QIRX İKİNCİ DƏRS MƏADIN RUH MƏSƏLƏSİ İLƏ BAĞLILIĞI
–Canlı varlıqlarda vəhdətin meyarı
–İnsan varlığında ruhun mövqeyi
CANLI VARLIQLARDA VƏHDƏTİN MEYARI
İnsanın bədəni digər canlı varlıqlar kimi müəyyən hüceyrələrdən, toxumalardan təşkil olunmuşdur ki, onların daxilində daim kimyəvi reaksiyalar və maddələr mübadiləsi baş verir. Amma onların sayı dünyaya gəldiyi gündən ömrünün sonuna qədər dəyişilmir. Toxumaların sayı həmişə sabit qalır.
Bütün canlıların, xüsusilə insanın bədənində baş verən bu dəyişikliklərə diqqət yetirməklə belə bir sual yaranır ki, daim dəyişilməkdə olan bu məcmuə hansı əsasa və meyara görə vahid bir varlıq hesab olunmalıdır? Halbuki həyat boyunda onun hissələri bir neçə dəfə tamamilə dəyişir.1
Bu suala verilən sadə cavab bundan ibarətdir ki, hər bir canlı varlıqda vəhdətin meyarı onun hissələrinin həm eyni zamanda, həm də müxtəlif zamanlardakı bağlılıqlarıdır. Baxmayaraq ki, müəyyən hüceyrələr tədrici olaraq ölür və onların yerini yeni hüceyrələr tutur. Amma bu cərəyanın bağlılığı (tədricən baş verməsi) baxımından yenidən qurulan bu məcmuəni vahid bir varlıq hesab etmək olar.
Amma bu, qaneedici cavab deyildir. Çünki biz sayı müəyyən olan kərpiclərdən təşkil olunan müəyyən bir binanı təsəvvür edə bilərik. Belə ki, onun kərpiclərini tədrici olaraq elə dəyişmək olar ki, müəyyən müddətdən sonra əvvəlki kərpiclərdən heç biri qalmasın. Təzə kərpiclər məcmuəsini əvvəlki bina hesab etmək olmaz. Amma zahiri formasını nəzərə aldıqda ona bu adı vermək olar. Xüsusilə həmin məcmuəni təşkil edən kərpiclərin dəyişilməsindən xəbərsiz olan şəxslər tərəfindən belə həmin təbir işlədilə bilər.
Yuxarıdakı cavabı belə təkmilləşdirmək olar ki, bu tədrici dəyişikliklər məcmuənin vəhdətinə o zaman zərər yetirmir ki, təbii və batini amil əsasında baş vermiş olsun. Belə ki, canlı varlıqlarda bu tamamilə müşahidə olunur. Amma hər hansı bir binanın kərpiclərinin dəyişdirilməsi xarici amillər tərəfindən olduğundan hissələrin dəyişdirilməsi dövründə bu həqiqi vəhdəti onlara mənsub etmək olmaz.
Bu cavab vahid təbii amilin qəbul edildiyi təqdirdədir. Belə ki, o bu dəyişikliklər cərəyanında həmişə qalır, orqanizmin üzvlərinin nəzm və həmahəngliyini qoruyub saxlayır. Deməli, bu amilin özü barəsində sual yaranır və “onun həqiqəti nədən ibarətdir? Onun vəhdətinin meyarı hansıdır?” - deyə soruşulur.
Məşhur fəlsəfi nəzəriyyəyə uyğun olaraq hər bir təbii varlıqda vəhdətin meyarı bəsit (qeyri-mürəkkəb) və hiss olunmayan bir varlıq olan təbiət, yaxud surətdən ibarətdir ki, maddədəki dəyişikliklərdən təsirlənmir.1 Qidalanma, inkişaf, nəsil artırma və s. kimi müxtəlif felləri və fəaliyyətləri yerinə yetirən canlı varlıqlarda bu amil “nəfs “ adlandırılır.
Qədim filosoflar bitki və heyvanlara məxsus olan nəfsi maddi, insana məxsus olan nəfsi isə mücərrəd hesab edirdilər. Lakin İslam filosoflarından çoxu, o cümlədən, Sədrül-Mütəəllihin Şirazi heyvan nəfsinin də təcərrüdün müəyyən mərtəbəsinə malik olduğunu demiş, şüur və iradəni mücərrəd varlığın əlamətlərindən hesab etmişdir. Amma varlığın yalnız maddədə və onun xassələrində çərçivələndiyini iddia edən materialistlər mücərrəd ruhu inkar edirlər. Müasir materialistlər (pozitovistlər kimi) hiss olunmayan hər bir şeyi inkar edir, heç olmazsa hiss olunmayan bir şeyi də qəbul etmirlər və təbiidir ki, onlar canlı varlıqlarda vəhdətin meyarı üçün düzgün bir cavab da verə bilmirlər.
Bitkilərdə vəhdətin meyarının onlardakı nəbati nəfs olduğunu qəbul etdikdə nəbati həyat müstəidd (istedadlı) maddələrdə xüsusi nəbati nəfs və surətin varlığına bağlı olur və maddənin istedadarı aradan getdikdə nəbati surət, yaxud nəfs də məhv olub aradan gedir. Həmin maddənin yenidən nəbati surəti qəbul etmək istedadına malik olmasını fərz etdikdə onlara yeni nəbati nəfs verilir. Lakin biri köhnə, digəri isə təzə olan bitki bir-birinə tam oxşar olduğu halda onların həqiqi vəhdəti olmayacaq və dəqiq nəzərlə yeni bitkini əvvəlki bitki hesab etmək olmaz.
Amma heyvan və insana gəldikdə isə, onların nəfsi mücərrəd olduğundan bədənləri çürüyüb aradan getdikdən sonra da qala bilər. Yenidən bədənlə əlaqə yaratdığı halda şəxsin vəhdətini (“bu, elə odur” deyilə biləcək surətdə) hifz edər. Belə ki, ölümdən qabaq da həmin ruhun vəhdətinin şəxsin vəhdət meyarı idi. Bədəndəki maddələrin dəyişikliyə uğraması şəxsin birdən artıq şəxsə çevrilməsinə səbəb olmur. Amma əgər bir şəxs insanın və ya heyvanın varlığının yalnız hiss olunan bədən və onun xassələri və zahiri xüsusiyyətləri ilə xülasələndirsə, ruhu da bədənin xüsusiyyətlərindən təşkil olunan məcmuədən biri saysa, hətta əgər onu hiss olunmayan surət deyil, amma maddə hesab etsə və “bədənlərin çürüyüb aradan getməsi ilə o da aradan gedir” desə, belə bir şəxs məad barəsində düzgün təsəvvürə malik ola bilməz. Çünki bədənin həyat üçün yeni istedad tapması fərz olunduqda onlarda yeni xüsusiyyətlər vücuda gəlir və bu zaman vəhdət üçün həqiqi bir meyar qalmır, çünki əvvəlki xasiyyətlərin tamamilə məhv olması və yeni xasiyyətlərin yaranması fərz olunur.
Bir sözlə, ölümdən sonrakı həyatı yalnız o zaman düzgün şəkildə təsəvvür etmək olar ki, ruhu bədəndən, bədənin xüsusiyyətlərindən tamamilə başqa bir şey hesab edək. Hətta onu bədənə daxil olan və onun aradan getməsi ilə məhv olan maddi surət də hesab etməməliyik. Deməli, əvvəla, ruhun varlığını qəbul etməliyik. İkincisi, onu bədənə oxşar xüsusiyyətlər deyil, xüsusi mahiyyətə malik olduğunu qəbul etməliyik. Üçüncüsü, onu müstəqil və bədənin məhv olmasından sonra yaşamağa qabil olan bir mücərrəd varlıq hesab etməliyik. Amma bədənə daxil olub və bədənin məhv olması ilə məhv olan surət kimi qəbul etməməliyik.
Dostları ilə paylaş: |