Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


“Türk dili” anlayışı orta əsrlərdə



Yüklə 0,73 Mb.
səhifə3/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   2   3   4   5   6   7   8   9   ...   34
2. “Türk dili” anlayışı orta əsrlərdə

I minilliyin birinci yarısında türklərə və ya türklərin hakimiyyəti altında cəmləşmiş müxtəlif etnoslar birliyinə verilmiş “hun// xun// syun” adı tarixdə həm Şərq, həm də Qərb mənbələrində nə qədər məşhur olsa da, həmin minilliyin ortalarından etibarən öz populyarlığını, demək olar ki, tamamilə itirmişdir.

Bir sıra tədqiqatçılar, xüsusilə G.Dörfer hunların etnik tərkibinin bilinmədiyi kimi, onların hansı dildə danışdıqlarının da məlum olmadığı iddiasındadır.Onun fikrincə, “1. Biz xunların hansı dildə danışdıqlarını bilmirik. 2. Biz syunnuların hansı dildə danışdıqlarını bilmirik. 3. Biz Avropa hunlarının hansı dildə danışdıqlarını bilmirik. 4. Bizim əsasımız var güman edək ki, Avropa hunlarının dili syunnuların dilindən fərqlənmişdir, yəni Avropa hunları, görünür, syunnuların varisləri deyillər, hər halda onların bilavasitə varisləri deyillər” (22, s.59).

Nəticə etibarilə, belə bir qərara gəlir:

“Bizim əsasımız var güman edək ki, nə syunn dili, nə də Avropa hunlarının dili heç bir məlum və ya hazırda mövcud olan dil ailəsinə aid deyil, ən azından (Şumer, uqarit hadisələrində olduğu kimi) söhbət ölmüş dil qruplarından gedir” (22, s.59).

N.A.Baskakov isə, məlum olduğu kimi, türk dillərinin Şərqi və Qərbi hun qruplarına bölünməsindən inamla bəhs etmişdir (123).

Hun tarixşünaslığına gəldikdə, demək lazımdır ki, bu xalqın və ya cəmiyyətin əsasında türk etnosunun dayandığına, onun liderinin isə türk olduğuna mənbələr şübhə etmir (məsələn, geniş məlumat üçün bax: 135).

“Türk” sözü ilk dəfə qədim türk (run) yazılı abidələrinin dilində işlənmişdir:

“Tenqri təq tenqridə bolmış türk bilqə kağan bu ödkə olurtım” (24, s.159).

“Türk bəqlər türk atın ıtı, tabğaçğı bəqlər tabğaç atın tutıpan tabğaç kağanka körmis” (24, s.160).

“Türk kara kamuğ budun ança timis...” (24, s.160).

Burada həmin sözün həm etnos, həm də dövlət adı bildirməsi diqqəti xüsusi olaraq cəlb edir. “Türk”ün dil adı (linqvonim) kimi işlədilməsinə isə təsadüf olunmur. Lakin türk bəylərinin “türk adı”nı atıb Çin adını qəbul etməyə məcbur olmaları barədəki təəssübkeşlik göstərir ki, bu dövrlərdə türklər aydın təzahür edən ad həssaslığına malik olmuşlar.

“Türk dili” anlayışının məzmununu əks etdirən ilk ən mötəbər mənbə, şübhəsiz ki, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”üdür (XI əsr).

Araşdırıcıların çoxu “Divan”ın adını “Türk dillərinin divanı” şəklində verməyə meyllidir ki, fikrimizcə, bu o qədər də doğru deyil. Hər şeydən əvvəl ona görə ki, Mahmud Kaşğari, prinsip etibarilə, “türk dilləri”ndən yox, “türk dili”ndən bəhs etmişdir.

Əsərin başlanğıcında “Divan” müəllifi yazır:

“...Peyğəmbərimiz qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır” deyə buyurmuşdur.

Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir” (52, s.55).

Elə isə “Divan”dan bəhs edərkən “türk dili” əvəzinə “türk dilləri” ifadəsinə üstünlük verilməsinin səbəbi nədir?

Görünür, əsas səbəb Mahmud Kaşğarinin ayrı-ayrı türk tayfalarının dillərini (eyni bir dilin ləhcələrini) müqayisə etməsidir ki, bu da araşdırıcılarda belə bir təsəvvür yaratmışdır ki, guya “Divan” müəllifinin məqsədi artıq bir-birindən az və ya çox dərəcədə fərqlənən türk dillərinin müqayisəsini verməkdir. Ancaq əsərin ideyası, məramı açıq şəkildə göstərir ki, dahi dilçi-lüğətçinin məqsədi ərəblərin, yaxud ərəbdillilərin “türk dilini öyrənmək” ehtiyacını qarşılamaqdan ibarətdir. Mövcud ləhcə müqayisələri isə türk dili barədə daha dərin, daha müfəssəl məlumat çatdırılmasına xidmət edir.

Görkəmli dil tarixçisi Ə. Dəmirçizadə yazır:

“... Ümumiyyətlə, dilçilikdə, xüsusən türkologiyada müqayisəli-tarixi metodun başlanğıcını XVIII və ya XIX əsrlərdən deyil, məhz XI əsrdən - Mahmud Kaşğarinin “Türk dillərinin divanı” adlı kapital əsərindən hesablamaq daha doğru olar” (10, s.18).

Maraqlıdır ki, həmin fikri ümumi dilçilik üzrə məşhur mütəxəssis A. Axundov da təsdiq edir (10, s.18).

Fikrimizcə, C.Heyət məsələyə daha düzgün yanaşır. O göstərir ki, “bu kitab (yəni “Divani-lüğət it-Türk”) ərəblərə ədəbi türk dili olan Xaqaniyyə və ya Kaşğar ləhcəsini və o zamankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və kırğız) öyrətmək üçün yazıldı” (107, s. 161).

Mahmud Kaşğari yazır:

“Türk və ərəb dillərinin atbaşı bərabər yürüdükləri bilinsin deyə Xəlilin “Kitabül-əyn”də elədiyi kimi, mən də işlək sözlərlə arxaik kəlmələri bu kitabda birlikdə vermək niyyətində idim. Əlbəttə, bu daha mükəmməl iş olardı. Lakin mənim tutduğum yol daha doğrudur, çünki bu halda sözləri tapmaq daha asandır və hər kəs bu üsula üstünlük verir. Buna görə də sözü qısa etmək məqsədilə işlədilməyən kəlmələri kitaba daxil etmədim” (52, s.57).

Bu isə o deməkdir ki, “Divan” işgüzar bir lüğət olduğuna görə, türk dilini öyrənmək istəyən ərəbdillilərə onu mövcud ləhcələri, şivələri ilə təqdim edir; arxaizmləri isə vermir. Halbuki ərəb lüğətçiliyində arxaik sözlərin verilməsi ənənə idi.

M.Kaşğarinin guya türk dillərini müqayisəli-tarixi metodla tədqiq etməsi barədə geniş yayılmış mülahizənin doğru olmadığı özünü burada da göstərir. Əgər lüğətə işlədilməyən və ya arxaik sözlər (təbii ki, onların əksəriyyəti qədim türk sözləri olmalı idi) daxil edilmirsə, burada hansı tarixi-müqayisəli metoddan söhbət gedə bilər? Ümumiyyətlə “türk dillər”indən söhbət gedə bilərmi? Təbii ki, gedə bilməz. Bu özünü onda da göstərir ki, “Divan” müəllifi ayrı-ayrı türk tayfa “dili” (ləhcə, şivə) xüsusiyyətlərini fərqləndirərkən tez-tez bu “dil”lərin “türk dili” olduğunu xatırladır.

Lakin məlum olduğu kimi geniş bir coğrafiyanı əhatə edən türklər arasında türk mənşəli olmayan xalqlar, tayfalar da yaşayırdılar ki, Mahmud Kaşğari onların “türkcə”lərindən də bəhs etmişdir:

“... Pauza vermək üçün sözlərin sonuna h hərfi əlavə olunur... Ancaq bir şey anlatmaq üçün söylənən sözlərdə h yoxdur. Xotən dilində bu hərf var, çünki bu dildə hind dillərinin təsiri hiss edilir. Bu hərf kənçək dilində də var və bu dil də təmiz türk dili deyildir” (52, s.60).

Bununla belə, istər türk mənşəli, istərsə də türkcə danışan qeyri-türk mənşəli tayfaların dili üçün ümumi olan həm fonetik, həm də leksik göstəricilərin kəmiyyəti sübut edir ki, burada bir neçə türk dilindən- “türk dilləri”ndən deyil, yalnız bir “ türk dili”ndən söhbət gedə bilər. M.Kaşğari yazır:

“Köçəri xalqlardan olan çomul boyunun dili ayrıdır. Lakin türk dilini yaxşı bilirlər. Kay, yabaku, tabar, başmil boyları da belədir. Hər boyun özünəməxsus ayrı ləhcəsi olsa da, türkcə gözəl danışırlar.

Qırğız, qıpçaq, oğuz, toxsi, yağma, çigil, uğrak, çaruk boylarının dilləri ancaq türkcədir.

Yəmək və başqırdların dilləri bunlara yaxındır.

...Uyğur şəhərlərinə qədər Ərtiş, İla, Yamar, Ətil çayları boyunca yaşayan xalqın dili düzgün türk dilidir. Bunların içində ən açıq, şirini Xaqaniyyə ölkəsi xalqının dilidir” (52, s.104).

M.Kaşğarinin “Divan”ı sübut edir ki, a) dil adı (liqvonim) ümumi etnosun (türklərin) adı ilə bilavasitə bağlıdır; b) müxtəlif türk boylarının öz adları olsa da, onların dialektlərinin və ya şivələrinin xüsusi adı yoxdur; c) artıq ədəbiləşmiş türkcənin konkret adını bildirmək üçün etnosun deyil, hakimiyyət sülaləsini bildirən adlardan istifadə olunur (xaqaniyyə, qaraxanlılar və s.).

Dahi dilçinin Xaqaniyyə türkcəsinə xüsusi önəm verməsi birinci minilliyin sonlarından başlayaraq türk dilinin həmin paytaxt ləhcəsinin ədəbi dilə çevrilməsilə bağlıdır.

Təsadüfi deyil ki, XI əsrin böyük türk-Qaraxanlı şairi Yusif Xas Hacib Balasaqunlu iri həcmli poeması “Kutadqu bilik”i məhz bu dildə qələmə almışdır.

Y.Balasaqunlu əsərin ön sözündə yazır:

“...Gündoğan vilayətində Türküstan ellərində Buğra xan dilində (qeyd edək ki, bu ifadə çox maraqlıdır, belə ki, müəllif öz möhtəşəm əsərini Qaraxanlı hökmdarı Satuq Buğra xana təqdim etdiyinə görə hörmət-ehtiram əlaməti olaraq əsərin dilini belə adlandırır - A.Q.) bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz... Biri ədl, ikincisi dövlət, üçüncüsü əql, dördüncüsü qənaət. Yəni bunların hər birinə türkcə bir ad verilib (Gündoğdu, Aydoldu, Ögdülmüş və Özgurmuş - A.Q.) ...


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin