2. Tarixizmlər
Müəyyən tarixi hadisə ilə əlaqədar olaraq köhnələn əşya və hadisələrin adları tarixizm adlanır. Bunlar əvvəlki dövrün real məfhumlarını ifadə edir. Tarixizmlər hər şeydən əvvəl köhnə ictimai- siyasi və mədəni- məişət həyatının hadisələrini bildirir.
Cəmiyyət inkişaf etdikcə onun mədəniyyəti, iqtisadiyyatı, məişəti də dəyişir. Yeni ictimai quruluşun meydana gəlməsi ilə əlaqədar olaraq köhnə ictimai quruluş dağılır, məhv olur. Köhnə ictimai-siyasi münasibətlərlə əlaqədar olub məişətdən çıxan əşya və hadisələrin adları, köhnə mədəniyyət və köhnə ictimai quruluş ilə bağlı olan adlar tarixizmə çevrilir.
Tarixizmlər əşya və hadisələrlə birlikdə onları adlandıran sözlərində köhnəlməsi, passiv lüğətə keçməsi nəticəsində yaranır. Bunlar həm formaca, həm də məzmunca köhnəlmiş olur.
Köhnə əşya və hadisələrin aradan çıxması cəmiyyətin və ictimai quruluşun yüksək tərəqqisi və inkişafı ilə əlaqədar. Onların əvəzinə başqa- başqa əşya və hadisələr əmələ gəlir.
Aradan çıxmış hər hansı bir əşya və hadisədən söhbət gedəndə, onu adlandırmaq lazım gələndə biz istər- istəməz tarixizmlərə müraciət etməli oluruq. Çünki əvvəla, onlar müvafiq məfhumları ifadə edən yeganə sözlərdir, ikinci, onlar müasir Azərbaycan ədəbi dilində yoxdur, üçüncü, onları izah etməyə ehtiyac yoxdur, çünki onlar həmin məfhumları düzgün ifadə edir.
Azərbaycan xalqının məişəti, həyat tərzi ilə əlaqədar aradan çıxmış əşyaların adları: sacayağı, sini, qazma, daqqa, natava vəs. Çar üsulu- idarəsi ilə əlaqədar bir sıra idarə, rütbə, vəzifə adları (qəza, nahiyyə, pristav, qubernator, vəs), sovet quruluşunun ilk illərində yaranmış təşkilat adları( narkom, torqsin, rabfak), yarış adları( staxanovçu, çelyuskinçilər vəs) tarixizmlərə aiddir.
Dilimizin passiv fondunda olan tarixizmləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1) Vəzifə adları: darğa, onbaşı, kəntxuda, molla, yüzbaşı və s.
2) Silah adları: qalxan, şeşpər, aynalı, dəbilqə, nizə, ox, topuz və s.
3) Ölçü adları: misqal, tağar, batman, girvənkə və s.
4) Geyim adları: çuxa, əba, arxalıq, qurşaq, çarıq və s.
5) Alət adları: cüt, xış, şana, vəl, sini, məcməyi və s.
6) Ticarət adları: sövdəgər, baqqal, əllaf, sələmçi və s.
7) Dini məfhumların adları: cadu, falçı, şeyx, zəkat, dərviş vəs.
8) Müəssisə adları: mədrəsə, mollaxana, seminariya, və s.
9) Silk adları: xan, bəy, mülkədar, nökər, qaravaş vəs.
Dostları ilə paylaş: |