İkinci şübhə: Allahın əbədi qanunu bu əsasda olmuşdur ki, hər bir varlığı xüsusi illət vasitəsilə vücuda gətirsin. Qurani-kərimin ayələrinə görə, Allahın qayda-qanununda heç bir dəyişiklik baş verməz.2 Buna əsasən ilahi qanunlarda dəyişiklik hesab olunan xariqüladə işlər (adətin pozulması) belə ayələrin vasitəsilə inkar olunur.
Bu şübhə eynilə əvvəlki şübhəyə oxşayır. Fərq bundan ibarətdir ki, orada sırf əqli dəlil gətirilirdi, burada isə Quran ayələrinə istinad edilir. Cavabı da budur ki, varlıqların səbəb və illətlərinin yalnız adi səbəb və illətlər vasitəsilə məhdudlanmasını Allahın dəyişməz qayda-qanunlarından hesab etmək dəlilsiz bir sözdür və eynilə bir şəxsin “hərarətin səbəbi yalnız odla məhdudlaşır” - deyə iddia edərək ilahi qayda-qanunlarda dəyişiklik olmamasını deməyə bənzəyir! Belə iddialar qarşısında demək olar ki, müxtəlif nəticələr üçün səbəblər çoxluğunun mövcud olması, qeyri-adi səbəblərin adi səbəblərin yerinə keçməsi dünyada həmişə mövcud olan bir işdir və buna görə də onu ilahi qanunlardan, səbəblərin yalnız adi səbəblərdə çərçivələnməsi onda dəyişiklik hesab olunmalıdır ki, bu da Quran ayələrində inkar edilmişdir. Hər bir halda ilahi qanunlarda dəyişikliyin inkar olunmasına dəlalət edən ayələrin adi səbəblərin başqa şeylə əvəz oluna bilməməsini dəyişiklik qəbul etməyən qanunlardan biri kimi hesab olunması əsassızdır. Əksinə, çoxlu Quran ayələri möcüzələrin və xariqüladə işlərin baş verməsinə dəlalət edir və bu məsələni düzgün olmamasına möhkəm bir dəlildir. Yuxarıdakı ayələrin düzgün şərhini təfsir kitablarında axtarmaq lazımdır. Burada qısa şəkildə qeyd edirik ki, bu qəbildən olan şərif ayələr illətlərin çoxluğunu, qeyri-adi illətlərin adi illətlərin yerinə keçməsini inkar deyil, məlulun illətdən kənara çıxmasını inkar etməyə nəzər yetirir. Hətta, bəlkə də demək olar ki, bu ayələrdən dəqiq məlum olan şey qeyri-adi illət və səbəblərin təsiridir.
Dostları ilə paylaş: |