Ağayev Samir


Qlobal Maliyyə böhranının qısa tarixi ardıcıllığı



Yüklə 1,34 Mb.
səhifə137/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   133   134   135   136   137   138   139   140   ...   162
1.1 Qlobal Maliyyə böhranının qısa tarixi ardıcıllığı
1990-cı illərdən başlayaraq xüsusilə ABŞ və Qərbi Avropa dövlətlərində maliyyə sektorunun genişlənməsi, qiymətli kağızlar bazarının diversifikasiyalı inkişafı, yeni-yeni maliyyə alətlərinin (xüsusilə maliyyə derivativlərinin və onların ayrı-ayrı formalarının) meydana gəlməsi, bank xidmətlərinin genişlənməsi həm ayrı-ayrı fərdlərdə, həm də şirkətlərdə daha asan qazanc əldə etmək istəyini formalaşdırdı ki, bu da bütün növ investisiyaların real sektora nisbətdə maliyyə sektoruna daha çox axmasına səbəb oldu. Maliyyə sektorunda mənfəət normasının artması, vəsaitləri real sektordan əhəmiyyətli dərəcədə yayındırmağa başladı və illər keçdikcə bu proses arxasında güclü real sektor olmayan bir köpüklənən maliyyə sektorunun yaranması ilə nəticələndi. Maraqlı dəhşətli faktlardan biri odur ki, qlobal miqyasda derivativlərin həcmi dünyanın ÜDM (Ümumi Daxili Məhsul) istehsalını on dəfələrlə üstələməyə başlamışdı. Digər bir maraqlı göstəriciyə diqqət yetirək. 2007 – ci ilin son ayında Nyu York Fond Birjasında kotirovkada olan bütün qiymətli kağızların bazar dəyəri 30.5 trln dollar olduğu halda, Amerika Birləşmiş Ştatlarının ÜDM istehsalı cəmi 13 trln dollar idi, baxmayaraq ki, bu (ÜDM həcmi), dünyada ən yaxşı göstərici idi. Başqa bir fakta baxaq. Dünyada derivativlər bazarının həcmi 480 trln dollar qiymətləndirilirdi ki, bunun da dünya iqtisadiyyatının real sektor həcmindən 12 dəfə böyük olduğu iddia edilir.

Son 30 ildə qərb dövlətləri və Amerika Birləşmiş Ştatları sənayedən daha çox, xidmət sektoruna diqqət yetirməyə başlamışdılar. Bu dövlətlərdə xidmət sektoru iqtisadiyyatın orta hesabla 80% - i təşkil edir. Maliyyə xidmətləri isə xidmət sektorunda ən böyük paya malikdir. Real sektorda çalışmaq əvəzinə, fərdlər maliyyə bazarlarında (törəmə maliyyə alətləri derivativlər də daxil olmaqla) spekulyasiyalarla pul qazanmağı üstün tuturdular. Həmin maliyyə sektoru ki, real olaraq heç bir dəyər yaratmır.

Göründüyü kimi qlobal iqtisadiyyat və maliyyə sistemi sabun köpüyünü xatırladırdı. Bu fakt artıq real sektorla maliyyə sektoru arasında fərqin kritik həddə olduğunu və köpüklərin böyük partlayışından sonra ümumdünya səviyyəsində meydana gələcək böhranın uzaqda olmadığını gostərirdi. Bəzilərinin əfsanəvi investor, bəzilərinin isə maliyyə spekulyantı adlandırdığı George Soros da məhz bu səbəbdən böhranın çox uzaqda olmadığını proqnozlaşdırmışdı. Beləliklə, çoxlarına görə Bear StearnsLehman Brothers kimi nəhəng investisiya banklarının iflası ilə birlikdə köpüklərin partlamasından sonra böhran başladı. Həm də partlayış ABŞ-ın maliyyə bazarlarından, daha dəqiqi ipoteka bazarından başladı. İpoteka bazarında baş verənlərə də qısaca nəzər salaq.

Əvvəlcə makrosəviyyədə tənzimləmə zamanı böyük səhvlərə yol verilmişdi. Federal Rezerv Sistemi maliyyə institutlarının fəaliyyətini tənzimləməyə heç bir ehtiyac görməyərək bankları tamamilə nəzarətsiz buraxmışdı. Amerika Birləşmiş Ştatlarının qiymətli kağızlar və birja komisiyası olan Securities and Exchange Commission (SEC) 5 ən böyük investisiya bankının (Merrill Lynch, Lehman Brothers, Goldman Sachs, Morgan Stanley və Bear Stearns) kapitalına aid müxtəlif tələbləri yüngülləşdirdi və məhdudiyyətləri aradan götürdü. Bundan sonra Bear Stearns bankının borc / kapital əmsalı 33:1 kimi ağılasığmaz səviyyəyə çatmışdı. Maliyyə derivativləri bazarı isə tamamilə tənzimlənmirdi. Paralel olaraq ipoteka əməliyyatlarının həddən artıq maliyyələşdirilməsi evlərin qiymətini davamlı şəkildə qaldırmağa başlamışdı. Həmçinin qiymət artımı bankları Subprime Mortgage bazarlarına (yəni kredit və ödəmə qabiliyyəti normal səviyyədən aşağı olan riskli vətəndaşlar qrupuna) yönəlməyə stimullaşdırdı. Bütün dünyaya risklərin idarə edilməsindən dərs keçənlər, daşınmaz əmlak qiymətlərinin yüksək səviyyəsini vətəndaşın ödəniş qabiliyyətinin olmaması fonunda sığorta funksiyası kimi görüb heç bir tərəddüdsüz Subprime Mortgage qrupuna daxil olan vətəndaşlara da kisələrinin ağzını açdılar. Xülasə, sonda ödənişlərin demək olar olmaması fonunda elə bir vəziyyət yarandı ki, hamı ev satmağa başladı, alan isə yoxdu. Belə vəziyyətdə isə evlərin qiyməti fantastik şəkildə enməyə başladı. Nəticədə vətəndaşların evləri əlindən alındı, həmin evlər satıla bilmədiyindən və ya çox aşağı qiymətə satıldığından bankların itkiləri artmağa başladı, həmçinin depozitlərin geri tələb olunması bankların likviditasiyasını daha da sürətləndirdi, depozitlərin geri qaytarılmasının mümkünsüzlüyü və çətinliyi də vətəndaşlara zərbə vurdu, bütün bunlara qarşı özlərini sığortalayan bankların sığorta şirkətlərindən ödəniş tələb etməsi fonunda sığorta şirkətləri müflis oldu, bu informasiyalar (effektli bazar hipotezinin tələbi ilə) həmin bankların təkrar bazarda səhmlərini dəyərsizləşdirdi, ipoteka əməliyyatlarını maliyyələşdirmək üçün istifadə olunan ipoteka borc kağızları olan CDO (Colleteralized Debt Obligation)MBS (Mortgage Backed Securities) alətlərinə investisiya edən müxtəlif fondlar, şirkətlər, investorlar üçün bu investisiyalar dəyərsiz vəziyyətə düşdü. Bu həmin ipoteka kağızları idi ki, dünyanın ən böyük reytinq agentlikləri Standard & Poor's, Moody`s və Fitch İBCA bu istiqrazlara ən yüksək – AAA reytinqi vermişdilər.



Bundan sonra dövlətlər müəyyən tədbirlər görməyə başladılar. Amma ABŞ – da və digər dövlətlərdə qəbul olunan maliyyə xilas paketlərinə rəğmən böhranın maliyyə sektorundan real sektora keçməsinin qarşısı alına bilmədi. Maliyyə bazarlarından vəsait yığmağın mümkünsüzlüyü, bankların kredit qapılarının bağlanması yeni layihələr üçün maliyyələşmə imkanlarını kəskin məhdudlaşdırdı. Layihələr üçün maliyyənin tapılmaması bu layihələrin təxirə salınmasına və ya ləğv olunmasına gətirib çıxardı. Böyük maliyyə itkiləri fonunda bütün dünyada tələb enməyə başladı, satışlar azaldı. Layihələrin ləğv olunması və satışların azalması real sektorun - istehsalın artım tempini azaltdı ki, bu da öz növbəsində şirkətləri xərcləri ixtisar etməyə vadar etdi. Şirkətlərin ixtisar siyahısına isə ilk növbədə işçilər tuş gəldi. Beləliklə, kütləvi şəkildə işçilərin ixtisarı başladı və maliyyə sektorundan başlanan böhran həm real sektora, həm də işsizlərin sayının artması ilə sosial sahəyə keçdi və qlobal xarakter daşımağa başladı.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin