4.Əcdad kultu ilə bağlı mərasimlər.Naxçıvanda keçirilən “Ata-baba günü”, “Xıdırha xıdır” mərasimlərini əcdad kultları ilə əlaqəli izah etmişdir(58,67).
M.Təhmasib “Adət, ənənə, mərasim, bayram”adlı məqaləsində “Novruz”un Zərdüştlik və İslamla əlaqəli olmadığı mülahizəsindən çıxış etmişdir.
İlin axır çərşənbəsində od üstündən tullanmaq mərasiminin də Zərdüçtlikdən çox qədim olduğunu qeyd etmişdir(58,73).
1990-cı ildə M.Seyidovun «Yaz bayramı» adlı kitabı çap olunmuşdur (72). Kitabda yaz bayramının tariхi kökləri araşdırılmış, təqvim anlayışının mahiyyəti хalq yaradıcılığı, folklor nümunələri əsasında tədqiq edilmişdir. Əsərdə mifologiya məsələləri təqvim mifi çevrəsində araşdırılmışdır. Alim yaz bayramının mərasim kimi təqvim mifi ilə bağlılığı barəsində yazmışdır: «Bəllidir ki, yaz əski insanın həyatında həmişə başlıca rol oynamışdır. Buna görə də insan təfəkkürü istər-istəməz onu izləmiş və beləliklə də, bu durum Azərbaycanın ilk təqvim anlayışının yaranmasına yardım etmiş, təbiətlə insanın dürlü şəraitdə (хoş və əksinə) qaşılaşması yazla bağlı törənləri – mərasimləri də meydana gətirmişdir. Belə bir törənin yaranmasında mifik görüşlərin, animist baхışların, natur fəlsəfənin, təbiətə təbii baхışın böyük rolu olmuşdur... Mifologiyada təbiətin fəsilləri arasındakı olaylarla – hadisələrlə bağlı törən, görüş də yaranmışdır. Dünya хalqlarında, onların ulu babalarında təqvim хaosla, kosmosla, yaradılışla və s. sıх bağlıdır. Əski azərbaycanlılar təqvimlə bağlı vaхt anlayışını hərdən animistləşdirmiş, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik aləmlə bağlamışlar» (72, 6).
Kitabda təqvimlə bağlı əski oğuz atalar sözü təhlil edilmiş və onun mifoloji mənaları üzə çıхarılmış, Хızır və onunla bağlı mərasimin mifoloji kökləri öyrənilmiş, yaz mərasimlərindəki keçi, qurd, qoyun kimi hevanların əsatiri simvolikası araşdırılmış, Qodu-Qodu yaz mərasimi olaraq mifik хüsusiyyətləri baхımından tədqiq edilmiş, Kosa-Kosa, yazla bağlı diğər oyun və mərasimlər, хüsusilə Novruz bayramı mifoloji mənaları baхımından kompleks şəkildə təhlil edilmişdir. Ümumiyyətlə, bu kitab təqvim miflərinin öyrənilməsi, o cümlədən bununla bağlı Azərbaycan mərasim folklorunun tədqiq edilməsi cəhətindən sanballı əsər kimi öz əhəmiyyətini bu gün də saхlayan tədqiqatdır.
Oruc Əliyev M.Seyidovun bu kitabı haqqında yazdığı. Yaz bayramı adlı məqalədə ilk növbədə M.Seyidovun zaman haqqında düşüncələrinin mifoloji mahiyyətinə toxunmuşdur “Müəllifin fikirincə, ilkin görüşlər nə qədər dürlü olsalar da onların özülü, kökü, mayası ana təbiətdir. Təbiət, onun qoynunda baş verən hadisələr az-çox aydınlaşdıqca bir çox görüşlər kimi yaz bayramı və onunla sıx ilişgəli təqvim görüşü də yaranır, sonralar inkişaf edir”(81, 25).
Məqalədə daha sonra kitabın ümumi məzmunu təsvir edilmiş, zamanla, o cümlədən yaz bayramı ilə bağlı mifoloji obrazlara M.Seyidov tərəfindən verilmiş izahlara toxunulmuşdur.
O.Əliyev kitabın elmi – ictimai əhəmiyyətini umumi şəkildə belə səciyyələndirmişdir: “Gərgin axtarışların və uzun illərin təcrübəsi nəticəsində meydana çıxan “Yaz bayramı” əsərində oxucular indiyəcən böyük el bayramı barədə sirli qalan bir çox suallara cavab tapa biləcəkdir”(81, 26).
“NOVRUZ“UN STRUKTURU
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqalrının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə zamanla dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşmiş olur. Məsələn, qurban bayramında olduğu kimi, Bunun başlanğıcdan arxaik bir ritual olduğu və sonradan dini əfsanələrlə dini bir mahiyyət qazandığı məlumdur.
Xristianlar və Musəvilər xristian din adamlarının yüz illərlə bir müşrik bayram sayarak mücadilə etdikləri günəşin dönüşü olan 20-25 dekabr tarixli Romalıların əski “saturnalia” bayramı, milad təqviminin dördüncü əsrində “Mövludi-İsa” bayramı kimi xristianlar tərəfindən qeyd olunmağa başladı. Yəhudilərin “Pesah” dedikləri, Xristianların “paska” bayramı da mənşəyi baxımından insanların təbiətə inandıqları dövrün dünyəvi yaz bayramının davamından ibarətdir. Novruz, yeni il və mehirqan bayramları üçün də eyni metod keçərlidir. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini bir növ uyduraraq dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.
(Novruz Həzrət Əlinin doğulduğu gündür; Həzrət Əlinin taxta çıxdığı gündür; Həzrət Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gündür; Nuhun yerə ayaq basdığı gündür; Yunus peyqəmbərin balığın qarnından çıxdığı gündür və s.).
Dostları ilə paylaş: |