Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


Yusif Vəzir Çəmənzəminlinin “ana dili” anlayışı



Yüklə 0,73 Mb.
səhifə18/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
4. Yusif Vəzir Çəmənzəminlinin “ana dili” anlayışı
Yusif Vəzir Çəmənzəminli Azərbaycanın geniş dünyagörüşlü, eyni zamanda milli düşüncəli ziyalılarından biri kimi, XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışının müəyyənləşməsində öz mülahizələrilə əhəmiyyətli təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində ana dili anlayışını aydın təsəvvür etmək, hətta onu dəqiq adlandırmaq üçün ərəb, fars qarşılığından təmizləmək meyli kifayət qədər güclü olmuş, milli ruhlu söz sənətkarları o dilə “ana dili” deməyə üstünlük vermişdilər ki, o, həqiqətən, xalqın anlayacağı bir nitq təzahürü olsun.

Y.V.Çəmənzəminli “Dil məsələsi” məqaləsində (1914) yazır:

“Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm. Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları “türk dilini birləşdirmək” istəyirlər. Buna görə də osmanlı dilini ümumi bir dil sayırlar və bu dildə də kitablar, qəzetlər və jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var” (27, s.339).

Yusif Vəzirin, ümumiyyətlə o dövr ziyalılarının qarşısına çıxan bir problem də ondan ibarət idi ki, qələm adamlarının işlətdiyi müxtəlif tendensiyalı dil-üslub təzahürlərinin hamısı “türk dili” adlanırdı. Yəni hər kəs düşünürdü ki, “türkcə” yazır. Əslində isə bu “türkcə”lər tamamilə fərqli idi.

Y.V.Çəmənzəminli xalq dilini öyrənməyi zəruri sayır:

“Əsil dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərəkəmə elinin içində danışılmaqdadır. Qələm sahiblərimiz buralara yönəlib bunları öz dilləri ilə danışdırıb yol göstərməkdənsə, özləri düz yoldan çıxıb, camaatı da avara qoymaq istəyirlər. Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri işlədib bilik satmaq isə, bu ayrı bir məsələdir (27, s.339).

XX əsrin əvvəllərində mətbuatın dili məsələsi həm nəzəri, həm də praktik olaraq geniş müzakirələr mövzusu olmuşdur ki, bu, “Azərbaycan dili” anlayışının nədən ibarət olduğunu, necə təsəvvür edildiyini dəqiqləşdirmək üçün çox əhəmiyyətlidir.

Y.V.Çəmənzəminli 1916-cı ildə yazır:

“Hüseynzadənin dövlətindən ərəbləşmiş osmanlı dili “ədəbi”lik iddiasına düşdü. Mətbuatımız bilmərrə xalqdan ayrıldı. Nə xalq qəzetlərinin dilini bildi, nə də qəzetlər xalqın. Biçarə camaatımız dərdləri dərmansız bir halda can vuruşdurmaqda qaldı.

Həqiqət halı düşünənlər çox idi, lakin səsləri eşidilmirdi.

Deyirlər bir dəfə sabiq “Əkinçi” müdiri məşhur Həsənbəy Zərdabi “Füyuzat” məcmuəsinə baxıb soruşub:



  • Bunu kimin üçün yazırsınız?

  • Camaat üçün, -demişlər. Həsənbəy gülümsünərək demişdir:

  • Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün.

Əlbəttə Həsənbəyin haqq sözləri heç kəsə kar eləmədi. Çünki sadə dildə yazmaqlıq o zaman bisavadlıq kimi tələqqi olunurdu və bu dərddən hər kəs yazıçılıq meylində olsa idi, gərək bir xeyli fars və ərəb ibarələrinə malik ola idi. Adi türk sözləri yerinə ərəb ləfzləri işlətmək mod olmuşdu” (27,s.351).

“Füyuzat”ın dilini, haqlı olaraq, ana dili saymayan Yusif Vəzir “Mollo Nəsrəddin”i bu baxımdan nümunə göstərmişdir (27, s.354).

Y.V.Çəmənzəminli 1917-ci ildə Kiyevdən “Azərbaycan muxtariyyəti, ayılın, toplaşın” və ya “Türk millətinə xitab” məqaləsində yazırdı:

“Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada torpağın və mülkün çoxu bizim, dövlət bizim, onda yaşayan millətin çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim...

... Məgər neçə milyon türkün gücü yoxdur? Güc var. Ancaq dağınıq gücdür. Böylə güc faydalı olmaz. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik. Ədəmi mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, Dağıstan, Bakı, Gəncə, İrəvan, Batum və Qars vilayətlərindəki türklər mal, və namusunu mühafizə eləsin. Həm hal-hazırda, həm gələcəkdə asudə və səadətli yaşamağını təmin eləsin” (27, s.211).

Yusif Vəzir milli mənəvi yüksəliş üçün xalqın siyasi mütəşəkkilliyini əsas hesab edirdi.

“Bu müstəbidlər muxtariyyətimizin gücü ilə ortalıqdan götürüləcək. Xülasə, hər kəsin nə dərdi var, əlacını millət məclisindən gözləsin. İndiyə kimi ana dilində məktəb açdıqda rus hökumətindən qorxurduq. Çünki rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın. İndi allaha şükür, səy eləyirlər ki, Azərbaycanın özünün hökuməti olsun. Bu hökumətin də çox adamları müsəlman olduğu üçün, hər bir məsələmiz özümüzün xahişi ilə əmələ gələcək. Deməli, camaata o ki lazımdır, ana dilində məktəblər açılacaq. Oxumaq xərci ucuz olduğu üçün, hamı oxuyub, yazmaq bilib, elm öyrənəcək. Elmi olan millət dünyada asanlıqla yaşaya bilər. Bizim də cəmi fikrimiz budur ki, nəcib millətimiz özgələrə möhtac olmayıb, rahat dolansın. Dünya beş gündür. Bu dünyada bolluq, salamatlıq ilə ömür eləməlidir. Öylə eləməlidir ki, dirilik, xoşbəxtlik olsun. Bunun da nicatı muxtariyyətimizdədir” (27, s.216).

S.Vəliyeva doğru olaraq göstərir ki, Y.V.Çəmənzəminli “turançılığın uğur qazana bilməyəcəyini qeyd etmiş və onu Krım turançılarının timsalında belə ifadə etmişdir: “İsmayıl bəyin (Qaspralı) işdə, dildə, fikirdə birlik şüarı Krımda kəndisinə hazırkı halda bir çox tərəfdar deyil, əleyhdar qazanmışdır... O, Turan fikrini təqib etməklə nəinki krımlıları Turanla birləşdirə bildi, bəlkə onları tatarlardan da uzaqlaşdırdı. Bunun üçün “Tərcüman” qəzetəsi əvəzinə “Millət” qəzetəsi çıxdı” (83,s. 35).

Y.V.Çəmənzəminli “Biz kimik və istədiyimiz nədir” məqaləsinin “Müqəddimə”sində yazır:

“Deməli, mədəniyyətimizin əsasını təşkil edən dilimizdə bir cazibə var. Qeyri-məcburi olaraq özgələri tərəfinə çəkir və təsiri altında saxlayır. Bu səbəbdəndir ki, rus hökuməti bizi zor ilə dilimizdən uzaqlaşdırmaq meylində olduğu halda, biz rus mühacirlərini türkləşdirirdik. Yenə həmin səbəbdəndir ki, ermənilər Avropa mədəniyyəti ilə bizdən çox-çox əvvəl aşinə ola-ola yenə bizim mədəniyyətə bac verirlər: dilimizi öyrənirlər, musiqimizdən həzz aparırlar; hətta ədəbiyyat tariximizdə də erməni adları görünür. Diqqət yeri buradadır ki, özgə millətləri türk mədəniyyətinə baç verdirməyə heç də səy eyləmirik, zor da işlətmirik.

Bizi bir millət edib, gələcəyimizə parlaqlıq ümidini bəslədən həmin mədəniyyətimizin bu xüsusiyyəti, bu məniliyidir” (27, s. 218-219).


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin