Bir müddət ölkənin paytaxtının müəyyən edilməsi üstündə şimal və cənub ştatları arasında gərgin mübahisələr baş vermişdir. Mövcud gərginliyi aradan qaldırmaq üçün konqres yeni paytaxt tikilənə qədər 1790-cı ildə 10 il müddətinə paytaxt olmaq üçün namizəd olan şəhərlər içərisində üstünlüyü Filadelfıyaya vermək haqda qərar qəbul etmişdir. Yeni paytaxtın yerinin seçilməsi isə ölkənin ilk prezidenti Corc Vaşinqtona həvalə edilmişdir. 1792-ci ildə Prezidentin iqamətgahı olan Ağ evin, 1793-cü ildə isə Prezident Vaşinqton tərəfindən konqresin iqamətgahı sayılan Kapitoliyanın bünövrəsinin ilk daşı qoyulmuşdur. Ağ ev 1829-cu ildə, Kapitoliya isə 1865-ci ildə tikilib istifadəyə verilmişdir. Lakin 1800-cü ildə Konqress və Prezident Filadelfiyadan yeni paytaxta - Vaşinqtona köçürülmüşdür. Bu, ölkənin 2-ci prezidenti olan Çon Adamsın dövründə baş vermişdir. Çünki 1799-cu ildə Corc Vaşinqton artıq dünyasını dəyişmişdir. ABŞ-ın dünyanın super dövləti olmasının başlıca səbəblərindən biri onun əlverişli coğrafı mövqeyinin varlığı, çox rəngarəng təbii şəraitinin olması, sənaye əhəmiyyəti kəsb edən zəngin yeraltı və yerüstü təbii sərvətlərinin və digər şərtlərin mövcudluğudur. Onu təbii şəraitinin mürəkkəbliyinə görə ancaq Rusiya ilə müqayisə etmək olar. Meridional istiqamətində uzanan relyef formalarından ən hündür zirvəsi Mak-Kinli (6193 m) olan Kordilyer dağları, orta yüksəkliyə malik olan Appalaç dağlıq sahəsi, mərkəzdə yerləşən Böyük və Mərkəzi düzənliklər, sahil zonalarında yerləşən Sakit okean sahili və Atlantik okeanı sahili, Meksika körfəzi sahili düzənliklər, habelə dağarası çökəkliklər, dərələr, səhralar ərazi relyefini daha da mürəkkəbləşdirir. Siyasi-coğrafi mövqeyi xarakterizə edən amillər yenə də dövlətin yerləşməsi, əhatələndiyi ölkələr, bir sözlə dünya siyasi sistemində mövqeyidir. ABŞ-ın okeanın o tayında yerləşməsi onu uzun sürən dağıdıcı müharibələr gedən Avropa və Asiyadan təcrid etmişdir. ABŞ – Asiyada Koreya, Vyetnam, daha sonra Yaxın və Orta Şərqdə demək olar ki, müharibələrdə iştirak etsə də onun ərazisi döyüş zonasından uzaqda qalmışdır. İqtisadiyyat sahəsində olduğu kimi siyasətdə də ilk liderlik Qərb yarımkürəsində baş verdi (Latın Amerikası və Kanada üzərində). Böyük Britaniya ABŞ-ın müttəfiqi olduğundan, Kanada da “Birliyə” daxil olduğundan Kanada-ABŞ siyasi münasibətləri “mehriban qonşuluq” adı altında ikincinin üstünlüyü şəraitində hökm sürür. ABŞ-ın siyasətdə hegemonluğu Latın Amerikası ölkələrində özünü daha aydın biruzə verir. Lakin son vaxtlar (2000-ci ildən sonra) Latın Amerikası ölkələri siyasi-iqtisadi azadlığa can atırlar. ABŞ-ın siyasi liderliyini Avropa da qəbul edir. Avropada Fransa siyasi cəhətdən “meydana” can atır. 1949-cu ildə Avropa Şurası, 1957-ci ildə Avropa İttifaqı, 1975-ci ildə ATƏT-in yaradılması Avropanın siyasi cəhətdən möhkəmlənməsinə xidmət etmişdir. Həmçinin ABŞ-a qarşı yönəldilmiş daha bir siyasi addım “Avro”nun dövriyyəyə buraxılmasıdır. ABŞ dollarının nüfuzunu zəiflətmək məqsədilə Avropada “Avro” dövriyyəyə buraxılır, həmçinin qısa müddət ərzində Dolların səviyyəsi Avroya nəzərən enir. Lakin bir faktı qeyd edək ki, Avro Avropada, əsasən MDB məkanında və Yaxın Şərqdə işlədiyi halda, dollar bütün dünyada dövriyyədədir. ABŞ-la siyasi-hərbi cəhətdən rəqabət apara biləcək ölkə Rusiya Federasiyasıdır. Bu iki dövlət diplomatik, yəni “görüntüdə” dost olsalar da, dünyanın siyasi baxımından “hegemonu” uğrunda mübarizə aparırlar. ABŞ müsəlman dünyasına qarşı siyasət yürüdəndə rusların müsəlmanları müdafiə etməsi öz mənafeyindən irəli gəlir. ABŞ dünyanın müxtəlif regionlarında baş verən hadisələri qiymətləndirir, münaqişəli məsələləri həll etməyə çalışır. Bunun üçün o beynəlxalq siyasi-hərbi və iqtisadi təşkilatlarda iştirak edir:BMT – Birləşmiş Millətlər Təşkilatı. 1945-ci ildə BMT-nin nizamnaməsi San-Fransisko şəhərində 51 dövlət tərəfindən imzalanmışdır. Hal-hazırda üzvlərin sayı 180 dövlət olmaqla, iqamətgah Nyu-York şəhərində yerləşir. BMT-nin regional komissiyaları mövcuddur: Latın Amerikası və Karib hövzəsi üçün iqtisadi komissiya - 41 üzvü var, o cümlədən ABŞ və Kanada, məqsədi regionda iqtisadi inkişafa təsir etməkdir, qərargah isə Santyaqo şəhərində (Çili) yerləşir.
NATO – Şimali Atlantika Müqaviləsi Təşkilatı, 19 ölkənin hərbi-siyasi ittifaqı.