Axc qurucularının bioqrafiyası Ağabəyzadə Sadıxbəy İsmayıl oğlu


Hacınski Camo bəy Süleyman oğlu



Yüklə 246,1 Kb.
səhifə2/5
tarix29.05.2018
ölçüsü246,1 Kb.
#51985
1   2   3   4   5

Hacınski Camo bəy Süleyman oğlu 1888-ci ildə Qubada anadan olmuşdur. İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas olmuşdur. Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. "Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin (1917) yaradıcılarından olmuşdur.
1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. 
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi. Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinələrində (1919-cu il aprel -1920-ci il mart) poçt və teleqraf naziri vəzifəsində çalışmış, Respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. 1920-ci il Aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olmuşdur. 1922-ci il aprelin 21-də həbsə alınmış, 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıtmış, həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında ("Köybirliyi") plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri vəzifəsini icra etmişdir. Hacınski 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləmiş, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılmış, 1938-ci il noyabrın 24-də yenidən həbs edilərək sürgün olunmuşdur. 1942-ci ildə Kirov vilayətinin Vyatka həbs düşərgəsində vəfat etmişdir. 1956-cı il iyunun 13-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ona bəraət verilmişdir.

Hacınski Mehdi bəy Süleyman oğlu 1879-cu ildə Qubada anadan olmuşdur. Teatr xadimi, aktyor, publisist, ictimai-siyasi xadim olmuşdur. Bakıda realnı məktəb kursunu bitmiş, şərq dilləri kurslarının dinləyicisi olmuşdur. Bakı Dövlət Universitetinin filologiya və hüquq fakültələrində təhsil almışdır. 1896-cı ildə Bakıda müsəlman truppasının təşkilində fəal rol oynamışdır. 1906-cı ildə isə ikinci teatr truppasının, sonralar Artistlər Şurasının üzvü olmuşdur. Hacınskinin ilk çıxışı Nəriman Nərimanovun "Nadanlıq" əsərində olmuşdur. Hacınski siyasi xadim kimi də fəaliyyət göstərmişdir. "Müsavat" partiyasının üzvü olmuş, partiyanın Bakı bürosunun tərkibinə seçilmiş (1917), Zaqafqaziya seyminin, 1918-ci il, 26 may Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 24 üzvündən biri idi. Milli Şuranın "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmiş, rəyasət heyətinin katibi olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikası məhkəmə xadimlərinin 1-ci qurultayında xalq hakimləri şurası rəyasət heyətinin üzvü seçilmişdir. 1941-ci ildə Bakıda vəfat etmişdir. Hacınski Məmməd Həsən Cəfərqulu oğlu 1875-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir; şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910-cu illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və dəniz hamamının tikilməsi Hacınskinin fəaliyyəti ilə bağlıdır. 1917-1920-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olmuşdur. 1917-ci il martın 5-də təşkil edilən Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil idi. Hacınski martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilmişdi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdi. Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik etmiş, 6 oktyabrdan isə maliyyə naziri olmuşdur. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalamışdır. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc vermişdi. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu. 1920-ci il martın 30-da Hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni Hökumətin təşkilini Hacınskiyə tapşırdı. O, bir müddət Parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar apardı, hətta bolşeviklərlə də görüşdü və onlara öz hökumətində nazir vəzifələri də təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak etmişdir. 1920-ci il mətbuatında Hacınskinin Azərbaycanın tikinti-quruculuq işlərinə dair məqalələri dərc edilmişdir. Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski də repressiyaya məruz qalmışdır. L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunmuşdur.
Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, 1931-ci ildə "özünü asmaqla" intihar etmişdir.

Əbdürrəhim Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ildə Şuşada doğulmuşdur. Yazıçı, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, Azərbaycanın əməkdar incəsənət xadimi olmuşdir. İlk təhsilini Şuşada, orta təhsilini Tiflis realnı məktəbində almışdır. 1899-cu ildə Peterburq Yol Mühəndisləri Institutunu bitirmişdir. İnstitutda oxuyarkən azad dinləyici kimi Peterburq Universitetinin şərq fakültəsində ədəbiyyat dərslərində mühazirələri dinləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Ermənistanda, sonra isə Dağıstanda Azərbaycan hökumətinin nümayəndəsi olmuşdur.  1905-ci ildə Gəncə şəhər Dumasına deputat seçilir. 30-cu illərdə teatrların dövlət müfəttişliyində işləmiş, ADU-da mühazirələr oxumuşdur. Ə. Haqverdiyev "Azərbaycanda teatr", “M. F. Axundovun həyat və yaradıcılığı", "M. Qorkinin həyat və yaradıcılığı", "Bizim ədəbi dilimiz" kimi ədəbi publisistik yazıların müəllifidir. Ə. Haqverdiyev V. Şekspirin, F. Şillerin, E. Zolyanın, M. Qorkinin, A. Çexovun, V. Korolenko və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat etmişdir.

Həsənov Əlağa Hacı Süleyman oğlu 1871-ci ildə Bakıda anadan olmuşdur. İctimai və dövlət xadimi olmuşdur. Bakı şəhər gimnaziyasını və kommersiya məktəbini bitirmişdir. Bakı taciri olan Həsənov "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. 1918-ci ilin martında Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımlarının qarşısını almağa çalışmışdır. Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Bakı şəhərindən bitərəf kimi Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi.   1919-cu il sentyabrın 30-da Həsənovun rəhbərliyi ilə Azərbaycan Dövlət Bankı fəaliyyətə başlamışdır. Cümhuriyyətin əsginasları üzərində baş nazirlə yanaşı maliyyə naziri Həsənovun da imzası var idi. 1933-cü ildə Bakıda vəfat etmişdir.

Xasməmmədov Xəlil bəy Hacıbaba oğlu 1873-cü ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimlərindən biri olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almış, Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur. Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.
Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913-1917) işləmişdir. Fevral inqilabından (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. 1917-ci il 26-31 oktyabrda Bakıda keçirilmiş "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Xasməmmədov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi. X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak etmişdir. Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur.
1947-ci ildə İstanbulda vəfat etmişdir.

Xoyski Fətəli xan İsgəndər xan oğlu 1875-ci ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuşdur.
Ulu babası Cəfərqulu xan Cənubi Azərbaycanda Xoyun hakimi, babası İsmayıl xan 1807-1810-cu illərdə Şəki xanı olmaqla rus ordusunun general-leytenantı olmuşdur. F. İ. Xoyski orta təhsilini Gəncə Klassik Gimnaziyasında almış, 1901-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir.
1901-1916-cı illərdə Gəncə, Suxum, Batum, Kutais, Bakı məhkəmələrində vəkil olmuşdur. Yekaterinodarda prokurorun köməkçisi, ikinci Dövlət Dumasının deputatı olmuşdur. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra F. Xoyski Zaqafqaziya seyminə daxil olmuşdur. 26 may 1918-ci ildə Seym buraxıldıqdan sonra, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. F. İ. Xoyski Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur. 22 yanvar 1920-ci ildə bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan hökumətinə nota göndərərək Denikinə qarşı birgə səy göstərməyi təklif etmişdir. Azərbaycan hökumətinin cavabı belə olmuşdur: "Azərbaycan Respublikası Sovet Rusiyasının işinə qarışmır, biz bu məsələdə bitərəfik". 27 aprel 1920-ci ildə Azərbaycan parlamentində Çiçerinin göndərdiyi ikinci notasına eyni cavab oxuduqdan sonra rus imperiyasının qoşunları Azərbaycan dövlət sərhədini keçmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut edib kommunist rejimi qurulduqdan sonra Fətəli İsgəndər oğlu Xoyski ailəsi ilə Tiflisə köçmüşdür. Burada 1920-ci ilin iyunun 19-da erməni millətçi-terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Xoyski Rüstəm xan İsgəndər xan oğlu 1888-ci ildə anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri olmuşdur. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır. 1918-ci ilə qədər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci və 2-ci Hökumət kabinələrində işlər idarəsinin müdiri, sonralar isə himayədarlıq naziri vəzifələrində çalışmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm xan Xoyski Azərbaycan Sovet Sosialist Respublikası Ali İqtisad Şurası rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşünas və sairə vəzifələrdə işləmişdir. Sonralar Moskvaya köçmüş və 1939-cu ildə orada vəfat etmiş, Novodeviçye qəbiristanlığında, qaynı, mühəndis İ.Yutkeviçin yanında dəfn edilmişdir.

Kiçikxanlı (Kiçikxanov) Bayram Niyazi Zaqatalanın Faldar kəndində anadan olmuşdur. Azərbaycan milli-istiqlal hərəkatının iştirakçısıdır. Orenburq seminariyasını bitirmiş, Bakıda əmək fəaliyyətinə başlamış və inqilabi hərəkata qoşulmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Zaqatala mahalından ADR parlamentinin tərkibinə daxil edilmişdir. Kiçikxanlı Parlamentdə “Əhrar” fraksiyasının üzvü olmuş, parlament katibliyinə seçilmiş, vəzifəsinə görə rəyasət heyətinin tərkibinə daxil edilmişdir.

Klenevski Viktor Viktoroviç (?-?) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, Slavyan-Rus cəmiyyətindən Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə Slavyan-Rus cəmiyyəti fraksiyasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət kabinəsində sosial-təminat naziri olmuşdur.
Köçərli Firidun bəy Əhməd ağa oğlu 1863-cü ildə Şuşada anadan olmuşdur Maarif xadimi, publisist-yazıçı, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, "Müsavat" partiyasının üzvlərindən biri olmuşdur. Bəy ailəsində doğulmuşdur. Şuşada mollaxanada (1870-1872), Mirzə Kərim Münşizadənin məhəllə məktəbində (1872-1875), 2-ci dərəcəli şəhər məktəbində (1876-1879) oxumuş, Qori Müəllimlər Seminariyasını (QMS) bitirmişdir (1885). İrəvan gimnaziyasında (1885-1896), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində (1896-1917) müəllim işləmişdir. 1905 və 1908-ci illərdə Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin inspektoru vəzifəsini tutmağa təşəbbüs göstərmiş, 1910-cu ildə şöbənin inspektorluğunu müvəqqəti (fevral-iyun) icra etmişdir. Fevral inqilabından (1917) sonra seminariya tələbələrinin tələbinə əsasən, Xüsusi Zaqafqaziya Komitəsi sədrinin 1917-ci il 17 avqust tarixli əmri ilə Azərbaycan şöbəsinin inspektoru təyin olunmuşdur. 1918-ci ildə Cənubi Qafqazda baş verən siyasi hadisələr zamanı Köçərli, azərbaycanlıların arzusunu həyata keçirərək, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmüş, onu müstəqil milli seminariyaya çevirmiş və ilk direktoru (1918-1920) olmuşdur. XVIII-XIX əsrlərdə və XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatının inkişaf yolunu araşdıran Köçərli onun 130 nümayəndəsinin həyatı və yaradıcılığı haqqında məlumat toplamışdır.

1920-ci ildə Gəncədə vəfat etmişdir.
Qaplanov Rəşid xan Zavid oğlu 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olmuşdur. Siyasi və dövlət xadimi olmuşdur. Milliyyətcə qumıqdır. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, burada yaranmış Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrini tutmuşdur. 
Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. 

1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdir. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdır. Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdir. Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir. Repressiyaya məruz qalmışdır. 1937-ci ildə vəfat etmişdir.
Qarabəyli Qara bəy İsmayıl ağa oğlu 14 yanvar 1873-cü ildə Yelizavetpol quberniyasının Yuxarı Ayıblı kəndində anadan olmuşdur. İctimai-siyasi xadim, həkim, publisist, dilçi-lüğətçi, mühərrir olmuşdur. İlk təhsilini Şəmkir alman-rus litseyində almışdır. 1892-ci ildə Tiflis klassik gimnaziyasını bitirərək Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş, burada 4 il təhsil aldıqdan sonra 1896-cı ildə siyasi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilmişdir. Həbsdən azad olunduqdan sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə buranı bitirdikdən sonra iki il Moskvada işləmişdir. 1901-ci ildə Bakıya qayıdaraq, müstəqil həkimlik fəaliyyətinə başlamış, şəhərdə ilk dəfə olaraq, zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açmışdır. Birinci rus inqilabının təsirilə ictimai fəaliyyətə başlayan Qarabəyli 1905-ci ilin 15 avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının birinci qurultayında iştirak etmiş, "İttifaqi-müslimin " təşkilatının üzvü, Əhməd bəy Ağayevin "Difai" partiyasının rəhbərlərindən olmuşdur.

1906-cı ildə o, İrana mühacirətə gedərək, inqilabi fəaliyyətini burada davam etdirmiş, Rəşt tutulduqdan sonra Avropaya mühacirət etmək məcburiyyətində qalmışdır. 1908 ildə İstanbula gəlib, burada "Səadət" adlı təşkilat yaratmışdır. Həmin il hakimiyyətə gələn "Gənc türklər" Qarabəyliyə vəzifə təklif etsələr də, bundan imtina etmişdir. 

1911-ci ildə Bakıya qayıdaraq, həkimlik və publisistik fəaliyyətini davam etdirmiş, "Haqq yolu" adlı jurnal buraxmışdır. O, həmçinin, Azərbaycanda ilk ikicildlik türk-rus lüğətini nəşr etdirmişdir. Birinci dünya müharibəsinin (1914-18) başlanması ilə cəbhəyə yollanmış, rus ordusunun tərkibində müsəlmanlardan ibarət "Vəhşi diviziya"nın baş həkimi olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Bakıya qayıtmış, bir müddət "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olmuşdur.

1919-cu ilin aprelində "İttihad" partiyasının sədri seçilmişdir. Qarabəylinin bilavasitə rəhbərliyi sayəsində "İttihad"ın fəaliyyəti xeyli canlanmış və o, Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Müsavat”dan sonra ən güclü siyasi təşkilata çevrilmişdi.

1920-ci il Aprel işğalından sonra Qarabəyli bir neçə dəfə həbs edilmiş, əvvəlcə Arxangelsk vilayətindəki Solovki həbs düşərgəsinə göndərilmişdir. Nərimanovun xahişindən sonra Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə sürgündən azad olunmuş, Moskvaya köçərək, Rusiya Fövqəladə Komissarlığının (VÇK) xəstəxanasında həkim işləmişdir. 

1932-ci ildə Qırğızıstanda ilk rentgeneloji kabinet təşkil etmişdir. 1933-cü ildə Özbəkistana gəlmək məcburiyyətində qalan Qarabəyli Səmərqənd xəstəxanasında baş həkimin müavini vəzifəsində işləmişdir. 1934-cü ildə gizli olaraq Bakıya gələrkən bir ermənini döydüyü üçün həbs edilmiş, həbsdən buraxıldıqdan sonra yenidən Səmərqəndə göndərilmişdir. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləmişdir. Lakin bir həkimin şikayət məktubu əsasında "pantürkist, panislamist" kimi həbs edilərək, 10 il müddətinə Kolımaya (Rusiya, Maqadan vilayəti) sürgün olunmuşdur. 1947-ci ildə Bakıya qayıtsa da, burada iş və qeydiyyat problemləri ilə üzləşdiyindən yenidən Səmərqəndə qayıtmışdır. 1953-cü ilin sentyabrında Səmərqənddə vəfat etmişdir.
Qardaşov Aslan bəy 1866-cı ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. İctimai-siyasi xadim "Əhrar" partiyasının liderlərindən biri olmuşdur. Zaqatala qəza məktəbində oxumuş, sonra Müəllimlər Seminariyasını bitirmiş, İstanbul Universitetində təhsilini davam etdirmişdir. Hüquq, maarif sahəsində çalışmış,. Dağıstandan II Dumaya üzv seçilmişdir. 1917-ci ildən Müsavat partiyasının üzvü olmuşdur. Zaqafqaziya seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Qardaşov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində (14 aprel - 22 dekabr 1919-cu il) əkinçilik naziri idi. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar" fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan etmiş, 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün Parlamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyəti bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir. Aslan bəy 21 iyul 1920-ci ildə güllələnmişdir.
Qənizadə Sultanməcid Hacı Murtuzəli oğlu 1866-cı ildə Şamaxıda anadan olmuşdur. Maarif xadimi, yazıçı, tərcüməçi, filoloq alim olmuşdur. Tacir-müəllim ailəsində doğulmuşdur. "Məclis" məktəbində (1872-1879), 3-cü dərəcəli şəhər məktəbində (1879-1882) oxumuş və birillik pedaqoji kurs bitirmişdir (1883). Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Bakıda Həbib bəy Mahmudbəyovla açdığı ilk xüsusi ― “rus-müsəlman" məktəbində (1887-1891) müəllim, 2-ci "rus-müsəlman" məktəbində (1891-1898), 2-ci dərəcəli ali ibtidai məktəbdə (1898-1905) müdir, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsində (1905-1908), Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri idarəsinin 2-ci rayonu üzrə müfəttiş (1908-1917) və vilayət xalq məktəblərinin direktoru (1917-1918) işləmişdir. 918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilmiş, İstiqlal bəyannaməsi imzalanarkən bitərəf qalmışdır. Qənizadə ilk milli dövlətin quruculuq işlərində və Parlament iclaslarında fəal iştirak etmişdir. 1919-ci ilin avqustunda Parlamentin sədr müavini seçilmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclaslarında müzakirə olunan məsələlərə "İttihad" partiyasının və özünün şəxsi münasibətlərini bildirirdi. Sovet hakimiyyəti illərində Azərbaycan SSR Xalq Maarif Komissarlığında dərslik və sinifdənkənar oxu materialı hazırlayan şöbənin müdiri (1920-1925), Bakı şəhər xalq maarifi idarəsində inspektor (1925-1929), pedaqoji təcrübə məşğələlərinin rəhbəri olmuş, hərbi məktəbdə və sənaye institutunda dərs demişdir. 

Qənizadənin "Bir para mətləblər" başlığı ilə "Həyat" və "İrşad" qəzetlərində dərc etdirdiyi publisist məqalə və felyetonlarda Birinci rus inqilabı nəticəsində əldə edilmiş azadlıqlar, çarizmin müstəmləkəçilik rejimini müdafiə edən müsəlman ruhaniləri və ana dilini lüzumsuz ərəb-fars sözləri ilə korlayan mühərrirlər kəskin tənqid olunmuşdur.
Hüseyn Ərəblinskidən bəhs edən "Böyük aktyor haqqında xatirələrim", "Sabir haqqında kiçik bir xatirə"nin də müəllifidir.
1937-ci ildə vəfat etmişdir.



Ləmbəranski Cəmil bəy Nəsir bəy oğlu 1884-cü ildə Bərdənin Ləmbəran kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, 1920-ci ilə qədər özünün təşkil etdiyi Tərtər xəstəxanasında işləmişdir. 1918-ci il Batum konfransında iştirak etmişdir. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmiş, Parlamentdə "İttihad" fraksiyasına daxil olmuşdur.

1949-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda optopediya və travmatologiya kafedrasının müdiri olmuşdur. 1957-ci ildə Ləmbəranskiyə Azərbaycanın əməkdar həkimi fəxri adı verilmişdir.
1959-cu ildə Bakıda vəfat etmişdir.
Lizqar Konstantin Nikolayeviç 1882-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü hökumət kabinəsində ərzaq naziri olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuş, 1914-cü ildə praporşik rütbəsi ilə orduya çağırılmış, 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı olmuş, yollar komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışmışdır. 1918-ci ilin martında "Slavyan-rus cəmiyyəti"ni yaradanlardan biri və onun sədri olmuşdur. Həmin ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əkinçilik naziri Xosrov Paşa bəy Sultanovun dəvəti ilə Bakıya gəlmiş, nazirlikdə xüsusi tapşırıqlar məmuru təyin olunmuş, Cümhuriyyətin 3-cü hökumət kabinəsində isə ərzaq naziri vəzifəsini tutmuşdur. 1920-ci il mayın 2-də 11-ci Qırmızı ordu inqilabi Şurası yanındakı xüsusi şöbə tərəfindən həbs edilmiş, mayın 15-də əks-inqilabi fəaliyyətdə və sovet hökumətinə qarşı düşmənçilikdə ittiham edilərək güllələnmişdir.
Yüklə 246,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin