MƏADA ETİQAD BƏSLƏMƏYİN ƏHƏMİYYƏTİ
Gündəlik həyat fəaliyyətlərində əsas məqsəd ehtiyacları, istəkləri təmin etmək, dəyərlərə və məramlara nail olmaq və nəhayət yekun səadət və kamala çatmaqdır. İşlərin keyfiyyət, kəmiyyət və istiqamətləndirilməsi o hədəflərin ayırd edilməsinə bağlıdır ki, həyatdakı edilən səy və faliyyətlər məhz onlara çatmaq üçün yerinə yetirilir. Deməli, həyatın yekun və son hədəfləri barəsində mərifət kəsb etmək iş və fəaliyyətlərin seçilib onlara istiqamət verilməsində əsas rol oynayır. Həqiqətdə həyatın hansı istiqamətdə seçilməsinin əsl amilini insanın öz həqiqəti, kamalı və səadətini tanıması və onun barəsindəki nəzəri təşkil edir. Öz həqiqətinin yalnız bir sıra maddi ünsürlərdən, mürəkkəb kimyəvi reaksiyalardan ibarət olduğunu təsəvvür edən, öz həyatını bu dünyanın bir neçə günlük ötəri həyatında məhdudlaşdıran və həmin həyatla əlaqədar olan bəhrələrin arxasında heç bir səadət, kamal və ləzzət olduğunu qəbul etməyən şəxs öz rəftar və davranışlarını yalnız özünün dünyəvi istək və ehtiyaclarını təmin etmək əsasında tənzim edir. Amma öz həqiqətini maddi varlıqlardan daha yüksəkdə olduğunu bilən, ölümü həyatın sonu hesab etməyən və onu yalnız ötəri dünyadan əbədilik dünyasına keçid hesab edən, özünün layiqli əməl və davranışlarını əbədi kamal və səadətə çatmaq üçün vasitə olduğunu bilən bir insan həyat proqramlarını elə tənzim və icra edir ki, əbədi həyatı üçün mümkün qədər daha artıq faydalı olsun. Digər tərəfdən, dünya həyatındakı məğlubiyyətlər və çətinliklər onu ümidsiz etmir, vəzifənin yerinə yetirilməsi, əbədi səadət və kamalın əldə olunması yolunda heç vaxt işgüzar fəaliyyətdən usanmır.
İnsan barəsində bu iki növ mərifətin təsiri fərdi həyatla xülasələnmir, əksinə, ictimai həyatda və ayrı-ayrı fərdlərin qarşılıqlı rəftarlarında da özünə layiq təsir qoyur. Əbədi həyata, əbədi mükafat və ya cəzalara etiqad bəsləmək başqalarının hüququna riayət etmək, ehtiyaclılara ehsan etmək və öz haqqından keçmək kimi məsələlərdə mühüm rol ifa edir. Belə etiqadların hakim olduğu bir cəmiyyətdə ədalətli qayda-qanunların icra olunması, həmçinin başqalarının haqqına təcavüz və zülm edilməsinin qarşısının alınması üçün güc işlədilməsinə və təzyiqlərə çox az ehtiyac duyulur. Təbiidir ki, bu etiqad ümumdünya səviyyəsində bərqərar olarsa, beynəlxalq çətinliklər də nəzərə çarpacaq dərəcədə azalacaqdır.
Bu məsələyə diqqət yetirməklə məad məsələsinin dəyəri və onun barəsində geniş tədqiqat aparılmasının mühüm təsirləri aydın olur. Hətta təklikdə tövhidə etiqad (məada etiqad olmadan) həyata istənilən istiqamət verilməsində kamil və geniş təsir qoya bilməz. Buna görə də səmavi dinlərin, xüsusilə müqəddəs İslam dininin bu etiqad prinsipinə ciddi əhəmiyyət verməsinin, həmçinin ilahi peyğəmbərlərin bu əqidənin insanların ruhuna yeridilməsində nə üçün bu qədər fəaliyyət göstərmələrinin sirri aşkar olur.
Axirət aləminə etiqad bəslənməsi özünün ictimai və fərdi rəftarlara və davranışlara istiqamət verməkdəki rolunu o zaman ifa edə bilər ki, insanın bu dünyadakı əməl və fəaliyyətləri ilə o dünyadakı xoşbəxt və ya bədbəxt olması arasında səbəb-nəticə qanunu qəbul edilsin və heç olmazsa, axirət nemətləri bu dünyadakı layiqli əməllərin mükafatı, axirət əzabları isə bu dünyadakı yaramaz və pis əməllərin cəzası kimi qəbul edilsin. Əks halda, əgər axirət səadətini elə bu dünyada kəsb etməyin (yəni, dünya bəhrələrini də elə bu dünyada əldə etməyin) mümkünlüyü təsəvvür olunsa onda axirət həyatına etiqad özünün bu dünyadakı rəftar və davranışlarda təsirli rolunu əldən verəcəkdir. Çünki belə təsəvvürə əsasən, dünyəvi səadətin əldə edilməsi üçün yalnız bu dünyada, axirət səadətinə nail olmaqdan ötrü isə elə axirət aləmində çalışmaq lazımdır!
Deməli, məad və ölümdən sonrakı həyatın isbat olunmasından əlavə bu iki həyatın (dünya və axirət) arasındakı qırılmaz əlaqə, eləcə də insanın ixtiyari rəftar, əməl və davranışları ilə onun əbədi bədbəxtliyi və ya xoşbəxtliyi arasındakı olan əlaqəsi isbat olunmalıdır.
Dostları ilə paylaş: |