HƏQİQİ VƏ ŞƏRTİ RABİTƏ
Təkrar-təkrar qeyd etdiyimiz kimi, dünya əməlləri ilə axirət nemətləri və ya əzabları arasında olan əlaqə adi maddi əlaqələr kimi deyildir və onu fiziki, kimyəvi və s. kimi qanunlar əsasında izah etmək olmaz. Hətta insanın əməllərinə sərf olunan enerjini, maddə və enerjinin bir-birinə çevrilərək cisim halına düşməsi, axirət əzab və ya nemətlər şəklində zahir olması fikri belə düzgün olmayan təsəvvürdür. Çünki, əvvəla, bir insanın əməl və rəftarlarına sərf olunan enerji nəinki sonsuz behişt nemətlərinə, heç bir almaya çevriləcək qədər belə olmaya bilər.
İkincisi, maddə ilə enerjinin bir-birinə çevrilməsi xüsusi amillər əsasında baş verir. Bu iş onu görənin niyyət və əməlinin pis və ya yaxşı olmasına bağlı deyildir. Heç bir təbii qanuna əsaslanıb xalis əməl ilə riya arasında fərq qoymaq olmaz ki, birinin enerjisi nemətə, digərinin enerjisi isə əzaba çevrilsin.
Üçüncüsü, bir dəfə ibadət yolunda sərf olunan enerjinin digər dəfə günah yolunda istifadə olunması mümkündür.
Amma belə rabitənin inkar olunması ümumi şəkildə həqiqi rabitənin mütləq şəkildə inkar olunması demək deyildir. Çünki həqiqi rabitələrin dairəsi naməlum və təcrübəyə sığmayan rabitələrə də aiddir. Təcrübi elmlər dünya ilə axirət arasındakı hadisələrin arasındakı rabitəni isbat edə bilmədiyi kimi, onların arasındakı hər növ səbəb-nəticə qanununun varlığını da isbat edə bilməz. Yaxşı və pis əməllərin insanın ruhunda həqiqi mənada təsir etdiyini, həmin ruhi təsirlərin də axirət nemət və ya əzablarının yaranmasına səbəb olduğunu fərz etsək (məsələn, bəzi nəfslərin dünyadakı xariqüladə təsirlərini misal göstərmək olar) belə bir fərz də əqldən uzaq olmayacaqdır, əksinə, onu xüsusi fəlsəfi prinsiplər əsasında isbat etmək olar ki, o da bu kitabın həcminə uyğun deyildir.
Dostları ilə paylaş: |