4. “Əkinçi”nin “Azərbaycan türkcəsi” anlayışı
Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti həm Azərbaycan dilinin (türkcəsinin) ictimai nüfuzunun yüksəlməsində, həm də “Azərbaycan türkcəsi” anlayışının hüdudlarının müəyyənləşməsində mühüm rol oynadı.
Əziz Mirəhmədov “soruşula bilər ki, hələ 1828-1832-ci illərdə A.Bakıxanov “Tiflisskiye vedomosti”nin farsca buraxılışının redaktoru və müəlliflərindən biri olduğu, 1838-1845-ci illərdə isə “Zakavkazski vestnik”in azərbaycanca da bir neçə nömrəsi çıxdığı halda, bizdə dövri mətbuatın tarixini “ Əkinçi” ilə başlamaq ənənəsi nəyə əsaslanır?” sualına belə cavab verir:
“Şübhəsiz, məşhur Azərbaycan yazıçısı və alimi A.Bakıxanovun göstərilən qəzetdəki fəaliyyəti haqqında ehtimal elmi-tarixi cəhətdən böyük əhəmiyyətə malik olub, xüsusi tədqiqata möhtacdır, layiqdir. Bu qəzetin hətta, A.Bakıxanov tərəfindən çıxarılmış bir-iki nömrəsi əldə edilərsə, ondan Azərbaycan mətbuatının ilk bünövrə daşı kimi danışmaq olardı. Hələlik isə bu mətbuat orqanı haqqında yalnız arxiv sənədləri və bəzi başqa məxəzlər məlumdur. O ki qaldı “Zakavkazski vestnik”in azərbaycanca buraxılışı (“Qafqazın bu tərəfinin əxbarı”), o da əsasən rəsmi sənədlərin tərcüməsindən ibarətdir; bu qəzet çox az tirajla çap olunmuş və uzun ömür sürməmişdir.” (36, s.8).
Və əlavə edir:
“Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu, ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olunduğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsaslanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet “ Əkinçi”dir...” (36, s.9).
“Əkinçi”nin “Azərbaycan dili” anlayışının tarixində əsas rolu onun Azərbaycan türkcəsində çıxması və o zamankı mürəkkəb ictimai-siyasi, mənəvi-mədəni şəraitdə öz missiyasının mahiyyətini bütün miqyası ilə dərk etməsi idi. Qəzetin naşiri ilk nömrənin “Daxiliyyə” adlı baş məqaləsini belə başlayırdı:
“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən qəzeti çap etmək barəsində göndərdiyimiz e’lannamədə danışdıq. Əlbəttə, o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil...
Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə sə’y etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə mə’lumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər” (36, s.23-24).
“Qafqaz vilayətinin Badkubə şəhərində” (ünvana diqqət yetirin - A.Q.) çap olunan “Əkinçi” hansı dildə çıxdığını elan etməmiş, göründüyü kimi, oxucularının da “müsəlmanlar”dan ibarət olduğunu bildirmişdir ki, bunun səbəbinin”... əlbəttə, o səbəblərdən savayı buna qeyri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil” sözlərindən də anlamaq mümkündür.
Qəzetin 5 oktyabr 1875-ci il tarixli 6-cı nömrəsində Şamaxıdan S.Ə.Şirvaninin göndərdiyi belə bir qəzəl çap olunmuşdur:
Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.
Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi
Götürdü əhli-islamı bu gün xaki-məzəllətdən.
Zəbani-türk ilə agah eylər əhli-Qafqazı
Gəhi tazə xəbərlərdən, gəh asari hökumətdən.
Olub sövdagəri-xeyr ol mükəlləm əhli-islamı
Xəbərdar eylədi hər nəf’ü hər kəsbü ticarətdən.
Nəsimi-sübhtək feyzi olub bu aləmə sari
Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.
Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə
Ki, verdi imperaturi-cəhanpərvər ədalətdən.
Dəxi ol izn alan şəxsin bizə vacibdir ikrami
Ki, oldu xeyrxahi əhli- Qafqazın nəcabətdən.
Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid
Dostları ilə paylaş: |