AYƏ 143:
﴿ وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴾
TƏRCÜMƏ:
«Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)»
TƏFSİR:
Bu ayənin nazilolma səbəbində qeydə olunur ki, «Bədr» müharibəsində müsəlmanlar qələbə çaldılar və onlardan bəziləri şahadət dərəcəsinə nail oldu. Bu zaman bəziləri arzu edib deyirdilər ki, kaş biz də «Bədr» müharibəsində iştirak edib Allah yolunda şəhadətə çataydıq. Lakin sonrakı il baş verən «Ühüd» müharibəsində elə həmin şəxslər döyüş meydanından qaçdılar. Bu ayə nazil olub onları tənqid atəşinə tutdu.
İNCƏ MƏTLƏBLƏR
1. Özünüzün uzun-uzadı arzularınıza aldanmayın, hər şüara və hər şüar verənə xatircəm olmayın.
2. Böyük şəxsiyyətlər təcrübə və əməl meydanında sınaqdan keçirilir:
Sözün əməldə isbat olunması gələn zaman
Rüsvay olar “mən-mən” deyən dil pəhləvanı olan.
Kərbəla şəhidlərinin ziyarətində oxuyuruq: «Kaş biz də sizinlə olaydıq və şəhadətə çataydıq.» Doğrusu, heç fikirləşmişik ki, əmələ gəldikdə nə edirik?
AYƏ 144:
﴿وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ﴾
TƏRCÜMƏ:
«Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.»
TƏFSİR:
Müxtəlif sünni və şiə təfsirlərində qeyd olunur ki, «Ühüd» müharibəsində kafirlər tərəfindən atılan bir daş Peyğəmbərin (s) mübarək dişlərinə dəydi, onun ağzından qan axmağa başladı. Bu zaman uca səslə dedilər ki, «Məhəmməd öldürüldü!» Bəziləri də Müsəbin şəhid olması ilə Peyğəmbərin (s) şəhid olmasını güman etdilər. Bu şayiə nəticəsində kafirlər sevindilər və ruhiyyələri yüksəldi, bəzi müsəlmanlar isə süstləşərək müharibə meydanından qaçmağa başladılar, hətta bəziləri kafirlərin başçısı Əbu Süfyandan aman almaq fikrinə düşmüşdü. Bunların müqabilində bir dəstə müsəlman da uca səslə deyirdi: «Əgər Məhəmməd də olmasa Məhəmmədin yolu və Məhəmmədin Allahı həmişəlikdir, meydandan qaçmayın!»
İNCƏ MƏTLƏBLƏR
1. İslam cəmiyyəti o qədər möhkəm və mütəşəkkil olmalıdır ki, hətta onun rəhbərinin aradan getməsi ilə də cəmiyyətə zərbə dəyməməlidir.
2. İslam Peyğəmbəri (s) ilahi sünnəyə tabedir. Ölüm və həyat kimi təbii qanun və şəraitlər onun barəsində də cərəyan edir.
3. Məgər əvvəlki peyğəmbərlərin ölməsi ilə ardıcılları onların dinindən dönürdülərmi?!
4. Şayiə yaymaq düşmənin hiyləgərlik planlarından birdir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur).
5. İnsanların kafir və ya mömin olmasının Allah üçün heç bir zərəri və ya faydası yoxdur (dindən dönmək, yaxud kafir olmağın nəticəsi insanların özlərinə aid olur.)
6. Haqq yolunda müqavimət göstərmək əməllə edilən ən yaxşı şükür növüdür ki, onun da mükafatı Allah tərəfindən verilir.
AYƏ 145:
﴿ وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ ﴾
TƏRCÜMƏ:
«Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.»
TƏFSİR:
Qeyd olunduğu kimi, Peyğəmbərin (s) «Ühüd» müharibəsində şəhid edilməsi ilə əlaqədər yayılan əsassız şayiələr müsəlmanların çoxunun qəlbinə vəhşət və qorxu saldı, hətta onlardan bəziləri müharibə meydanından qaçmışdı, bəziləri də İslam dinindən çıxaraq əvvəlki vəziyyətə dönmək fikrinə düşmüşdü. Bu kimi insanları tənbeh edib qəflətdən ayıltmaq üçün buyurulur: Ölüm yalnız Allahın əlindədir və Allahın əmri ilədir. Hər kəs üçün əvvəldən təyin olunmuş bir əcəl vardır ki, ondan qaçıb xilas ola bilməz.
Deməli əgər Peyğəmbəri-Əkrəm (s) bu döyüş meydanında şəhadət şərbətini içsəydi, ilahi sünnədən başqa bir iş baş verməyəcəkdi. Digər tərəfdən də müharibə meydanından qaçmaq əcəli təxirə sala bilməz. Eləcə də cihad meydanlarında iştirak etmək insanın əcəlini tezləşdirməz.
Ayənin axırında buyurulur: İnsanın işgüzarlığı və fəaliyyəti heç vaxt zay edilməz. Əgər bir kəsin hədəfi və məqsədi yalnız maddi və dünyəvi nəticələr almaq olsa («Ühüd» döyüşündə iştirak edən bəzi döyüşçülər kimi. Onlar yalnız qənimət əldə etmək üçün döyüşürdülər), nəhayət ondan müəyyən qədər bəhrə əldə edər. Amma hədəf daha yüksək olarsa, insanların səy və fəaliyyətləri əbədi həyat, ali-insani fəzilətlər kəsb etmək üçün sərf olunsa, yenə də öz hədəflərinə nail olacaqlar. Əgər dünya və axirət səadətinə çatmağın hər ikisi insanın müsbət fəaliyyətinə bağlıdırsa, onda nə üçün insan öz varlıq və vücud sərmayəsini ikinci yolda, yəni daha yüksək məram və davamlı yolda işlətməməlidir?
Sonra bir daha təkidlə buyurulur: «Biz şükr edənlərin mükafatını tezliklə verəcəyik.»
Dostları ilə paylaş: |