2 . “Azərbaycan türkcəsi” anlayışının mənşəyi
Azərbaycan türkcəsinin ilk möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” olsa da, “Azərbaycan türkcəsi” anlayışı, faktik olaraq, XIX əsrin ortalarında özünün müxtəlif ifadə-derivatları ilə meydana çıxmışdır ki, buraya, əsasən, “Qafqaz türklərinin dili”, “Zaqafqaziya tatarlarının dili”, “türk-tatar dilinin Azərbaycan ləhcəsi” və s. aiddir.
“Dədə Qorqud” eposunun qədim ideya-estetik köklərinin etiraf olunması ilə yanaşı, ilk orta əsrlərdə məhz Azərbaycan ərazisində formalaşması faktı göstərir ki, onun dili türkcənin məhz Azərbaycan hüdudlarında mövcud olmuş təzahürüdür. Eposun toponimiyası da bunu təsdiq edir (geniş məlumat üçün bax: 4, s. 24-35).
“Dədə Qorqud”un son orta əsrlərə aid əlyazmasında onun adı “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”, yəni “Oğuz tayfalarının dilində olan Dədəm Qorqud kitabı” kimi təqdim edilir. Həmin “oğuz tayfalarının dili” anlayışı “Azərbaycan türkcəsi”nin, nəticə etibarilə “Azərbaycan dili”nin sələfidir.
Maraqlıdır ki, Əmin Abid prof. M.F.Köprülüzadənin “Azərbaycan türkcəsinin hicri VII-VIII əsrlərdən başlanması fikri”ni tənqid edərək belə bir qənaətə gəlir ki, “Oğuznamə” (söhbət “Kitabi-Dədə Qorqud”dan gedir - A.Q.) daha feodalist ərəb cəmiyyət şəkli Azərbaycan torpaqlarında qurulmadan əvvəl türklər arasında türkcə yazılmış bir kitab halına bulunmuşdur” (4, s.88).
Müəllifin belə bir müqayisəsi də diqqət cəlb edir ki, “Azərbaycanda türkcənin inkişaf tarixinin Azərbaycan torpaqlarında feodallaşmağa başlandığı zaman vücuda gəlmiş olduğu fikri vəsiqələrlə təsdiq edilmiş olur. Halbuki Anadoluda türkcənin başlaması ancaq “Mulazqurd” müharibəsindən sonra Anadolu ticarət yollarının türklərin əlinə keçməsinə təsadüf edir ki, bu da ancaq hicri 404 sənəsindən etibarən başlar” (4, s. 88-89).
XI-XII əsrlər farsdilli Azərbaycan şairləri Azərbaycan türkcəsi barədə müəyyən təsəvvürlər yaradırlar.
R.Eyvazova yazır:
“Nizami Gəncəvi... “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəmişdir. Lakin I Axsitan ibn Mənüçöhr Nizamiyə yazdığı məktubunda hakim feodal nəslinə yaraşmayan türk dilində deyil, fars dilində yazmağı təklif edir. I Axsitanın məktubunda deyilir:
Torki sifət vəfa-ye ma nist,
Torkane soxən səza-ye ma nist.
An kəs nəsəf-e bolənd zayəd,
Ura soxan-e bolənd bayəd.
Tərcüməsi:
Türküzlü olmaq bizim vəfamız deyildir (bizə yaraşmaz). Türkcə söz deyib danışmaq bizə layiq deyildir. Yüksək soydan doğulan adama yüksək də söz lazımdır” (34, s.10-11).
R.Eyvazova qeyd edir ki, “türk dilinə layiqincə qiymət verməyən mühitdən şikayət edən Nizami “Yeddi gözəl” əsərində yazır:
Torkiyəmra dər in Həbəş nəxərənd,
Lacərm doğba-ye xoş nəxorənd.
Tərcüməsi:
Türkcəni bu Həbəşdə alan yox,
Dovğanı bir yemək deyə, yeyən yox” (34, s.11-12).
E.Əlibəyzadə yazır:
“Məlumdur ki, Nizami Atabəylərlə yaxın və əlaqədar idi, Atabəylər isə, özlərini Azərbaycanda səlcuqların davamı kimi göstərir. Deməli, burada Atabəylərin türklüyünə şübhə yoxdur. Bəs, Dərbənd xəzərləri kimlərdir? Bu barədə, heç olmasa, bircə mənbəyə müraciət edək: “Vizantiya yazıçıları, bir qayda olaraq xəzərləri türk hesab etmişlər; ərəb alimləri də onları türk adlandırmışlar. Demək, Dərbənd xəzərlərinin də türk olduqlarına şübhə yeri qalmır. Bəs, Şirvanşah Axsitan
“Türk dili yaramaz şah nəslimizə,
-deyə Nizamini və onun mənsub olduğu xalqı hansı mənada təhqir etmişdi. İş ondadır ki, burada Şirvanşahın Azərbaycanda İran valisi olması və ya əslində azərbaycanlı olub, farsa meyl edərək öz dilinə xor baxıb, xalqın böyük şairindən türk dilində deyil, ərəbcə və ya farsca yazmaq tələb etməsi vəziyyəti heç də dəyişdirmir” (37, s.200).
Həm türkcə, həm farsca, həm də ərəbcə yazan, ancaq türkcəyə daha böyük önəm verib onu ana dili olaraq yüksəldən Məhəmməd Füzulinin (XVI əsr) təqdimində “ türk dili” anlayışı xüsusi izah tələb edir.
Füzuli “Hədiqətüs-süəda”nın dibaçəsində deyir:
“....Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardür, zira əksəri-əlfazı rəkik və ibaratı nahəmvardür, ümid ki, himməti-övliya itmaminə müsaid ola və əncaminə müvainət qıla. Şeir:
Dostları ilə paylaş: |