Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


IV FƏSİL “AZƏRBAYCAN DİLİ” ANLAYIŞININ NORMALAŞMASI



Yüklə 0,73 Mb.
səhifə21/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
IV FƏSİL
AZƏRBAYCAN DİLİ” ANLAYIŞININ NORMALAŞMASI
1. XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri
Əslində, əgər XIX əsrin sonlarından etibarən “Azərbaycan dili” ad-linqvoniminə mətbuatın, xüsusilə milli ziyalıların dilində rast gəlinirsə, anlayışın təşəkkülü tarixini də həmin dövrdən başlamaq olar. Lakin məsələ burasındadır ki, ilk müstəqil Azərbaycan Cümhuriyyəti elan ediləndən təxminən bir ay sonra dövlət dilinin adını “türk dili” olaraq rəsmiləşdirdiyindən ziyalılar da, həmin adı işlədirlər ki, bu, sovet dövründə də 30-cu illərin ortalarına qədər davam edir.

F.Ağazadə 1923-cü ildə yazıb nəşr etdirdiyi “Türk dilinin dirilmək və zənginləşdirilmək yollar (tükənəklər)” lüğətinin ön sözündə hər yerdə “türk dili” ifadəsindən istifadə edir (8, s.10-13). Maraqlıdır ki, müəllif “türk dili” deyərkən həm ümumiyyətlə “türkcə”ni, həm də “Azərbaycan türkcəsi”ni başa düşür və bu anlayışları bir-birindən, demək olar ki, fərqləndirmir:

“Türkcənin ərəbcədən daha zəngin bir dil olduğunu tarix yazanlar gələcəkdə sübut edəcəklər. Hərgah bu günkü türkcənin dörtdə üçü ərəbcədən alınmışdırsa, bunun bir çox səbəbləri vardır ki, başlıcası- minlərcə türk sözlərinin ərəb hərflərinə uydurulması olmuşdur: hər kəlmənin imlasında az-çox çətinlik duyan yazıçılar o kəlməni atıb əvəzində ərəbcəsini meydana fırlatmışlar. Min ildən çoxdur ki, türkcənin başına böylə oyunlar gəlmişdir; minlərcə kəlmələrimiz atılmış və unudulmuşdur, dilimiz də bundan dolayı kasıblaşmışdır. ...Şərq dillərinin üstündə ağalıq sürmək istəyən “müqəddəs” ərəb dili türkcəmizi öldürmək istədisə də, öldürəmədi, ancaq yarımcan qıldı. Bir dil ki, onun yer yüzündə yüz milyonluq sahabı ola, aya o dil ölərmi? Əlbəttə, ölməz! Yarımcan qalmış türkcəmiz imdi dirilmək istəyir, köhnə zənginliyini qaytarmaq fikrindədir. Buna dəlil türk ellərindəki dil hərəkətləridir: bir yerdə dili türkləşdirirlər, o biri yerdə saflaşdırırlar, hatta Azərbaycanda istilahları da türkləşdirmək fikrinə gəlmişlər. Pəs türkcəmiz çoxdan itirdiyi yatağına qayıtmaq istəyir” (8, s.10-11).

Professor Bəkir Çobanzadənin hələ Krımda olarkən yazdığı “Türk-tatar lisaniyyatına mədxəl” kitabı 1924-cü ildə Bakıda Xalq Maarif Komissarlığı metodşurasının tövsiyyəsilə nəşr olunur (29). Əsər öz qarşısına aşağıdakı məsələlər barədə təsəvvür yaratmaq məqsədini qoymuşdu:

“ 1. Ümumi lisaniyyat qayda və qanunlarının türk-tatar lisanlarına tətbiqi haqqında müxtəsər bir fikir.


  1. Türk-tatar lisanlarının tədqiqi tarixi və buna aid məsələlər” (29, s.24).

Ural-Altay ailəsinə mənsub türk-tatar budağına daxil olan dilləri barədə danışarkən B.Çobanzadə onların adlarını aşağıdakı şəkildə qeyd edir: 1) yaqut, 2) Altay türklərinin lisanı, 3) teleut lisanı, 4) komandan lisanı (Oli yuxarısında oturan türk qəbilələri, 5) Yenisey yuxarısındakı türklərin lisanı, 6) Uryanxay lisanı (Monqolustanın qərbində), 7) parapin lisanı, 8) qırqız lisanı, 9) noqay lisanı, 10) kumuk lisanı, 11) qaraçay lisanı, 12) başqırd lisanı, 13) sart lisanı, 14) özbək lisanı, 15) türkmən lisanı, 16) osmanlı türklərinin lisanı, 17) tatar lisanı (Kazan, Krım), 18) Azərbaycan lisanı, 19) çuvaş lisanı, 20) qun lisanı (29, s.74).

Burada diqqəti cəlb edən ən mühüm fakt B.Çobanzadənin “Azərbaycan lisanı” ifadəsini işlətməsidir.

B.Çobanzadə ilə F.Ağazadənin 1928-ci ildə birgə yazıb bitirdikləri “Türk qrameri” kitabı 1930-cu ildə Azərnəşr tərəfindən çap olunmuşdur. Kitabın “Nəşriyyat tərəfindən” başlıqlı ön sözündə deyilir:

“Məlum olduğu üzrə, indiyə qədər azəri ləhcəsinə dair yazılan qramer kitablarında ya dilimizdə olan başqa lisan ünsürlərinin təhlilinə fikir verilmiş və bununla da azəri ləhcəsinin xüsusiyyətləri kölgədə buraxılmış, ya da başqa dillərdə qəbul edilmiş qramer formalarının azəri qramerinə daxil edilməsinə çalışılmışdır” (28, s.63).

Müəlliflər, bir qayda olaraq, hər yerdə “azəri ləhcəsi” ifadəsini işlədirlər, bununla belə “azəri şivəsi” (28, s.79), “Azərbaycan ləhcəsi” (28,s.81) ifadələrinə də rast gəlinir.

“Türk ləhcələri” (28, s.94), “türk-tatar ləhcələri” (28, s.95), “türk dilləri” (28, s.95), “türk-tatar dilləri” (28, s. 97), “türk dili” (28, s.99), “türkcə” (28, s.147) ifadələrinin işlənməsi müəlliflərin “türk dilləri” anlayışını necə təqdim etmələri baxımından diqqəti cəlb edir.

Ə.Abid “Böyük Şura Ensiklopediyası və türk ədəbiyyatı” məqaləsində (“İnqilab və mədəniyyət” jur., 1929, N 2) yazır:

“Marr Azərbaycandakı türk şivələrini: 1. Bakı; 2. Nuxa; 3. Qazax-Gəncə olmaq üzrə üç qrupda toplayaraq bu şivələr üzərində məlum olan fars təsirini təkrarladıqdan sonra belə bir cümlə qeyd etməkdədir: “Azəri ləhcəsinin ayrı-ayrı danışıq tərzləri arasındakı fərq çox böyük olmaqla bərabər, bütün Azərbaycan türkləri bir-birlərini anlamaqda güclük çəkməyirlər”.

Doğrudur, hər yerdə olduğu kimi, Azərbaycan türkcəsində də bəzi xırda xarakterlər görünməkdədir. Fəqət bu xarakterləri, türklərin bir-birlərini anlamaqda güclük çəkmədikləri şəklində böyütmək Azərbaycan türkcəsini qərib bir mübadiləyə düşürmək deməkdir” (4, s.159-160).

Mərkəz (Moskva) 30-cu illərin ortalarında artıq “türk dili”ndən “Azərbaycan dili”nə keçməyi qərarlaşdırmışdı və keçid prosesi Sovetlər Birliyinin idarəçilik texnologiyalarına uyğun olaraq siyasi-ideoloji təzyiqlər, hətta repressiyalarla müşayiət olunduğundan respublika daxilində ciddi etirazlar müşahidə edilmədi. Lakin Azərbaycan mühacirəti buna dərhal reaksiya verdi. M.Ə.Rəsulzadə Berlində çıxan “Qurtuluş” dərgisinin 1936-cı il 20-ci sayında dərc etdirdiyi “Sovet Azərbaycanında türk dilinin ruslaşdırma və imha siyasəti haqqında” məqaləsində yazırdı:

“... Qızıl Moskva əsarətində bulundurduğu başqa millətlər kimi Azərbaycanı da istila edər-etməz 6-7 əsrlik qoca ədəbiyyata malik bulunan ədəbi Azərbaycan türkcəsini məhv etməyə qalxdı” (64, s.16).

Ümumiyyətlə Azərbaycan SSR-də “Azərbaycan dili”nin rəsmi olaraq kütləvi işləndiyi illərdə də Azərbaycan mühacirətinin M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, C.Hacıbəyli kimi fəal nümayəndələri “Azərbaycan dili” anlayışını, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “azəri türkcəsi”, “azəri ləhcəsi” və s. ilə ifadə etmişlər (bu barədə geniş məlumat üçün bax: 62, 63).



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin