Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayi-əcəmi İsadəm,
Bən türkəzəbandan iltifat eyləmə kəm” (38, s.15).
Həmid Məmmədzadə qeyd edir ki, “Füzulinin dibaçəsindən anlaşıldığı kimi, o, türk dilində özündən əvvəlki məqtəllərlə tanış deyilmiş və ya onları xatırlamağı lazım bilməmişdir. Belə olmasaydı, müqəddimədə ərəb və fars dillərində məqtəllərin olub, ətrakin ondan məhrum qalmalarını söyləməz və bu əsərin yaradılması üçün əhbabın ondan israrla xahiş etməsini yazmazdı” (38, s.5).
Füzulinin türk dilini ərəb və əcəm (fars) dilləri ilə müqayisə etməsi ümumtürk mədəniyyəti tarixində, əlbəttə, ənənəvi hal idi. XI əsrdə M.Kaşğari türk dilini ərəb, XV əsrdə isə Ə.Nəvai fars dili ilə müqayisə etmişdir.
Y.V.Çəmənzəminli qeyd edir ki, Füzulinin “türkcə yazdıqlarının içində ən gözəl parçalar Azərbaycan ləhcəsindədir. Lakin Bağdadın Osmanlı dövlətində ilhaqı Füzulinin dilində təğyirə səbəb olub: o dövrdə yazılan əsərlərdə Füzuli yeni oxucularını nəzəri-etibarə alıb. “Leyli və Məcnun” bu təsirdə yazılıb” (27, s.129).
C.Məmmədquluzadə isə 1925-ci ildə yazdığı “Füzuli” məqaləsində Füzulinin azərbaycanlı, dilinin isə Azərbaycan dili olmasına heç bir şübhə yeri qoymur:
“Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədibəsi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görülməkdədir” (60, s.248).
XX əsrin 30-cu illərinin ortalarından etibarən stabilləşən ənənəyə görə “Azərbaycan dili” linqvonimi Azərbaycanda yaranan türkdilli ədəbiyyatın dilini ifadə etmək üçün işlədilməkdədir ki, burada sovet ideologiyasının “təkan”ı, əlbəttə, həlledici olmuşdur. Lakin “Azərbaycan dili” linqvonimindən Azərbaycan dili tarixinin qədimliyinə doğru bu cür qeydsiz-şərtsiz istifadənin məlum elmi-metodoloji problemlər yaratdığı da göz qabağındadır.
Məsələn:
“XI əsrdən başlayaraq Azərbaycan dili geniş intişar tapdı. Ölkədə sənətkarlıq, ədəbiyyat inkişaf etməyə başladı. Ana dili diqqət mərkəzində durdu. Məs.: Qətran Təbrizinin ana dilində yazdığı şeirlər Azərbaycan dilinin məlahətini, gözəlliyini, incəliyini göstərdi. Eləcə də Azərbyacan dilində çoxlu dərin məzmunlu əsərlər yazan Seyid İmadəddin Nəsimi də sübut etdi ki, Azərbaycan dili şeir, sənət, dərin elmi fikirləri ifadə edən bir dildir. Azərbaycan dilinin dövlət dili kimi işlənməsində isə xüsusilə Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin də böyük rolu olmuşdur” (76, s. 3-4).
Əgər müəllif Qətran Təbrizinin dilinə “Azərbaycan dili” deyirsə, gərək Xaqaninin, Nizaminin dilini də belə adlandırsın. Yox, əgər türk mənşəli Azərbaycan dilindən (Azərbaycan türkcəsindən) bəhs edirsə, bu, öz əksini dəqiq, tarixi mənasında tapmalıdır.
“Azərbaycan dili” anlayışının öz adı ilə meydana çıxmasının əsas tarixi səbəbi türk dillərinin diferensiasiyası nəticəsində Azərbaycan türkcəsinin təşəkkülüdür. Şübhəsiz, öz etnososial bazası, müəyyən yayılma coğrafiyası, bir çox hallarda isə rəsmi-siyasi müdafiəsi olan bir dil varsa, onun adının olması təbiidir ki, ən azından qonşu dillərdən fərqlənsin.
Məlumdur ki, türk dilinin diferensiasiyası ilk orta əsrlərdən başlayır. Türklərin Avrasiyanın geniş coğrafiyasına Şərqdən Qərbə yayılması, müxtəlif siyasi birliklərin tərkibinə daxil olmaları, ayrı-ayrı xalqlarla intensiv və çoxmiqyaslı əlaqələr tədricən tayfa dillərini (dialektləri) xalq dillərinə çevirir. Ola bilsin ki, həmin fərqi ilk dövrlərdə digər (qeyri-türk mənşəli) xalqlar az hiss edir, yaxud ümumiyyətlə nəzərə almır, lakin türklərin öz daxilində bunun elə əvvəllərdən duyulduğunu göstərən faktlar vardır.
Onlardan birincisi ümumi (ortaq) eposların dilcə fərqlənməsi, yaxud regional linqvistik keyfiyyətlər qazanmasıdır ki, bunun ən səciyyəvi nümunəsi “Koroğlu” eposudur...
“Koroğlu” yeni dövrün bütün xalq türkcələrində mövcuddur. Bu isə o deməkdir ki, “Koroğlu” mövzusu türkcələrin yazı dili standartları fövqünə qalxan diferensiasiya inersiyasının təzahür miqyas-meydanıdır...
N.Cəfərov qeyd edir ki, “xüsusilə XVII-XVIII əsrlərdə Azərbaycan İranla Türkiyə arasında hərbi, siyasi və ideoloji mübarizə meydanına çevrilmişdi. Get-gedə keyfiyyət həddinə çatan mənəvi-mədəni intibah isə ölkənin acınacaqlı vəziyyəti ilə barışmaq istəmir, müstəqillik ruhu aşılayır, müdaxiləyə qarşı çıxırdı... “Koroğlu” Qafın bu tərəfini “anrı tərəf”indən ayıranda, əslində, milli ictimai təfəkkürdə müəyyənləşmiş həmin təsəvvürü əks etdirirdi” (20, s.36).
Güman etmək olar ki, Azərbaycan “Koroğlu”su Azərbaycan türkcəsinin, yaxud türkcənin Azərbaycan təzahürünün ilk kütləvi abidəsidir. Ona görə də belə bir fikirlə razılaşmaq olar ki, “Koroğlu”nun poetik strukturca mükəmməlliyini, elastikliyini, intonasiyaca harmonikliyini şərtləndirən səbəblərdən biri epos-dastanın təşəkkül tapıb formalaşdığı dildir...
“Koroğlu” formalaşdığı dövrün Azərbaycan türkcəsinə məxsus bir sıra xüsusiyyətləri nümayiş etdirir-dastanda Koroğlunun özünün məhz Azərbaycan türkcəsində danışdığını (əslində, Azərbaycan türkü olduğunu - A.Q.) , hətta ona yaxın olan Türkiyə türkcəsini yaxşı bilmədiyini göstərən maraqlı fakt-epizod mövcuddur” (20, s.44).
Həmin fakt-epizod nədən ibarətdir?
“... İstanbula gələn Koroğlu bir əfəndiyə xotkarın dilindən bir namə yazdırmaq istəyir ki, “bu naməni sənə verən adam mənim çavuşumdur. Mənim barigahımda mənə olan hörmət gərək ona da ola”. Lakin əfəndi Koroğlunun “dolaşıq adam” olduğunu görüb ayrı şey yazır: “Nigar xanım, bu adam quldurdur. Oraya çatcaq tutub asdırarsan!” Koroğlu, əfəndinin gözləmədiyi halda, kağızı alıb baxır və deyir: “ Sən elə bilmə ki, mən savadsızam. Mən dedim, sən yazasan ki, sizin dilinizdə olsun. Al düzəlt!”
Koroğlu “sizin dilinizdə” dedikdə Türkiyə türkcəsinin İstanbul şivəsini nəzərdə tuturdu... Öz dili isə, heç şübhəsiz, Azərbaycan “Koroğlu”sunun dili-Azərbaycan türkcəsi idi” (20, s. 44).
M.Füzuli, Ş.İ.Xətai, Həbibi, M.Əmani, M.V.Vidadi xətti ilə diferensiallaşan Azərbaycan türkcəsinin yazılı ədəbiyyatda ən aydın təzahürü M.P.Vaqifin dilidir. Lakin təəssüf ki, nə M.P.Vaqif, nə də onun müasirləri öz dilləri barədə heç bir məlumat vermədikləri kimi onun adını da çəkmirlər.
Dostları ilə paylaş: |