22.Napoleon müharibələri illərində Avropada dövlətlərarası münasibətlər
Napoleon müharibələri illərində Avropada dövlətlərarası münasibətlər.Napoleonun hakimiyyəti ələ keçirməsi II koalisiya ölkələrini narahat etməyə başladı. Çünki bi dövrdə Fransa Avropada və bütün dünyada hegemon dövlət olmağı qarşısına məqsəd qoymuş və bu yolda Avropa dövlətləri ilə fasiləsiz müharibələr aparmışdır. Lakin Avropa dövlətlərinin Fransaya qarşı koalisiyalar təşkil etmələrinə baxmayaraq, onlar arasında da ciddi ixtilaflar var idi. Napoleon bu ixtilaflardan bacarıqla istifadə edirdi. 1800-cü ildə Fransaya qarşı yaranmış II koalisiya da dağıldı. Rusiya müharibədən çıxdı, Avstriya da öz ordusunu İtaliyadan çıxarmalı oldu. N.Bonapart Fransanın yeni sərhədlərini tanımaq şərti ilə İngiltərə, Avstriya və Rusiyaya hərbi əməliyyatları dayandırmağı təklif etdi. Napoleon bu zaman müttəfiqlər arasındakı ziddiyyətləri də nəzərə alırdı. Lakin müttəfiqlər Napoleonun təklifini qəbul etmədilər. Müharibəni davam etdirən Fransa ordusu 1800-cü ilin iyunun 14-də İtaliyanın şimalında Marenqo döyüşündə Avstriya qoşununu məğlub etdi. 1801-ci ilin fevralın 9-da Fransa ilə Avstriya arasında Lünevil sülhü bağlandı. Müqaviləyə əsasən, ●Avstriya Belçikanın, Reynin sol sahilinin və Venetsiya əyalətinin bir hissəsinin Fransa tərəfindən işğalını tanıdı. 1800-cü ilin sentyabrında Malta adasındakı Fransız qarnizonu ingilislərə təslim oldu. Maltanın tutulmasından sonra Rusiya İngiltərə ilə əlaqələri kəsib, ona qarşı Danimarka, İsveç və Prussiyanın iştirakı ilə yeni silahlı bitərəflik liqası yaratmağa başladı. Eyni zamanda Parisdə Rusiya ilə Fransa arasında diplomatik əlaqələrin bərpası haqqında danışıqlar başlandı. 1801-ci ilin martında Rusiyadakı hakimiyyət dəyişikliyi və Kopenhagen buxtasında Danimarkanın hərbi - dəniz donanmasının ingilis eskadrası tərəfindən məhv edilməsi bu danışıqları sürətləndirdi. 1801-ci ilin oktyabrında Fransa ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Bu sənədlərdə deyilirdi ki, Rusiya Fransa ilə Sardiniya krallığı və bir sıra alman dövlətləri arasındakı danışıqlarda vasitəçilik edəcək. Fransa İonik adasının rus donanması tərəfindən işğalını tanıdı. Fransa öhdəsinə götürdü ki, Neopolitan krallığına hücum etməyəcək və Rusiya ilə birgə “dəniz azadlığı”nı təmin edəcək. Müttəfiqlərindən məhrum olan İngiltərə Fransa ilə danışıqlara başlayıb, 1802-ci ilin martın 27-də onunla Neyman sülh müqaviləsi bağladı. İngiltərə Maltadan çıxmağa və Misiri Türkiyəyə qaytarmağa razılıq verdi. Fransa da əvəzində öz qoşunlarını Neapoldan, Romadan və Elba adasından çıxarmalı idi. Hər iki dövlət Avropada mövcud vəziyyəti saxlamağa çalışmalı, Fransa isə Misirə iddialarından əl çəkməli idi. İngiltərə çalışırdı ki, Fransa ilə “azad ticarət” prinsipi əsasında yeni ticarət müqaviləsi bağlasın. Fransa isə buna razı deyildi. Bu zaman Fransa artıq İngiltərəni və onun müstəmləkələrini işğal etmək planı hazırlamışdı. 1802-ci ilin payızında Parma, Pyemont və İsveçrə Fransaya birləşdirilmişdi. Fransanın işğalçılıq niyyətlərinə qarşı Avropa dövlətləri (İngiltərə, Rusiya, Avstriya) koalisiya - ittifaq təşkil etdilər. 1805-ci ilin oktyabrında Trafalqar dəniz döyüşündə ingilis donanması fransızları məğlubiyyətə uğratdı. Avstriya tərəfdən daha çox təhlükə gözlənildiyinə görə, I Napoleon əsas zərbəni ona qarşı yönəltdi. 1805-ci ildə I Napoleon Vyananı tutdu, Austerlis döyüşündə Rusiya və Avstriya ordusunu məğlub etdi. 1806-cı ildə Prussiya ordusunu məğlub edib Berlinə daxil olan I Napoleon “Kontinental blokada haqqında” dekret imzaladı.Taleyranın təklifi ilə bu dekret qəbul edildi. Bu dekretə görə, Fransa imperiyasına və ondan asılı olan ölkələrə İngiltərə ilə ticarət qadağan edildi. Rusiya ilə imzalanan 1807-ci il Tilzit sülhünə əsasən, Rusiya XIX əsrin əvvəllərində Fransanın Avropadakı işğallarını tanıdı və İngiltərəyə qarşı kontinental blokadaya qoşuldu. 1812-ci ilin iyununda I Napoleon Rusiyaya qarşı müharibəyə başladı və Borodino döyüşündə böyük itki verdi. Fasiləsiz müharibələrin ölkə iqtisadiyyatını zəiflətməsi və Fransa ordusunun Rusiyadakı məğlubiyyəti I Napoleon imperiyasının süqutunun başlanğıcı oldu. 1813-cü ilin oktyabrında Leypsiq yaxınlığındakı “Xalqlar döyüşündə” müttəfiqlər Napoleon ordusunu məğlub etdilər. Növbəti ilin martında Parisə daxil olan müttəfiqlər I Napoleonu Elba adasına sürgün etdilər. XVIII Lüdovik taxta çıxarıldı və Burbonlar sülaləsi bərpa edildi. Fransa əvvəlki sərhədlərinə qaytarıldı.