Klinika. Anemiya tədricən yarandığı üçün başlanğıcda əlamətsiz ola bilər. Klinik əlamətlər ümumi anemik və sideropeniksindromlarla başlayır - zəiflik, yuxululuq, halsızlıq, əmək qabiliyyətinin azalması, dəri örtüklərinin avazıması, taxikardiya, fiziki iş zamanı təngənəfəslik və s. Toxuma dəmirinin çatışmazlığı - sideropenik sindromlar isə dırnaqlarda dəyişiklik (lay-lay qopması, kövrəklik, nahamarlıq, koylonixiya-qaşığabənzər formalı dırnaqlar), quru qidanın udulmasının çətinləşməsi (sideropenik disfaqiya-Plammer-Vinson sindromu), qoxu hissinin, dad bilmənin dəyişməsi (pica chlorotica), dil məməciklərinin hamarlanması, angulyar stomatit kimi əlamətlərlə özünü biruzə verir.
Xəstələr dərinin quruluğundan, elastikliyin azalma-sından, dırnaq və saçların kövrəkliyindən, tökülməsindən şikayət edirlər. Dəmir defisiti dişlərin emal qatının zədələnməsinə, çoxsaylı kariyesə səbəb olur.
Xəstəliyin latent dövründə ümümi zəiflik, halsızliq, əmək qabiliyyətinin pozulması qeyd olunur.
Xəstələrin çoxunda mioqlobinin sintezinin pozulması nəticəsində əzələ hipotoniyası sindromu yaranır. Ağır dəmir defisitində sfinkterlərin zəifliyi müşahidə olunur. Yeniyetmə qızlarda gülərkən və ya öskürərkən, bəzəndə gecələr sidikburaxma halları olur.
Dəmir çatışmazlığı mədə-bağırsaq traktını zədələyir, sekresiya pozulur, bəzən də histaminə davamlı axiliya yaradır. Xəstələrin yarısında atrofik qastrit aşkar olunur.Bəzən dəmir preparatları ilə müalicə mədə şirəsinin turşuluğunu artırır. Lakin selikli qişanın atrofiyası və histaminə davamlı axiliya zamanı dəmir preparatları ilə müalicə histoloji göstəricilərə və sekresiyanın bərpa olunmasına təsir etmir. Ağız boşluğu və dildə xarakter dəyişiklik yaranır. Dilin ucunda, kənarlarında çatlar, atrofik dəyişikliklər, üzərində müxtəlif formada qızartılar (coğrafik dil) olur. Dodaqlarda çatlar yaranır, dodağın selikli qişasında, ağız boşluğunda atrofik dəyişikliklər, xeyloz əmələ gəlir.
Xəstələr təbaşir, dis tozu, kömür, gil, qum, xüsusən buz, çiy dənli bitkilər, xəmir, çiy ət yeyirlər. Bal, bişmiş ət və ət məhsullarına qarşı isə ikrah hissi yaranır.
Kerasin, mazut, aseton, rezin, skipidar və s. kimi kimyəvi maddələrin iylərinə qarşı çox həssas olurlar. Dad hissiyyatının dəyişmə səbəbi tam izah olunmur. Lakin dəmir defisiti ilə bağlı olması dəqiqdir. Çünki dəmir preparatlarının təyinindən sonra əlamətlər tamamı ilə yox olur. Dəmir defisitli anemiyanın kəskinləşməsi zamanı isə əlamətlər yenidən residiv verə bilər. Xəstələrin dəri örtükləri adətən alebastr və ya yaşıla bənzər rəngdə, sklera isə mavi çalarda olur. Bu buynuz qişada gedən distrofik dəyişikliklərlə əlaqədardır. Qeyd etmək lazımdır ki, toxumalarda dəmirin defisiti anemiyanın inkişafından əvvəl başlayır.
Dəmir defisitli anemiyalı xəstələr arasında anemiya nəticəsində yaranan ürək-damar sisteminin xəstəliklərinə, xüsusən miodistrofiyaya tez-tez rast gəlinir. Ürək sərhədləri sola böyüyür, zirvədə və ağ ciyər arteriyasında sistolik küy eşidilir. Taxıkardiya, hipotenziya, döş qəfəsində ağrılar olur. Yaşlı insanlarda dəmir defisiti hətta ürək-damar çatışmazlığına da səbəb olur. İmmun sistemin zəifləməsi nəticəsində müxtəlif bağırsaq infeksiyaları, respirator, virus, xəstəlikləri, eləcə də xroniki infeksiya ocaqlarının yaranması artır. Dəmir defisitli anemiya zamanı uşaq və yeniyetmələrdə fiziki, intellektual inkişaf zəifləyir, infantillik, endokrin dəyişikliklər yaranır. Yeniyetmə qızlarda qalxanvarı vəzin patologiyası, aybaşı tsiklinin pozulması, bəzən uşaqlığın inkişafdan qalması halları da olur. Uşaqlarda patogenezi aydın olmayan periferik neyropatiya əlamətləri yaranır.
Dostları ilə paylaş: |