Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017



Yüklə 0,73 Mb.
səhifə12/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Dedi əhli Şəmaxi cümiləsi amin sədaqətdən.

İlahi padşahi-Rusun eylə dövlətin əfzun

Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən. (36, s.70).
Qəzəldə bir sıra anlayışlar diqqəti xüsusilə cəlb edir: Rusiya dövləti, əhli-islam, zəbani-türk, əhli-Qafqaz, qəflət əhli, padişahi-Rus və s.

Səbəbi də odur ki, həmin anlayışlar qəzetin xitab etdiyi xalqı, onların (həm qəzetin, həm də xitab olunan xalqın) dilini, məskunlaşdığı coğrafiyanı (yəni Qafqazı), tabe olduqları siyasi hakimiyyəti (Rusiya dövləti, padişahi-Rus) dəqiq göstərir. Maraqlıdır ki, Seyid Əzim “Əkinçi”nin mövqeyini ifadə edərək, xalqı (etnosu) “əhli-islam” və “əhli-Qafqaz” olaraq təqdim eləməklə yanaşı, onun dilini, zəngin tarixi ənənəyə əsaslanaraq, “zəbani-türk” adlandırır. Ona görə ki, XIX əsrin ortalarından etibarən “Qafqaz müsəlmanları” ifadəsi bir etnonim olaraq işlədildiyi kimi, “Qafqaz müsəlmanlarının dili”, yaxud, sadəcə “müsəlmanca” (“Azərbaycan türkcəsi” mənasında) dil adı-linqvonim kimi geniş yayılmışdır.

Ümumiyyətlə, “Əkinçi”nin onomastik təcrübəsində aşağıdakı toponim, etnonim və linqvonimlərə təsadüf olunur:


  1. “...Əqli-məaşın mənası farsidə güzəran və türkidə dolanacaqdır” (36, s.108).

  2. “...Bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək” (36, s.113).

  3. “Təzə dadistəd qərardadını istəyirik türk dilində əlahiddə elədək” (36, s.129).

  4. “Daşkənd şəhərində türk dilində çap olunan “Türküstan vilayətinin qəzeti”ndə elmi-əbdan hədisinin barəsində mübahisə başlanıb” (36, s. 151).

  5. “Əgər İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna bizim üçün elə ləzzət eləməz, lakin “Əxtər” qəzeti fars dilində çap olunduğuna və fars dili bizim vilayətlərdə çox işləndiyinə, ümidvarıq ki, onu bizim tərəflərə gətirdən çox ola” (36, s.154).

  6. “...Nə ki milləti işlərimizə rövnəq vermirik, hətta zəhmət çəkib elm təhsil edənlərimizi incidib qovmaq ilə millətimizi kor edirik. Pəs vaxt keçməmiş elm kitabları gətirib, məktəbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki, müsəlmanlıqda qaim olasınız” (36, s.206).

  7. “...Sən hər bir qəzetində bir müsəlman tayfasına... hey təklif edirsən: elm öyrənin, elm öyrənin...” (36, s.333).

  8. “...Milləti-islam qüvvətdən düşmüş yer kimidir” (36, s.342).

  9. “Qafqaz vilayətinin bizim kimi nadanları milləti-islamı günü-gündən zəif edən sünni, şiə və qeyri iddiaları araya salıb ittifaqi-milləti fəramuş edib, özgə millətlərin elmi-kəmalına və sənəti-əsasına mütəhəyyar qalan zaman bircə “Əkinçi” qəzeti xəlayiqin ittifaqına bais olur”... (36, s.362).

  10. “Bu halda ki, tamam dünya biz müsəlman tayfasının işlərindən danışır, bizim müsəlman məmləkətində çap olunan, İran əhlinin bircəsi “İran” qəzeti görün nə danışır” (36, s. 428).

Müqayisə edək:

  1. toponimik anlayışlar–bizim vilayətlər, bizim tərəflər, Qafqaz vilayəti, müsəlman məmləkəti, İran əhli və s.;

  2. etnonimik anlayışlar - müsəlmanlar, biz, millətimiz, müsəlmanlıq, müsəlman tayfası, milləti-islam, özgə millətlər, biz müsəlman tayfası və s.;

  3. linqvonimik anlayışlar-farsi, türki, türk dili, Osmanlı dili, fars dili, öz dilimiz və s.

Müqayisələr onu göstərir ki,

  1. “bizim vilayətlər” və ya “tərəflər” deyildikdə, əsasən Qafqaz nəzərdə tutulur;

  2. “bizim millət” deyildikdə “müsəlman milləti” başa düşülür;

  3. “öz dilimiz” deyildikdə “türk dili” anlayışlar.

“Əkinçi” Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsinin fərqinə diqqət yetirmişdir:

“Əkinçi” qəzetinin 6-cı nömrəsində Osmanlıda inşa və nəşr olunan elm kitablarını gətirib öz dilimizə tərcümə elədib çap etməkdən danışıq olmuşdu. Doğrudur, Osmanlı dili bizim dil ilə düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola. Ancaq Osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların dilində ərəb, fars və qeyri millətlərin sözləri çox olduğuna onu birdən dərk etmək çətindir” (36, s.234).

Göründüyü kimi, burada biri digərinə çox yaxın olan iki türk mənşəli dilin fərqi olduqca dəqiq göstərilir. Azərbaycan türkcəsindən fərqli olaraq Osmanlı türkcəsində (bu ifadə də maraqlıdır: “onların dilində”) “ərəb, fars və qeyri millətlərin sözləri çox olduğu” nəzərə çatdırılmaqla yanaşı, bu iki dil arasında tərcümənin də əhəmiyyətsiz, artıq iş olduğu qeyd edilir.

Bununla belə etiraf etmək lazımdır ki, “Əkinçi” “Osmanlı dili” ilə “bizim dil”i (“türk dili”ni) qarşılaşdırmağa ehtiyac duymuşdur.

Seyid Əzimin “Əkinçi”dəki bütün şeirlərində olduğu kimi bu misralar da qəzetin həm ideya-məramını, həm də anlayış sistemini tələb olunan səviyyədə əks etdirir. Şair ağılın hər cür “mənsubiyyətlər” (din, millət dil və s.)in fövqündə dayandığını deyir və “əhli-ürfan” olmaq yolunu tutmağı məsləhət görərkən “zadeyi-Azər”, yəni “Azər övladı”nı nümunə göstərir.
... Əql peyğəmbərin qılıb rəhbər,

Öyrən adabi-məzhəbi, Cəfər!

Demirəm mən gedən təriq ilə get,

Əqli tut, ol gözəl rəfiq ilə get.

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər.

Demirəm rus ya müsəlman ol,

Hər nə olsan, get əhli-ürfan ol. (36, s.207).
Şeirin sonrakı hissəsində Rusiya padşahının ölkədə maarifi yaymaq üçün məktəblər açdığı, xüsusilə həmin məktəblərin müxtəlif xalqların dillərində olduğu alqışlanır:
... Xassə kim, padşahi-kişvəri-Rus,

Edəni təxti-ədlü dadə cülus.

Eyləyir tərbiyət kəmal əhlin,

Gətirir halə hər məhal əhlin.

Hər vilayətdə açdı məktəblər,

Çatdılar feyzə əhli-mənsəblər.

Oxunur onda müxtəlif dillər,

Həll olur onda cümlə müşküllər. (36, s. 207).
Təbii ki, Rusiya imperiyasının rus dilində açdığı məktəblərin mütləq çoxluğunu şair, müəyyən “diplomatik” məqsədlərlə olsa da, təqdir edir. Lakin rus dilini öyrənməyin tarixi zərurət olduğunu, hətta ərəbcəni bilməyin elm-ürfan qazanmaq üçün yeganə yol olduğu barədə şəriətdə də bir hökm olmadığını xatırladır:
... Ey gözüm, hər lisanə ol rağib,

Xassə kim, rusidir bizə vacib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur.

Çatmayıb şər’dən bizə bu xəbər

Ki, ərəbdən səva dil oldu hədər. (36, s. 207).
Şeirin “türk dili”nin (Azərbaycan türkcəsinin) nüfuzu ilə bağlı ən çox maraq doğuran hissəsi isə aşağıdakı misralardır ki, burada dilin gücünün, elm-ürfan təbliğ etmək imkanlarının dinlə bilavasitə əlaqədar olmadığı kifayət qədər aydın və elmi-realist məntiqlə ifadə olunur:
... Var bizim dörd kitabımız, ari,

Hər biri bir lisan ilə cari.

Biri “Tövrat” idi giranmayə,

Gəldi ibri dilində Musayə.

Biri “İncil” idi, birisi “Zəbur”,

Hər biri bir lisan ilə məşhur.

Çün Məhəmməd ərəbdən etdi zühur,

Öz lisanında qıldı həqq məmur.

Türkidə göndərəydi gər ani,

Türki dili də olurdu “Quran”i... (36, s.208).

1876-cı ildə Bakıda olan İran şahzadəsi Fərhad Mirzə Qacar Həsən bəy Zərdabi ilə görüşür. Şahzadə sonralar xatirələrində yazırdı:

“Mən dedim ki, qəzet (söhbət “Əkinçi”dən gedir - A.Q.) sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsa idi, İranda da xeyli oxucusu tapılardı.

O, burada farsdilli əhalinin az olduğunu söylədi” (53, s.117).

Bu isə o deməkdir ki, “Əkinçi”nin yaradıcısı regionun mövcud ünsiyyət mühitinə əsaslanmışdı.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin