Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


“Azərbaycan türkcəsi” anlayışının formalaşması



Yüklə 0,73 Mb.
səhifə10/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
3. “Azərbaycan türkcəsi” anlayışının formalaşması
“Azərbaycan dili” anlayışının təşəkkülünün ilk mərhələsi “Azərbaycan+türk dili” modelinin (və onun təzahür formalarının) meydana çıxması ilə xarakterizə olunur.

Fikrimizcə, burada iki amili qarşılıqlı əlaqədə nəzərə almadan keçinmək mümkün deyil ki, onlardan birincisi türklərin etnosiyasi diferensiasiyası, ikincisi türk məkanının mütləq əksəriyyətinə orta əsrlərin sonu yeni dövrün əvvəllərindən Rusiyanın siyasi-inzibati nəzarətinin get-gedə güclənməsidir.

Siyasi-inzibati nəzarət isə mütləq bir şəkildə öz advermə mexanizmini tətbiq edir. O cümlədən xalqlara (və dillərə)... Lakin burada təbii müqavimət də var: xalqların(və dillərin) ənənəvi qeyri-rəsmi (standartlaşmamış) adları uzun zaman yaddaşlardan silinmir.

Rusiyanın Qafqaza hücumu və bu coğrafiyanı zəbt etməsi həm Rusiya, həm də Qafqaz xalqlarının tarixində çox dərin izlər qoymuş hadisədir (bu barədə təfsilatı ilə bax: 106). Ruslar Qafqazla (onların nəzdində Qafqaz üç yerə bölünürdü: Ön Qafqaz, Dağlıq və ya Mərkəzi Qafqaz, Zaqafqaziya) tanış olduqca burada çoxlu sayda xalqların, etnosların mövcudluğundan çaşırdılar (129, s.20).

Müşahidələr göstərir ki, Rusiyanın Qafqazı əlli ildən çox davam edən hərbi-siyasi zəbti nə qədər ciddi problem olmuşsa, mənəvi-intellektual, eləcə də inzibati fəthi ondan rahat olmamışdır ki, bunlardan bir qismi də ram edilmiş xalqların, onların dillərinin necə adlandırılması məsələsi idi. Lakin işə cəlb olunan imperiya mütəxəssisləri kifayət qədər peşəkar idilər və onlar Qafqaz xalqlarının, əlbəttə, ilk növbədə dillərinə görə, etnik mənşələrini düzgün müəyyənləşdirməyə çalışırdılar. Ümumiyyətlə, “o dövrdə Çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, “Azərbaycan” sözünü ümumən xalqın yaddaşından silməyə çalışırdı. Ayrı-ayrı quberniyalara, qəzalara bölünmüş Azərbaycan bütövlükdə Qafqaz, Zaqafqaziya məfhumları içində əridilmişdi” (83, s.17).

İşğal prosesinin ilk mərhələsində ruslar buraya İranla Türkiyə arasında mübahisə obyekti olan, əslində isə “yiyəsiz” bir ərazi kimi baxır, əhalisini, sadəcə, “qafqazlı” hesab edirdilər.

“Zaqafqaziyanın böyük şəhərlərində Azərbaycan-türk dilini öyrənən məktəblər açılır. Tiflisdə gimnaziya, Gəncədə qəza məktəbi, iki il sonra 1932-ci ildə Bakıda, Şuşada, Nuxada, Şamaxıda, Naxçıvanda və s. böyük şəhərlərdə qəza məktəbləri açıldı” (65,s.12). Bu cür məktəblərin bir missiyası da Zaqafqaziyada fars dilinin, ümumiyyətlə İran təsirinin qarşısını almaq idi. “Çünki o zaman bütün ticarət sazişləri və bunlara dair rəsmi sənədlər, məktublaşma və s. işlər fars dilində aparılırdı” (17, s.12).

Çar Rusiyası Qafqaz və ya Zaqafqaziya müsəlmanlarına (türklərinə, yaxud tatarlarına), prinsip etibarı ilə, Azərbaycan xalqına qarşı münasibətdə nə qədər dağıdıcı, bölücü siyasət yeritsə də, həmin dövrdə geniş vüsət alan “maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə müqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət və ənənələrin qorunub-saxlanılması, inkişafı, mənəviyyatın, milli dəyərlərin yaşadılması, bütövlükdə milli şüurun oyanması və milli özünüdərk prosesinin güclənməsi üçün mühüm təkanverici rol oynamışdı” (83, s.17).

Orta əsrlərin sonu-yeni dövrün əvvəllərinə aid müxtəlif xarakterli rus, eləcə də Qərbi Avropa mənbələrində türk dilləri, əsasən, üç cür adlanır: “tatar dili”, “türk-tatar dili” və “türk dili” (51, s.69-86).

Əslən Azərbaycan türkü Mirzə Kazım bəyin “Türk-tatar dilinin qrammatikası” (1839), onun ardınca isə “Türk-tatar dilinin ümumi qrammatikası” (1846) nəşr edildi.

A.N.Kononov yazır:

“Mirzə Kazım bəy nəinki rus dilində ilk dəfə olaraq türk dilinin “tatar” dillərilə (Kazan, Sibir, Orenburq tatarlarının dilləri, həmçinin Azərbaycan dili nəzərdə tutulur) müqayisəli ətraflı qrammatikasının veriri, o həmdə əcnəbi türkoloqların (Jober, Devida və b.) müşahidələrini dəqiqləşdirir və təshih edir” (51, s. 158).

Həmin dövrdə rus dilində “тюркский язык” anlayışı ilə “турецкий язык” fərqləndirilməyə başlayır ki, birincisi “Azərbaycan türkcəsi”, ikincisi isə “Türkiyə türkcəsi” mənasındadır.

XIX əsrin ortalarında türk ləhcələrini təsnif edən İ.N.Berezin “Aderbidjan” ləhcəsi ifadəsini işlədir (51, s.203).

A.N.Kononov XIX əsr rus türkologiyasının (əslində, “Rusiya türkologiyası” deyilməli idi - A.Q.) “Qafqaz tatarcası”, yaxud “ Zaqafqaziya tatarcası” və s. adlanan Azərbaycan dilinə həsr olunmuş ən mühüm əsərləri sadalayır ki, buraya aşağıdakılar daxildir:

1. М.А.Казем-Бек. Общая грамматика турецко-татарского языка, Казань, 1846.

2. Т.Макаров. Татарская грамматика кавказского наречия, Тифлис, 1848.

3. Л.З.Будагов. Практическое руководство турецко-татарского азербайджанского наречия, Москва, 1857

4. Учебник турецко-азербайджанского наречия. Составлен учителем Восточных языков при Новочеркасской гимназии Абдул Хасанбеком Везировым, Спб., 1861.

5. Л.Лазарев. Турецко-татарского-русский словарь с приложением краткой грамматики, Москва, 1864.

6. Л.Лазарев. Сравнительная христоматия турецкого языка наречий османлы и Азербайджана с приложением тюркских разговоров и пословиц, Москва, 1866 (51).

XX əsrdə nəşr olunmuş dil dərsliklərində, azərbaycanca-rusca lüğətlərdə, adətən, “Azərbaycan dili” anlayışı rusca mətndə “tatar dili”, yaxud “tatar dilinin Azərbaycan ləhcəsi”, azərbaycanca mətndə isə “türk dili” kimi verilmişdir (geniş məlumat üçün bax: 1).

V.V.Radlov göstərir ki, Şərqi Rusiyada məskunlaşan xristianlaşmış tatarlar özlərini “tatar” adlandırdıqları halda, müsəlmanlar belə etmirlər; ancaq həm xristian, həm də müsəlman tatarlar dillərini “tatar dili” adlandırırlar (131, s.902).

Fransız türkoloqu Jan Deni tərəfindən yazılaraq 1921-ci ildə Parisdə nəşr olunmuş “Türk dil bilgisi” (əsəri Ali Ülvi Elöve türk dilinə çevirmişdir)nin öz sözündə türk ləhcələrini aşağıdakı kimi sadalayır: “Türkmən ləhcəsi; Azəri (yaxud Azərbaycan) ləhcəsi; Qafqaz Ləhcələri... (99, s.3).

Müəllif “türk-tatar millətləri”nin bölgüsündə isə azərbaycanlıları (Azərbaycan türklərini) iki ad altında birləşdirir: 1) Qafqaz mavərası tatarları (azərbaycanlılar) ; 2) İran türkləri (azərbaycanlılar)” (99, s.5)

Güman etmək olar ki, J.Deninin istifadə etdiyi həm etnonimlər, həm də linqvonimlər XIX əsrin sonu, müəyyən qədər isə XX əsrin əvvəllərindəki təsəvvürləri əks etdirir.

Təbii ki, ən böyük problem XIX əsrin sonu XX əsrin əvvəllərində türk dillərini (və xalqlarını) öz adları ilə adlandırmaq idi ki, bunun da əsas inzibati məsuliyyətini yeganə müstəqil türk dövləti olan Osmanlı imperiyası daşıyırdı.

Türk dillərinin görkəmli tədqiqatçısı V.V.Radlov “Türk ləhcələri lüğətinin təcrübəsi”ndə araşdırdığı dillərin adlarını aşağıdakı şəkildə qeyd edir: Azərbaycan ləhcəsi (адербеджанское наречие), Kazan ləhcəsi, Krım ləhcəsi, qırğız ləhcəsi, qara qırğız ləhcəsi, Tümen tatarlarının ləhcəsi və s. (130, s. XVI-XVIII).

Göründüyü kimi, bu cür adlandırmada ümumi prinsip yoxdur, lakin sünilik də mövcud deyil. “Təcrübə” müəllifi türk ləhcələrinin (dillərinin) adlarını artıq müəyyənləşmiş adlandırma təcrübəsi əsasında işlədir.

Osmanlı imperiyasının həm ilk, həm də son konstitusiyası sayılan “Kanuni-Əsasi”nin (1876-cı ildə elan olunmuşdur) 18-ci maddəsində deyilir:

“Tebaai-Osmaniyenin hidematı-Devlette istihdam olunmak için devletin lisanı-resmisi olan türkçeyi bilmeleri şarttır” (104, s.211).

Bu isə o demək idi ki, Osmanlı dövləti yalnız öz ərazisində türkcənin nüfuzunu qorumaqdan o tərəfə keçə bilmirdi. Lakin bunda da müəyyən şərtlilik vardı. Belə ki, “türkcə” adı uzun müddət populyarlaşmadı.

V.V.R.adlov yazır:

“Osmanlılar özlərini “türk” adlandırmaq istəmirlər, həmişə “osmanlı” adlandırırlar” (132, s.1560).

Prof.Dr.T.Bayqara həmin məsələyə münasibətini bildirərkən göstərir ki, “osmanlı aləmində, xüsusilə İstanbuldakılar nədənsə özlərini türkdən ayrı görür, türk saymırdılar. Çünki onlara görə,türk “qaba, dağlı, kəndçi” insanlar anlamında idi. XVII əsrdən başlayaraq XIX əsrin ortalarına qədər Osmanlı ədəbiyyatında türk, yuxarıda da dediyimiz kimi, heç də müsbət bir məna daşımaz. Halbuki belə düşünənlər adını qəbul etmədikləri türkün bütün xüsusiyyətlərini özündə saxlayırdılar” (94, s. 241).

XIX əsrin ortalarından başlayaraq “Azərbaycan türkcəsi” və ya “türk dilinin Azərbaycan ləhcəsi” anlayışının meydana çıxıb get-gedə normativləşməsinin bir mühüm səbəbi həm Azərbaycan dilinin özünün, həm də milli dilçilik təfəkkürünün surətlə inkişafıdır. T.Hacıyev bu barədə yazır:

“XIX əsrdən dilxarici amillər ədəbi dilin inkişafına o vaxta qədər görünməmiş səviyyədə ciddi müdaxilə edir. Bu zaman dil haqqında fikirlər sadəcə bədii söz sənəti haqqında poetik məzmunlu şair sözü (məsələn, Nizamidə, Füzulidə olduğu kimi - A.Q.) olmaqla məhdudlaşmır, sistemli dilçilik görüşü şəklini alır. Keçmiş yüzilliklərdəki mexaniki-kortəbii təzahürlərdən fərqlənərək dilxarici faktorlarla dildaxili hadisələr fəal qarşılıqlı əlaqəyə girir. Bu dilxarici amillər ədəbi dilin inkişafını, üslubların yaranmasını, onların yenidən təşkilini, formalaşmasını sürətləndirir” (43, s.9).

Beləliklə, XIX əsrdə “Azərbaycan türkcəsi” anlayışı formalaşır ki, bu anlayış ənənə ilə ümumi şəkildə “türk dili” adlandırıldığı məqamda da kontekstdən aydın olur ki, söhbət hansı “türkcə”dən gedir. Daha çox isə “Qafqaz, Zaqafqaziya, Azərbaycan türklərinin (tatarlarının) dili”, yəni “toponim+etnonim+dil (lisan, zəban, ləhcə) formul-modeli ilə ifadə” olunur. Eyni prinsip digər türk dillərinin və ya ləhcələrinin adlandırılmasında da özünü göstərir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin