İYİRMİNCİ DƏRS İLAHİ ƏDALƏT
–Müqəddimə
–Ədalətin məfhumu
–İlahi ədalətin dəlili
–Bir neçə şübhənin həlli
MÜQƏDDİMƏ
Keçən dərslərdə iki kəlami firqə olan əşəri və mötəzilə arasındakı ixtilaflarla tanış olduq. Onlardan biri də ilahi iradə və kəlam, sifətlərdə tövhid, cəbr, ixtiyar, qəza və qədər məsələləri idi. Əksər hallarda onların nəzəriyyələri ifrat və ya təfrit kimi iki istiqamətdə olur. Onların arasındakı əsaslı ixtilaflardan biri də ilahi ədalət məsələsidir. Bu məsələdə şiələrin nəzəri mötəziləyə müvafiq hesab edilmişdir və bu iki məzhəb məcmu halında əşərilərin qarşısında “ədliyyə” adlandırılır. Bu məsələnin kəlam elmində malik olduğu əhəmiyyətə görə əsaslı məsələlərdən sayılır və hətta şiə və mötəzilənin kəlami məzhəb xüsusiyyətlərindən və əqidə üsullarından da hesab edilir.
Diqqət yetirmək lazımdır ki, əşərilər ilahi ədaləti inkar etmir və nəuzibillah, Allahı zalım hesab etmirlər. Çünki Qurani-kərimin aşkar və heç bir şərhə ehtiyacı olmayan başqa mənalara yozula bilməyən ayələri Allahın ədalətli olmasını isbat edərək onun hər hansı bir zülmü rəva görməsini inkar edir. Əsas bəhs insanın əqlinin öz-özünə və şəri bəyanlar (yəni Quran və sünnət) olmadan fellərin, xüsusilə ilahi fellərin qanunlarını nəzərə alaraq onların əsasında bir işin yerinə yetirilməsinin, yaxud digər işin görülməsinin zərurətinə hökm etməsi, yaxud “Mütəal Allah gərək möminləri behiştə kafirləri isə cəhənnəmə aparsın” - deməsi, yoxsa bu cür mühakimələrin yalnız vəhy əsasında baş verməli olması və onları nəzərə almadan əql təklikdə qəzavət edə bilməməsi əsasındadır.
Deməli, ixtilafın əsas nöqtəsi “hüsn və qübhi əqli” (əqli gözəllik və çirkinlik) adı ilə tanınan məsələdir. Əşərilər bu məsələ barəsində əqlin hökmünü inkar edərək inanırlar ki, təkvini işlərdə Allahın gördüyü işlər gözəldir, şəriət işlərində isə Allahın əmr etdiyi işlər yaxşıdır, nəinki yaxşı iş olduğuna görə Allah onu yerinə yetirir, yaxud ona əmr edir.
Amma ədliyyəçilər inanırlar ki, fellər, onların təkvini və təşrii cəhətdən Mütəal Allaha mənsub edilməsi nəzərə alınmadan gözəllik və ya çirkinliklə vəsf edilə bilər, yəni insanın əqli də fellərin gözəllik və çirkinliyini, Allahın çirkin iş görməkdən uzaq olmasını müəyyən qədər dərk edə bilər. Əlbəttə bu, nəuzibillah, Allaha əmr və nəhy etmək mənasında deyil, əksinə, bu mənadadır ki, müəyyən bir işin onlarla olan tənasübünü kəşf etsin və bunun əsasında qəbahətli və çirkin işlərin Allahdan baş verməsini qeyri-mümkün hesab etsin.
Aydındır ki, bu məsələnin ətraflı şəkildə araşdırılması, əşərilər tərəfindən əqli gözəllik və çirkinliyin inkar olunmasına dair yaradılan şübhələrə cavab verilməsi və nəhayətdə, onları ədliyyə ilə qarşı-qarşıya qoyan şübhələrə cavab verilməsi bu kitabın həcminə sığmaz. Həmçinin mötəziləçilərin sözlərinin müəyyən zəif cəhətləri də ola bilər ki, öz yerində araşdırılmalıdır. Amma şiələr “əqli gözəllik və çikrinliyin” əslinə etiqad bəsləməyi qəbul edir və bu Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi və məsum İmamların (ə) kəlamında təsdiq olunur.
Buna görə də biz əvvəlcə ədalətin məfhumu barədə bir qədər izah verdikdən sonra bu sifətin Allahın feli sifətlərindən olmasına əqli dəlil gətirəcəyik, sonda isə bu məsələ ilə əlaqədar ən mühüm şübhələri həll edib araşdıracağıq.
Dostları ilə paylaş: |