Dünənki söhbəti, akademikin monoloqu hesab etmək olardı. Sinirləri pozulmuş köməksiz xəstə, həkımin qəbulunda öz-özü ilə danışıb, sonra da ümidsiz halda klinikanı tərk etmişdi.
Akademikin şəxsiyyət vərəqəsinin göstəricilərləri klinikanın qəbul şöbəsində olmamış olmazdı. Bunsuz, akademikə xəstəlik vərəqəsi açmazdılar. – professor fikirləşdi və bu fikirdən ürəyinin ağrısı elə bil bir qədər azaldı.
* * *
Akademikin şəxsiyyət vərəqəsinin göstəriciləri və ünvanı qeydiyyat kitabçasında, uzun bir siyahının ortasında, cürbəcür ad-famıliyaların arasında səliqəli xətlə yazılmışdı…
Professor bu rəqəmləri balaca kağıza köçürüb cibinə qoydu, otağına qalxıb paltosunu soyunmadan, arayış telefonuna zəng vurdu, akademikin ünvanını deyib, nömrəsini həmin kağıza, akademikin familiyasının altından yazdı və həmin dəqiqə də nömrələri yığdı.
Telefona, uzun-uzadı çağırış zənglərindən sonra cavan oğlan səsi cavab verdi:
– Bəli…
– Alo, salam. Sabahınız xeyir… – professorun dili dolaşdı – Mənə akademik Siracov lazımdı.
Telefonun o başında bir müddət susdular, sonra sakit səslə:
– Kimdi soruşan?.. – dedilər.
– Bu, həkimdi… onun həkimi. Professor Veyisov. Dünən o, bura gəlmişdi, mənim yanıma…
– Bəli.
– Mən onun özüylə danışmalıym. Mümkünsə, təcili. – professor boğazını arıtlayıb mümkün qədər nəzakətlə dedi.
Telefonun o başında yenə susmuşdular.
– Alo?!.. – professor bir də dedi – Əgər o, evdə yoxdusa, onda iş nömrəsini verin, xahiş edirəm.
– Bilirsiz… – oğlanın səsi elə bil ağırlaşdı – o, bu gecə vəfat edib.
– Vəfat edib?.. Akademik Siracov vəfat edib?.. - professor dedi və sualının yersiz olduğunu həmin dəqiqə də başa düşdü və gözləri qarala-qarala, dünənki yuxusunu – qaranlıq, sıx ağaclığın dərinliyində, görünməz kiminləsə əlbəyaxa süpürləşən akademikin xırıltılı səsini xatırladı…
– Cənazə bu gün saat beşdə, Elmlər Akademiyasının bınasından götürüləcək. – oğlan bu dəfə rəsmi dedi.
Professor nə deyəcəyini unudub, udquna-udquna, ağzının içində nə isə mızıldadısa da, telefonun o başında bir qədər susduqdan sonra dəstəyi asdılar…
…Bir müddət gözü, qara telefon aparatının, ağ gözlər kimi dövrələnmiş nömrələrinə zillənə-zillənə oturub qaldı... onsuz da dumanlı beynində hər şey bir-birinə qarışdı…
Bu, necə ola bilərdi axı?..
Dəstəyi qaldırıb, cibindən çıxardığı burun yaylığını üz-gözünün tərinə hopdura-hopdura, bayaqkı nömrəni bir də yığdı. Bu dəfə dəstəyi ikinci zəngdə qaldırdılar. Danışan, yaşlı qadın səsi idi.
– Bu, yenə mənəm… – professor astadan dedisə də, telefonun o biri başından səs gəlmədi. – Mən… üzr istəyirəm… Bu, akademik Siracovun evidi?.. Fəlsəfə elmləri doktoru, akademik Siracovun mənzilidi?..
– Bəli. – qadın səsi hüznlə dedi.
– Bayaq bu nömrədən mənə… bir kədərli xəbər dedilər. Bilmək istəyirdim ki…
– Bəli, cənazə bu gün, saat beşdə, Elmlər Akademiyasının binasından götürüləcək.
– Sağ olun… - professor dedisə də, sonra nəyisə xatırlayıb – Üzr istəyirəm… Bu, danışan - professor Veyisovdu. O, dünən mənim yanıma gəlmişdi… - boğazına tıxanan nəfəsini buraxdı.
Qadın səsi, güclə seziləcək ehtiramla:
– Veyisov?!..
– Mən - həkiməm. Psixiator Veyisov.
– A-ah… – səs endi – professor Veyısov. Onun son ümidi… Neçə vaxt idi o, yalnız sizin varlığınızla təskinlik tapırdı... Sizə deməmiş olmazdı, yuxularından əziyyət çəkirdi, yazıq. Yanınıza da buna görə getdi. Ümidi, bircə sızə idi…
– Mən… – professor hiss elədi ki, qızarıb tərləyir. – axı mən…
– …Sizdən sonra onun ümidi tamam qırıldı... Axır ki, apardılar onu… - qadının axırıncı sözləri telefon xəttinin xırıltısına qarışıb anlaşılmaz oldu…
– «Apardılar» deyirsiz?.. – professorun içi titrədi...
– …Dediyi kimi də oldu… yuxuda keçindi. – qadın, onu eşitmirmiş kimi, ahəstə-ahəstə sözünün ardını gətirdi. – Saat üçlə dörd radələrində...
– Yuxuda?..
– …Axır ki, bu yuxular axırına çıxdı oun. Özü də həmişə deyirdi. Bunu deyirdi… «Bu – mənim axırımdı.» - deyirdi… - qadın sonra yenə nə isə dedi, professor eşitmədi… Professorun beyni ağappaq, sopsoyuq dumanın içindəydi…
Akademik bu gecə, saat üçlə dörd arası, yuxuda ölmüşdü. Akademikin bu xəbis ölüm aktı, həmin radələrdə, necəsə, həm də onun yuxusunda baş vermişdi... Bu, necə ola bilərdi?..
Professor hiss elədi ki, bədəni tədricən soyuyur.
– Elə deyirdi, yanımda yat, qorxuram. Onu, yuxuları o günə salmışdı. Son aylar ki, tamam üzüb əldən salmışdı… Xırıltısına ayıldım... Yuxuda da sizi çağırırdı yazıq. «Kömək edin, professor…» - deyə-deyə çabalayırdı, «nəfəsim çatmır…» deyirdi... – bu yerdə qadının boğazını qəhər tutdu – Elə bil kiminləsə əlbəyaxa əlləşirdi... Çiynindən tutub nə qədər silkələdim ki, oyadam, oyanmadı ki, oyanmadı... Elə əlləşə-əlləşə də getdi…
Professor hiss elədi ki, daha danışmaq istəmir. Danışmağa heyi yoxdu. Bir də, qadın kövrəldikcə, səsi əsəblərinə toxunurdu. Odu ki, söhbəti yekunlaşdırıb dəstəyi asdı.
Əl-üzyuyanın qarşısına keçib, orda, bir neçə dəqiqə soyuq suyla əl-üzünü yudu və əl-üzyuyanın üstündən asılmış balaca, dördkünc güzgüdən üzünə baxdı... Rəngi avazımış, gözlərinin altı, neçə gecənin yuxusuzluğundan tuluqlanmışdı…
Siyirtməni çəkib qəlyanını çıxartdı, tənbəkisini doldurub tüstülədə-tüstülədə, dönə-dönə, bayaqkı qəfil xəbəri, gecəki yuxusunu, akademikin arvadının dediklərini bir-birinin ardınca sıraya düzüb, bütün bu ağlasığmazlığın səbəb və məntiqini müəyyənləşdirməyə çalışdısa da...
Akademiki onun yuxusunda öldürmüşdülər… Dəqiq olanı, hələ ki, bu idi. Digər müəmma - onun, hansı möcüzəyləsə, akademikin yuxusuna düşməsiydi.
İndi bütün bu anlaşılmaz qarışıqlığa, necəsə aydınlıq gətirmək lazım idi. Bu gecəki yuxunun hardan başladığını yadına salmaq, kimin nə vaxt, hardan hara düşdüyünü dəqiqləşdirmək lazım idi… Bu gecəki yuxusunda o, öz gündəlik marşrutu ilə – 12 nömrəli tramvayla gedib öz küçələrində düşmüşdü… - professor fikirləşib duruxdu və bu gecəki yuxuda evə, tramvayla yox, marşrut taksisində yollanmağını xatırladı… Sonra həyətlərinə girib özünü ağaclığa salmağını və akademikin səsini eşitdiyi məqamları xatırladı… Evə marşrut taksisiylə yollanmağını çıxmaq şərtiylə, bu gecəki yuxusu, o birilərin davamı idi. Sonra professorun, qəfildən beynindən ötən fikirdən, oturduğu yerdə gözləri qaraldı…
Bu gecə onun yuxusunda baş verənlər, elə o birilər də, olsun ki, akademikin dediyi kimi, yuxu deyildi... Və əgər eləydisə, onda ora hara idi ki, şəhərin o biri başındakı mənzilində, öz yorğan-döşəyində yatdığı yerdə dünyasını dəyişmiş akademikin, onların həyətində, onun beşcə addımlığında qətlə yetirilməsini o, hansı məntiqlə, hansı məkan, yaxud zaman ölçüləriylə hesablamalıydı?.. Ya bəlkə… – professor şlyapasını çıxarıb stolun üstünə qoydu – …bəlkə hər şey çox sadə idi?.. Akademik də, o da – ahıllıq psixozu keçırən ruhi xəstələr idi?..
Professorun gözlərinin qabağına, akademikin solğun üzü, xəstəhal gözləri gəldi...
Yox, akademik xəstə deyildi. Sadəcə, nə isə baş verirdi... və onlar hər ikisi, həmin o Baş Verənin bədbəxt iştirakçıları, bəlkə də qurbanlarıydılar. Belə olmasaydı, bu gecə həyətin qaranlıq ağaclığında ağlaya-ağlaya, onu köməyə çağıran akademikin dediyi son sözləri, akademikin, şəhərin mərkəzində yerləşən evində, böyründə yatan arvadı eşidə bilməzdi. Yox-yox, hər şey ağlasığmaz dərəcədə qəliz idi… – professor fikirləşdi. - Demək belə, tələsik nəticə çıxarmaq, təşfişə düşmək lazım deyil. – professor fikirlərini sahmanlamağa çalışdı... – Hər şeyi soyuq ağılla, səbrlə düşünüb daşınmaq, bu düyünlü tələnin açarını, nəyin bahasına olursa olsun, tapmaq lazımdı.
Birinci ehtimal budu ki, akademik xəstə deyildi və dünən bu otaqda onunla üzbəüz otura-otura, dərdini anlayacaq yeganə həmfikir kimi ona danışdığı bütün o sayıqlamaları, indi belə məlum olurdu ki, həqiqətdi. Akademik, həqıqətən tələyə keçmişdi. Akademiki, həmin o ölüm tələsinə, özü dediyi kimi, elmi işində toxunduğu «bəzi qadağa mətləblərə» görə salmışdılar. Və burdan belə məlum olurdu ki, son günlər gördüyü öldürücü yuxu silsilələri, onun da, belə bir tələyə keçmək ərəfəsində olduğundan xəbər verirdi. Akademiki, neçə aydan bəri yuxularında güdə-güdə, axır ki, canını alan həmin o Naməlum Kəs, indi belə məlum olurdu ki, niyəsə həm də onu güdürdü. Bu gecə isə, bu Ölüm elçisi, akademikin son yuxularında olduğu kimi, onun da mənzilinin ağzına çatmışdı və zindan ağırlığında soyuq əlini onun çiyninə qoymuşdu... Bu, o demək idi ki, onun da vaxtına az qalırdı…
Bu fikirdən, ya bayaq üzünü yuduğu suyun soyuqluğundan, professorun saçlarının dibi gizildədi... Ani bir məqam qapını açıb dəhlizə atılmaq, səsi gəldikcə bağırıb adamları başına yığmaq, onların arasında gizlənmək istədi… və həmin dəqiqə də, gözləri qarala-qarala, başına yığışacaq insan dəstələrinin, onu qucaqlarına alıb qabırğalarının altına soxsalar belə, Bozgödəkçəlinin əlindən qurtula bilməyəcəyini anladı... O səbəbdən ki, yuxuda heç kimin, heç kimi qorumaq gücü yox idi... Bu fikirdən, professora elə gəldi ki, otağın tavanı bir pillə aşağı endi, ya işıq azaldı?.. Başını əlləri arasına alıb sıxdı...
Günahı nə idi axı?.. O ki, akademik kimi, elmi iş yazıb qadağalı mətləblərə toxunmamışdı?.. Sonra əllərini qoltuğuna vurub gözləri yol çəkə-çəkə, son illər olub keçənləri - dediyi bütün sözləri və hərəkətləri, getdiyi yerləri və görüşdüyü adamları yadına salmağa çalışdısa da, qarısının ölümündən sonrakı son üç ili, xəstələrindən və kolleksiyasını topladığı cücü qurularından savayı heç nəyi xatrlamadı… Bəlkə günahı o idi ki, öz xəstəhal yuxu aludəliyiylə o da, necəsə, hansısa qadağa sərhədləri pozmuşdu, yuxuda nəyinsə, haranınsa səddini aşıb, özü də bilmədən, akademiki təqib edən həmin o Bozgödəkçəlinin izinə düşmüşdü?.. Yaddaşını cilovlayıb həmin gecə, Bozgödəkçəlinin izinə hardan, necə düşdüyünü, bütün yuxunu onu, qorxudan az qala bağrı yarıla-yarıla, addımbaaddım izləməyinin səbəbini yadına salmağa çalışdısa da, hansısa dəhşət filmlərinin kadrlarını andıran təqibin özündən savayı, yadına heç nə düşmədi…
…Qapı astaca tıqqıldadı və aralandı. Qapının o üzündən ədəbli səs:
- Olar? – dedi və içəri, orta yaşlı, səliqəli geyimli, yaraşıqlı bir adam daxil oldu. İçəri keçib əllərini, imtahana gələn tələbə təvazökarlığıyla arxasında çarpazladı və professorun stoluyla üzbəüzdəki stula əyləşmək üçün təklif gözlədi.
Professor fikirdən ayılıb cib saatına baxdı... On birin yarısı idi.
– Buyurun, əyləşin. – professor xəstəyə yer gösiərdi, özü isə, vahimədən keyi hələ də açılmayan qolları bir-birinə dolaşa-dolaşa plaşını soyunub kreslosunun kürəkliyinə saldı, sonra stolun üstünə səpələnmiş kağız-kuğuzu sahmana sala-sala fikirləşdi ki, hansı ağılla xəstə qəbul eləyir?!..
Xəstə, professorun təklif elədiyi stula əyləşib ayağını ayağının üstünə aşırdı, əllərini dizi üstündə çarpazlayıb professora edə baxdı, elə bil bura, öz istəyiylə yox, professorun dəvətiylə gəlmişdi.
– Müayinə vərəqəniz var?.. – professor candərdi soruşub kağızları, necə gəldi, üst-üstə yığdı.
- Bəli, bəli, gərək ki, burda, sizdə olmalıdı. Mən dünən də gəlmişdim. Sizi tapa bilmədim, çıxıb getdim.
- Familiyanız necədi?
- Qurbanov.
– Qurbanov… - professor ağzının içində deyə-deyə, «Qurbanov» familiyasını qarşısındakı xəstəlik vərəqələrində axtardısa da, tapmadı. Siyirtmədən tənbəki qutusunu çıxarıb stola qoydu və xəstəyə - Buyurun, danışın. Nə kimi şikayətləriniz var?.. – deyib dəmir sancaqla qəlyanının içini təmizləməklə məşğul oldu.
– Məncə əsəb pozğunluğu.
– Sizcə?..
– Həyat yoldaşım da deyir. - xəstə deyib elə bil qızardı – Dostlarım, tanış-biliş də deyir. Son vaxtlar özüm də hiss eləyirəm. Bura da məni, düzünü desəm, elə arvadım göndərdi.
- Onlar nə deyir, özünüz nə hiss edirsiniz?.. – professor qəlyanı təmizləməkdən yorulub stolun üstünə qoydu, özü isə kreslonun söykənəcəyinə söykəndi.
– Arvadım deyir, axır vaxtlar vasvası olmuşam, hər şeydən əsəbiləşirəm, acıdillik eləyirəm… – xəstə deyib susdu, dovşan gözlərini andıran dəyirmi gözlərlə professora baxdı.
– Danışın, danışın… – professor deyib qəlyanını tütünlə doldura-doldura müsahibinə baxdı.
– Özümsə hiss eləyirəm ki, son vaxtlar məndə təkliyə qəribə bir meyl yaranıb. Yavaş-yavaş, özüm də bilmədən, tanışlardan, son vaxtlar, ən yaxşı dostlarımdan da qaçmağa başlamışam. İşdə qapını arxadan açarlayıram ki, içəri girən olmasın. Başa düşürəm, belə olmaz, bu, pisdi… amma…
– Adamlardan qaçmağınızın səbəbi özünüzə aydındı?..
Xəstə çiyinlərini çəkib susdu, bir qədər düşünüb:
– Adamlardan əsəbiləşirəm. – dedi.
– Səbəbi?..
– Səbəbi?.. Bunu dəqiq deyə bilmərəm. Məncə odu ki, mənimki onlarla tutmur.
– Bəs dostlarınız? Onlarla da tutmur?
Xəstə başını yellədi:
– Onlar mənə maraqsız görünürlər. Elə arvadım da deyir. Elə ona görə də məni bura göndərdi.
Xəstənin danışığı professoru birdən-birə darıxdırdı, qəlyanının tütününü külqabıya çırpıb:
– Yaxşı, tək qalanda, nə edirsiz, nə ilə məşğul olursuz? – dedi.
– Əsasən kitab oxuyuram, dini kitablar.
– Belə de… Peşəniz nədi?
– Əlyazmalar İnstitutunda işləyirəm. Özüm dilçiyəm, amma tərcüməylə də məşğul oluram. Bu dəqiqə əlimdə qədim Misir rəmmallarının «Yuxu məkanı» adlı maraqlı əlyazmasını tərcümə edirəm. Düzünü deyim, əsəblərim, ən çox da elə o əlyazmaan sonra pozuldu.
«Yuxu» sözündən professorun ürəyi düşdü.
– Deyirsiz əsəbləriniz bundan pozulub? İzah edə bilərsiz niyə?..
– Niyə?.. – xəstə elə bil bu sualdan çaşdı. – Onu deyə bilmərəm...
– Siz o əlyazmanı əvvəldən axıra qədər oxumusunuz?..
– Bəli, oxumuşam. Əlyazma elə də böyük deyil, təxmınən iki yüz səhifə olar. Arada bəzi səhifələri itib, bəzilərində mətn pozulub.
– Maraqlıdı… – professor həyəcandan təngiyən nəfəsini nizama sala-sala, bayaqkı təmkinlə – Düzü, mən özüm də qədim əlyazmalar həvəskarıyam. Babat kitabxanam var. Amma yuxular barədə məndə olanlar, sırf tibbi ədəbiyyatlardı.
– Yox, professor, dilimdə «Misir» deyirəm. Qədim, əfsanəvi Misir… – bu sözdən nədənsə xəstənin gözlərindən sərxoş bir ifadə axıb keçdi, yanaqları qızardı... Ya bu, professora elə gəldi?.. – …Bu, əlyazmanın əsli deyil, surətidi. – xəstə həvəslə sözünə davam elədi. - Bunun əsli ələ düşməz. Təsəvvür edin, bu əlyazmanın tarixi bilinmir. Orda yuxular – insanın fizioloji halı kimi yox, onu, sağ ikən o biri dünyalarla bağlayan körpü kimi təqdim edilir…
Professor, xəstəni dinləyə-dinləyə fikirləşdi ki, gözündə zərrə qədər xəstəlik əlaməti olmayan bu gümrah adamın təşrifinin də, olsun ki, onun yuxuları kimi, hansısa mistik məqsədi var və bu fikirdən qəribə bir titrətməylə üşütdü, kreslonun söykənəcəyinə aldığı paltosunu çiyninə salıb özünə bürüyə-bürüyə fikirləşdi ki, hər şey bir yana qalsın, o, ilk növbədə həkimdi və qarşısında oturan adamın, onun köməyinə ehtiyaclı olduğunu unutmamalıdı. O, yalnız onu dinləməli, öz vəziyyətini, xəstəhal yuxularını, müvəqqəti də olsa, bir kənara qoymalıdı.
– Maraqlıdı. – professor sönmüş qəlyanını yenidən yandırıb xəstənin üzünə baxdı.
– Çox maraqlıdı. – xəstə, getdicə elə bil bir az da həvəslənirdi… – Orda yuxu – insan ruhunun, bədəni tərk edib, hansısa görünməz aləmlərlə əlaqəyə girmə məqamı kimi təsvir edilir. Bu aləmlərin, daha doğrusu, bu məkanların mövcudluğu orda elmi dəlillərlə sübuta yetirilir. O dəlillərə görə, yuxu, bu dünyayla o dünya arasında asılan görünməz, şəffaf laydır…
…Bu gecəki yuxusu, yarıqaranlıq ağaclıq, akademikin köməksiz səsi hardansa lap yaxından - professorun arxa tərəfindən ötüb keçdi… Əgər bu xəstə tərcüməçinin sözündə həqiqət var idisə, demək, professor həmin o Yerə akademiklə bir düşmüşdü...
– …odu ki, adəm əhlinə qadağan edilir.
– …Üzr istəyirəm, fikrim yayındı. Deyirsiz, nə qadağan edilir?..
– Yuxuları yadda saxlamaq. Orda deyilir ki, insan yuxusunu yadında saxlasa, istər-istəməz o adamın bir ayağı bu dünyadan üzülməyə başlayır. Odu ki, siz, bir fikir verin, görün, hansı birimiz, gecənin neçə saatı ərzində gördüyü yuxusunu yadında saxlaya bilir?.. Orda elə belə də yazılır: «Yuxu ərazisinə aludə olanlarn burda, yəni Yer üzündə yaşamaq limiti başa çatır...»
– Nə mənada?..
– O mənada ki, insan daim ora – yalnız yuxuda düşə bildiyi həmin o məkana can atır... İndi görün bu, necə bir yerdi ki, insanın əlini dünyadan üzür. – bu yerdə xəstə bir anlıq susub xəyala daldı, sonra gözləri yol çəkə-çəkə, qəribə, sirli ecazla – Mən bunu başa düşürəm… - dedi – Olsun ki, burda axtardığımız azadlıq – yalnız ordadı. Axı orda biz, hər şey bir yana qalsın, bədənsiz oluruq?!..
– Nə mənada?.. – professor elə bil diksindi.
- O mənada ki, yuxuya aludə olan – axı bizim bədənimiz deyil… - xəstə deyib yenə fikrə getdi. Elə bil daha nə isə deyəcəyini yadına salmağa çalışdı...
Professorsa, yenə dünən, həmin bu kabinetdə, xəstənin oturduğu stulda oturub, ona dərdini danışan bədbəxt akademiki… otaqdan çıxhaçıxda, qapının ağzında ayaq saxlayıb ümidsizlik içində ona zillədiyi xırda gözlərini xatırladı…
Xəstəyə nə deməli olduğunu bilmirdi… Bircə onu anlıyırdı ki, hər şey durulub açılmaq əvəzinə, getdikcə, düyünlənib qəlizləşməyə doğru gedirdi...
– …orda bu barədə dəqiq bir şey yazılmır… – xəstə hələ də bayaqkı həvəslə danışırdı – Bu, mənim qənaətimdi. Məncə, orda, burdakı həyat çərçivələrinin və qanunların darısqallığı yoxdu… - xəstə bunu deyib fikrə getdi, sonra yadına yenə nə isə düşdü – Hə, yadıma düşdü, Orda bir də yazılır ki, o Məkaının, yuxu məkanının yəni, təhlükəli əraziləri də var və oralara da düşənlər olur. Bax ən dəhşətlisi də budu...
Xəstənin bu sözündən, pofessorun ürəyi düşdü:
- Nə dəhşətdi?..
- Həmin o ərazilərin ixtiyarına keçmək. Ordan xilas yoxdu. Bəli, bəli. – xəstə artıq müəllim kimi danışırdı... – Orda o ərazilər barədə yazılanları oxuyanda, anlayırsan ki, bu, təxminən Cəhənnəmin özüdü… Ya da ən azı, Oranın astanasıdı. Orda bir fəsil ancaq bu barədədi. Əlyazmanın ən sehrli yeri də budu. Orda deyilir ki… - bu yerdə xəstə, nəyə görəsə səsini azaltdı – həmin o ərazilərin ixtiyarına keçmək – İblisin nəzarəti altına – Zonaya düşməkdi…
Xəstə bu sözləri qəribə ehtiyatla, elə bil, otaqda onların ikisindən savayı olan kiminsə eşidəcəyindən çəkinə-çəkinə, astadan dedi. Yoxsa bu, professora elə gəldi?!..
- Yuxuya aludəlik, yəni yuxuya meyl, bu dünyadan küsmək kimi bir şeydi. – xəstə deyib, özünü stulun söykənəcəyinə saldı - Bu cür yuxu aludəliyi Orda, Allahı qəzəbləndirən intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq, Allahın yaratdığı bu işıqlı dünyadan, yəni Allahın özündən üz çevirməkdi.
– Maraqlıdı. – professor süni laqeydliklə dedi və hiss elədi ki, başı gicəllənir…
– Orda yazılıb ki, həmin o ərazilərə əsasən, bağışlanmaz günah sahibləri düşür. Daha doğrusu, onları oralara necəsə çəkib aparırlar.
…Akademik öz günahını bilirdi… - professor, xətənin sonrakı sözlərini dinləsə də anlamırdı... - Onun günahı nə idi?..
– …bunlar xırda şeylərdi… – xəstə susmaq bilmirdi, elə danışırdı, elə bil neçə vaxtdan bəri həsrətlə bu əlyazma haqqında ona mühazirə deməyə hazırlaşmışdı. – Orda o da yazılıb ki, Allahı ən çox qəzəbləndirən - onun adına, yaratdığına, dərgahına toxunmaqdı…
Professor fikirləşdi ki, akademikin həmin o elmi işini, mütləq, nəyin bahasına olursa olsun, günü elə bu gün, əldə etməlidi. Bu qarmaqarışıq, kilkəli tilsimdən çıxmağın yolunu ona, olsun ki, həmin o «qadağalı yazılar» göstərəcəkdi.
– …Ordan geriyə yol yoxdu. – xəstə deyib, qəribə bir hüznlə professora baxdı.
– Ordan, yəni…
– Həmin o məkandan. Orda elə-belə də yazılıb.
Professor fikirləşdi ki, qəribədi ki, bayaqdan bəri bu gümrah üzlü xəstənin, onun beynindən keçənləri həmin dəqiqə oxuması, ürəyində bitən ani suallara o andaca cavab verməsi, onun diqqətini cəlb eləməyib. Sonra nə oldusa, xəstəlik vərəqəsi də, necəsə, tapılmayan bu cavan adamın üzü professora tanış gəldi… Oğlanın nazik burnu, qövsvari qaşları, qulaqlarının iti ucları – onu balaca, fitnəkar şeytana oxşatmağa başladı… və professor, ürəyi sıxıla-sıxıla, yalnız indi fikirləşdi ki, niyə bayaqdan bəri, otağına təşrif buyuran bu adamın, gələndən, ancaq yuxulardan danışmağı da, onun diqqətini cəlb etməyib?.. Bəlkə bu adam bura, elə bundan ötrü gəlib?.. Ya bəlkə onu bura göndəriblər?!.. – professor ürəyi sıxıla-sıxıla fikirləşdi… - Göndəriblər ki, neçə vaxtdan bəri başını sındıra-sındıra açmaq istədiyi yuxu düyününü ona açsınlar, hansı əməlinə görə ölüm hökmünə məhkum olunduğunu izah etsinlər…
– Belə-belə işlər. – xəstə deyib harasa döşəməyə baxdı.
Professorun nə isə deməyə heyi qalmamışdı…
Hamısı yorğunluqdu… beyin və əsəb yorğunluğu… bir də son həftələr, az qala ovuc-ovuc içdiyi yuxu dərmanlarının təsiri… – professor beyni dumanlana-dumanlana fikirləşdi, eynəyini çıxarıb üz-gözünü ovuşdurdu. - Bu, son idi. Hər şey – hadısələr, yuxular və əlyazmalar bir şey deyirdi: o, – Astanadadı.
– Maraqlanırsızsa, mən o yazının üzünü çıxarıb, sizə gətirə də bilərəm. – xəstə dedı.
Professor nə isə demək istədisə də, dilini tərpədə bilmədi… sonra gözlərini bir neçə dəfə yumub-açdısa da, başgicəllənməsi səngimədi...
– Deyəsən özünüzü pis hiss edirsiz, professor. – xəstə deyib elə bil ayağa qalxmaq istədi... Sonra ayağa qalxdı da… stolun üstündəki qrafindən su da töküb içdi… yoxsa, stəkanı professora uzatdı?..
Olsun ki, qan təzyiqi qalxıb. – professor, xəstənin ona uzatdığı suyla dolu stəkana baxa-baxa, gözləri qarala-qarala fıkirləşdi və əlini stəkana uzatdısa da, onu heç cür xəstənin əlindən ala bilmədi… və gözü, stəkanın, xırda titrəyişlərlə çalxalanan suyuna zillənib qaldı… Sonra nə oldusa, professor oturduğu yerdə, elə bil harasa arxaya getdi… orda nəyəsə söykənib, ya arxası üstə yıxılıb otaq başına hərlənə-hərlənə qaldı… və getdikcə işığı azalan bulanıq gözləriylə, xəstənin, qəribə, qorxaq addımlarla ona yaxınlaşdığını, üstünə əyilib sivri burnuyla, qırmızı gözləriylə üzünə yaxından baxdığını gördü və bundan zəif-zəif titrətdi… sonra qəfildən gözü, xəstənin ayağındakı sumağı ayaqqabılara sataşdı… ayaqqabılar bir-birini növbələyə-növbələyə, ehmal-ehmal döşəməyə basıla-basıla qapıya sarı getdi… və orda qaranlıq dumanabənzər nəyinsə içində yoxa çıxdı…
…Bir qədər sonra professor, sallaqxanı andıran, yarıqaranlıq bir yerdən birbaşıaşağı asılmışdı… Bədəninin qanı, uzun müddət başıaşağı asıldığından, təpəsinin ortasına yığılmışdı… indi orda, nəbziylə bir, aramla lükküldəyirdi... Sonra elə bil təpəsinin hansısa damarı lükkültüyə davam gətirməyib çatladı… və qanı, ağır damcılarla harasa aşağı – sonu, axırı görünməyən dibsiz dərinliklərə damcılaya-damcılaya çaaqıldamağa başladı… Damcıların səsi hardansa lap uzaqdan, elə bil Yerin o üzündən eşidildi… Sonra hava elə bil soyudu və professor, eləcə başıaşağı asıldığı yerdə pis-pis üşütdü… çənəsi əsəbi titrəyişlə əsib dişlərıni bir-birinə vurdu... Sonra hardansa sürünüb soyuq, sürüşkən bədənləriylə biləklərinə, topuqlarına sarılan ilanabənzər əcaib məxluqlar kor üzlərni professorun bıləklərinə dirəyib qanını sümürməyə başladılar… Tərpənməyə, qışqırmağa heyi yox idi… Tərpəndikcə, təpəsindən süzülən qanın axını güclənirdi, biləyindəki kor ilanların dişsiz ağızları bir az da dərinə yeriyirdi… Bütün bu müdhişlikdən xilas olmaqdan ötrü, gözlərini yumub özünü yuxuya verməyə çalışdı... Qan itkisinin - ölümün ən asan və ağrısız yolu olduğunu professor yaxşı bilirdi... Sonra nə oldusa, asıldığı yerdəcə onu silkələməyə başladılar… Canı sızıldadı… kimsə ağır əlini çiyninə dirəyib onu kobud-kobud tərpətdi, sonra üzünə üzünə su çilədi…
…Gözlərini açdı…
…Klinikanın bir neçə həkimi, tibb bacıları, ətrafına yığışmışdılar. Qolları, yalın topuqları, kardioqram cihazının sulu əmzikləriylə dolu idi... Bayaqkı xəstə də burda idi, ağarmış bəniziylə həkimlərin arasından, ona baxırdı… qulaqları artıq bayaqkı kimi ucuiti deyildi...
– Özünə gəldi. – kimsə başının üstündə dedi, sonra üstünə əyilib üzünə lap yaxından baxa-baxa:
– İndi necəsiz, professor?.. – dedi.
Baş həkim də burdaydı, qapının ağzında dayanıb qəhərli səsiylə astadan kiməsə:
– Hamımızın axırı budu. – deyirdi…
Gözlərinin qabağı yenə bulanıq idi… Başı daha hərlənmirdi. Həkimlər köməkləşib deyəsən onu xərəyə keçirmək istədilər.
– Lazım deyil… – professor dilini ağzının içində zorla tərpəcə-tərpədə dedi.
– Bəlkə sizi evə aparaq, professor?.. – bayaqkı xəstə günahkar üzüylə hələ də ona baxırdı. – Sizi mən yordum.
Dostları ilə paylaş: |