrübəsi göstərir ki, dövlət idarəetmə orqanları hər bir ərazinin və regionun istehsal potensialından səmərəli istifadə olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi probleminin həll edilməsini kifayət qədər təmin edə bilmir. Ayrı-ayrı ərazilərdə məhsuldar qüvvələr inkişaf etdikdə bu çətinlik daha da artır. Bununla əlaqədar olaraq yerli özünü idarəetmə orqanlarının rolu artır. Çünki onlar yerli şəraiti, mövcud imkanları daha yaxşı görür və bunlardan səmərəli istifadə olunması üçün əhalinin geniş təbəqəsini bu prosesə cəlb edə bilirlər.
Azərbaycan Respublikası demokratik inkişaf yoluna yeni daxil olduğuna görə burada bələdiyyə özüünidarəetmə forması da yenidir. Ölkəmizdə bələdiyyələrin seçilməsi, təşkil edilməsi, fəaliyyəti dövlətimiz üçün, hər bir vətəndaş üçün çox vacibdir. Bu, ölkəmizdə demokratiyanın inkişaf etməsi deməkdir. Və deməli, bunlar nəzərə alınmaqla, bələdiyyələr ölkəmizin inkişafında çox böyük rol oynamalıdır.
Respublikada yerli özünüidarəetmənin başlıca forması olan bələdiyyələrin yaranması və fəaliyyətini tənzimləyən çoxsaylı qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bunları «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında», «Yerli vergi və ödənclər haqqında», «Bələdiyyə qulluğu haqqında», «Bələdiyyələrin torpağı və əraziləri haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarını və digər normativ – hüquqi sənədləri misal göstərmək olar.
Ölkəmizdə bələdiyyələr 1999-cu il dekabr ayının 12-də keçirilmiş ümumxalq seçkiləri yolu ilə yaradılmışdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Bələdiyyələr birpilləli idarəetmə sisteminə malik olan qeyri-hökumət qurumudur və 5 il müddətinə seçilir. 1999-cu ildə Respublikada 2667 bələdiyyə yaradılmışdır. Bunlardan 200-ə qədəri şəhər, qalanı əhalinin kənd bələdiyyələridir. Orada yaşayan əhalinin rəyindən asılı olaraq bələdiyyələrin başqa bələdiyyələrlə birləşmək, ayrılmaq, birləşmədən birlikdə fəaliyyət göstrəmək hüququ vradır.
Bələdiyyə üzvlərinin sayı əhalinin sayından asılı olaraq müəyyən edilir. Azərbaycan şəraitində əhalinin sayından asılı olaraq bələdiyyə üzvlərinin sayı 5 nəfərdən 19 nəfərədək ola bilər.
Böyük şəhərlərin bələdiyyələri kiçik şəhərlərin, inzibati rayonların bələdiyyələrinə nisbətən daha böyük səlahiyyətə malik olur. Bunun əsas səbəbi böyük şəhərlərin daha mürəkkəb ictimai-iqtisadi, sosial-siyasi orqanizm olmasıdır. Şəhər böyüdükcə bu orqanizmin mürəkkəbliyi və cəmiyyətdə rolu da artır. Bu, birinci növbədə şəhərlərdə əhalinin sıx məskunlaşması, istehsalın və sosial infrastrukturun yerləşməsi, nəqliyyat, inzibati, təsərrüfat, təşkilat, ticarət mərkəzi kimi diqqəti cəlb etməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |