İYİRİMİ SƏKKİZİNCİ DƏRS BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
–Möcüzə səbəb-nəticə qanununu pozmurmu?
–Xariqüladə iş ilahi qanunların dəyişilməsi demək deyilmi?
–İslam Peyğəmbəri (s) möcüzə göstərməkdən niyə imtina edirdi?
–Möcüzələr əqli dəlildir, yoxsa qənaətedici bir dəlil?
BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
Möcüzə ilə əlaqədar müəyyən şübhələr irəli gəlir ki, onları qeyd edərək bu barədə izahat veririk:
Birinci şübhə. Hər bir maddi varlığın xüsusi bir səbəbi vardır. Bunu elmi təcrübələrin köməyi ilə müəyyən etmək olar. Sınaq və təcrübə vasitələrinin nöqsanlı olmasına görə hər hansı bir hadisə və varlığın səbəbinin naməlum qalmasını həmin varlıqlar üçün adi səbəbin mövcud olmamasına bir dəlil kimi göstərmək olmaz. Deməli, xariqüladə işləri yalnız bu ünvanla qəbul etmək olar ki, onlar naməlum səbəb və amillərdən irəli gəlmişlər. Ən çoxu budur ki, onların səbəblərinin məlum olmadığı bir dövrdə bu səbəblərdən agahlığı möcüzəli bir iş hesab etmək olar. Amma elmi sınaqlar vasitəsilə tanınmağa qabil olan səbəblərin inkar olunması səbəb-nəticə prinsipinin pozulmasına gətirib çıxartdığından rədd edilir.
Bunun cavabı budur ki, səbəb-nəticə prinsipi heç vaxt hər bir asılı varlıq və məlul üçün yalnız bir illətin sübut olunmasını tələb etmir. Amma hər bir illətin də hökmən təcrübi vasitələr ilə tanınmasının zəruri olması heç də illiyyət prinsipinin tələbi deyildir və bu məsələ ilə əlaqədar heç bir dəlil gətirmək olmaz. Çünki elmi təcrübə və sınaqların həddi təbii işlərlə məhdudlaşır və heç vaxt təbiətin fövqündə dayanan varlığın olub-olmamasına təcrübə vasitələri ilə sübuta yetirmək olmaz.
Amma möcüzənin tanınmaz səbəblərdən agah olmaq kimi təfsir olunması düzgün deyildir. Çünki əgər bu agahlıq adi səbəblər vasitəsilə əldə olunarsa, digər adi hadisələrlə heç bir fərqi olmayacaqdır və onu xariqüladə iş hesab etmək olmaz. Əgər qeyd olunan agahlıq qeyri-adi surətdə baş vermiş olsa, xariqüladə bir iş olacaq, Mütəal Allahın xüsusi izninə istinad verilsə və nübüvvətin doğruluğuna dəlil gətirilsə, möcüzənin (elmi möcüzənin) qismlərindən biri olacaqdır. Həzrət İsanın (ə) camaatın evlərində nə yeməsi və nəyi ehtiyat saxlaması ilə bağlı agahlığı o Həzrətin möcüzələrindən biri hesab olunurdu.1 Lakin möcüzəni həmin qism ilə sona çatdığını da demək olmaz.
Nəhayət “səbəb-nəticə prinsipi ilə əlaqədar bu hadisə ilə digər xariqüladə işlər arasındakı fərq nədən ibarətdir?” sualı qalır.
Dostları ilə paylaş: |