2. Məhəmməd ağa Şahtaxtlının “ana dili” anlayışı
“Azərbaycan dili” anlayışının təşəkkülü tarixində böyük xidmətləri olan ziyalılardan biri Məhəmməd ağa Şahtaxtlı (Şahtaxtinski) idi. Hələ 1891-ci ildə “Kaspi” qəzetinin 93-cü nömrəsində çap olunmuş “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsində yazırdı:
“Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilində müsəlman adlandırırdılar. Bu anlayış altında təkcə islam dininə sitayiş edənləri yox, ümumiyyətlə türk dilində danışan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə tuturdular. Dinlərinə görə ruslar tərəfindən xalqın belə adlandırılması müsəlmanların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər milli dil və din anlayışlarını itirib, öz xalqlarını və öz dillərini müsəlman adlandırırdılar” (78, s.28).
M.Şahtaxtlı məsələyə belə bir aydınlıq gətirir:
“Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.
Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri” (78, s.28).
Əlbəttə, bugünkü türkoloji baxışlar, eləcə də terminologiya səviyyəsindən bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün, doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M.Şahtaxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.
“Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsinin müəllifinin yekun sözü bundan ibarətdir:
“Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Adərbedcan (Azərbaycan) mahalı-indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır...
... Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn, azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili.
Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədə uyğun olardı” (78, s.29).
M.Şahtaxtlının bu məqaləsini “azərbaycanşünaslığın ilk elmi bünövrəsi, azərbaycançılığın ilkin minimum proqramı” (78, s.22) adlandıran İ.Həbibbəyli tamamilə haqlıdır.
M.Şahtaxtlı özünün “Şərqi-rus” qəzetinin 16 aprel 1903-cü il tarixli nömrəsində xalqa müraciət edərək deyirdi:
“Dilimizi, dinimizi, dünyada nəslimizin bəqasını sevən qeyrətli müsəlman qardaşlar, hər sinifdənsiniz, millətin nikbəxtliyinə vəqf olan bu mütəvaze qəzetimizin intişarına kömək eləyin! Eləməzsiniz, qəzet əldən gedər. Əldən gedərsə, özü ilə bərabər dilimizi də aləmi-fənayə aparıb, biz türkləri bəhayim halında qoyar” (78, s.73).
Göründüyü kimi, burada müəllif daha kütləvi anlayış-adlara müraciət edir: müsəlman qardaşlar, millət, biz türklər, dilimiz, dinimiz və s. Bu isə, şübhəsiz, üslubdan – müraciətin milli hisslər oyadan məhrəm xarakterindən irəli gəlir ki, müəllif istər dilin, istərsə də xalqın adında elmi konseptuallığı (Azərbaycan xalqı, Azərbaycan dili) gözləməyi ehtiyac duymur.
M.Şahtaxtlının “Şərqi-rus”da çap olunmuş məşhur “Hər gün bir az” məqalələr silsiləsindən biri (29 avqust 1904, N 148)” bu dəfə dilimizdən danışacağız” cümləsilə başlayır.
Müəllif yazır:
“Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövmünə mütəəlliqdir. Türk dili ki bu qövmlər danışırlar, ümdə iki qismə bölünür:
Biri şərqi, biri qərbi. Şərqi türkcəsi cığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir...
...Qərbi türkcə Osmanlı ilə Azərnbaycan türkcəsidir. Osmanlı türkcəsilə Azərbaycan türkcəsinin arasında, demək olar ki, heç bir fərq yoxdur” (78, s.197).
Dil-danışıq faktlarını müqayisə edərək davam eləyir:
“İndi biz “gedir” və “gedirik”i Azərbaycan dili hesab edib, bunlardan fərqli olan tələffüzləri Azərbaycan dilinin xaricində hesab etsək, istanbullunun “gediyor” və “gediyoruz”u ilə bərabər, marağalının “gediri” və təbrizlinin “gedirux”unu dəxi Azərbaycan dilinin xaricində hesab etməli olacağız ki, burası namümkündür” (78, s.197).
M.Şahtaxtlı bununla da kifayətlənməyib türkləri birləşdirən ümumi ədəbi dildən də bəhs edir:
“Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı dili ədəbiyyatının sərvəti sayəsində Qazan və Cığatay türkcəsi ilə qonuşan həmlisanlılarımız arasında da ədəbi dili, kitab dili, maarif və diyanət dili olmuşdur. O tərəflərdə üləma silki-cəlilindən və ya sadə maarif-məndandan olsun kamallı və tərbiyəli müsəlman mütləq osmanlıca oxur, yazır. Əsasına baxılarsa, Qazan və İstanbul türkcələri də bir dildir, iki deyildir ki, bu xüsusda Avropa şərqşünaslarının hamısı mötəqiddirlər” (78, s.198).
Müəllif, əslində, belə bir dilin artıq mövcud olduğunu göstərib yazır:
“Bu dil osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bu dil azərbaycancadır ki, osmanlıcanın eynidir. Azərbaycan osmanlısıdır və ya osmani azərbaycanlısıdır. Bir sözlə, türkcədir. Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur ki, rusca, ingiliscə, ərəbcə kimi insanların fikir alveri üçün mükəmməl bir alət olur” (78, s.198).
“Azərbaycanda darülfünun” (“Azərbaycan” qəzeti, 28 iyul 1919-cu il) məqaləsində M.Şahtaxtlı göstərir ki, yeni açılacaq Universitetdə təhsil hələlik rus dilində olsa da, çalışmaq lazımdır ki, tezliklə xalqın öz dilində, yəni türkcə olsun. Eyni zamanda türkcənin nə dərəcədə dəyərli dil olduğunu sübut etmək üçün maraqlı bir hadisəni yada salır:
“Bir qaç sənə bundan əvvəl Avropa lisanə şünasları içində küll çahan üçün ümumi və yeganə lisandan istifadə olunmaq məsələsi ortaya böht olunduğu sərədə addım atıldığı vaxt şərqşünaslardan bir alim o fikri verdi ki, ümum növbəşər üçün yeganə bir lisan olmaq üzrə türk lisanı qəbul olunsun. Çünki türk lisanının qəvaidi hamı lisanlardan ziyadə müntəzəm və mütərəddiddir” (78, s.218).
M.Şahtaxtlı Azərbaycan Cümhuriyyəti dövründən etibarən yazdığı məqalələrdə “Azərbaycan dili” anlayışını, bir qayda olaraq, “türkcə”, “türkcəmiz” və “dilimiz” sözlərilə ifadə etmişdir. Məsələn, 28 oktyabr 1923-cü il tarixli “Yeni yol” qəzetində çıxan məqaləsi “Türkcəmizi həqiqətdə türkcə etmək” adlanır (78, s.226).
“Şərqi-rus”un Bakıya köçmək xəbəri yayılanda Bakıda rusca çıxan “Kaspi” qəzetində Əlimərdan bəy Topçubaşovun “Bakıda tatar dilində qəzet” başlıqlı məqaləsi (Kaspi, N 18, 23 yanvar 1905-ci il) dərc olunur ki, həmin məqalədə deyilir:
“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə Bakıda, “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayırlar. Zənnimcə, onlar adı çəkilən qəzetin bəzi yazılarının məzmununu ötəri də olsa yada salmaqla Qafqaz müsəlmanlarının içərisinə düşdüyü durğun, iylənmiş bataqlığın qısa müddətdə necə hərəkətə gəldiyini, anadilli mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləyə necə oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə biribirinin ardınca meydana çıxan digər tatar qəzetlərinin - “Ziya” və “Kəşkül”ün ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinməyib. Əlbəttə, öz növbəsində həmin qəzetlər cənab Ünsizadənin deyil, nisbətən daha bacarıqlı adamların əlinə düşsəydilər, gətirdikləri fayda da böyük olardı” (82).
Müəllif “Tərcüman”ın tarixi xidmətlərini yada salaraq davam edir:
“Bizim qəzetimiz (“Kaspi” nəzərdə tutulur - V.Q.) “Tərcüman”ın müsəlmanların tərəqqisinə göstərdiyi son dərəcə səmərəli təsirə öz səhifələrində indiyə qədər az yer ayırmayıb. Odur ki, təkrara yol verməyəcək və yalnız bu cəhətinə diqqət yetirəcəyik ki, müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb vəzifə yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildi.
Lakin buna baxmayaraq dörddə bir əsrə yaxın müddət ərzində Krımda çıxan qəzet tatar dilində (ruscaya tərcüməsi ilə birlikdə) yeganə kütləvi nəşr kimi qalmaqda davam etmişdi.
...Ana dilli qəzet nəşri məsələsində yalnız bu son vaxtlarda Məhəmməd ağa Şahtaxtinskinin bəxti gətirib.
Cənab Şahtaxtinskinin tatarca qəzet nəşrinə icazə alması xəbərini sağlam düşüncəyə malik bütün müsəlmanlar sevinclə qarşıladılar” (82).
Göründüyü kimi, Ə.Topçubaşov rusdilli ənənəyə uyğun olaraq “türk dili”ndən yox, “tatar dili”ndən bəhs edir.
Dostları ilə paylaş: |