BÜRHANIN BƏYANI
Qeyd olunan müqəddimələrə diqqət yetirməklə bürhanı bəyan edirik:
Mövcud adlandırıla bilən şey iki haldan xaricdə deyildir: Ya vücud onun üçün zəruridir ki, öz-özünə mövcud olur və Vacibul-vücud adlanır, ya da onun vücudunun zərurəti yoxdur və başqa mövcuda bağlıdır və mümkünül-vücud adlanır. Aydındır ki, əgər hər hansı bir şeyin vücuda gəlməsi qeyri-mümkün olsa, heç vaxt vücuda gəlməyəcəkdir və onu heç vaxt mövcud hesab etmək olmaz. Deməli, hər bir mövcud ya Vacibul-vücuddur, ya da mümkünül-vücud.
Mümkünül-vücudun məfhumuna diqqət yetirməklə aydın olur ki, hər şey bu məfhumun nümunəsi olsa, nəticə sayılacaq və onun səbəbə ehtiyacı olacaqdır. Çünki əgər hər hansı bir mövcud öz-özlüyündə vücuda gəlməyibsə, hökmən başqa bir varlığın səbəbinə mövcud olmuşdur. Eləcə də zatən mövcud olmayan hər bir vəsfin isbatı bil-ğeyr olacaqdır. Səbəbiyyət qanununun məfhumu da bundan ibarətdir ki, hər bir bağlı, asılı və mümkünül-vücudun səbəbə ehtiyacı vardır, nəinki ümumiyyətlə hər bir mövcudun səbəbə ehtiyacı vardır ki, “Allahın da illətə ehtiyacı vardır”, yaxud “səbəbsiz Allaha etiqad bəsləmək səbəbiyyət qanununu pozur” deyilərək irad tutulsun.
Digər tərəfdən, əgər bütün varlıqlar mümkünül-vücud və illətə ehtiyaclı olsa heç bir vaxt heç bir varlıq gerçəkləşməyəcəkdir. Bu ona oxşayır ki, bir qrupun üzvlərindən hər biri özünün işə başlamasını digərinin iş görməyə başlaması ilə şərtləndirsin ki, bu halda heç bir iş görülməyəcəkdir. Deməli, xarici varlıqların vücudu göstərir ki, Vacibul-vücud mövcuddur.
Dostları ilə paylaş: |