3. Səməd Vurğunun “Azərbaycan dili” anlayışı
Səməd Vurğun müasir Azərbaycan ədəbi dilinin təşəkkülündə tarixi rol oynadığı kimi, “Azərbaycan dili” anlayışının normalaşmasında da bir neçə baxımdan tarixi xidmətlər göstərmişdir.
Səməd Vurğun yaradıcılığa XX əsrin 20-ci illərinin ortalarında başlamışdı... Və Yaşar Qarayev tamamilə doğru olaraq göstərir ki, “Səməd Vurğunun poeziyası da, bioqrafiyası da bilavasitə xalqın tarixinin və taleyinin iradəsidir. Onun gəncliyi müsibətdə, ölüm və qanlı keçmişindən ayrılan və əzablar içində təzədən doğulan ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə təsadüf edir. Yeni epoxa ictimai-siyasi həyatda aprel çevrilişi ilə, çağdaş milli poeziyada isə Səməd Vurğunla və onun təmsil etdiyi ədəbi nəsillə başlayır” (77, s.5)
S.Vurğun başda olmaqla bu ədəbi nəslin “ana dili” axtarışları, əlbəttə, maraq doğurmaya bilməz.
Şairin 1935-ci ildə yazdığı “Azərbaycan” şeir-poeması onun bütün yaradıcılığı boyu uğrunda mübarizə apardığı azərbaycançılıq ideologiyasının üverturası idi. Təsadüfi deyil ki, “Səməd Vurğun “Azərbaycan” şeirində Vətəni az qala illərlə görmədiyi anasını tapmış bir uşaq emosiyası (və ehtirası!) ilə sevməyin leksikonunu, frazeologiyasını, hətta leksiko-sintaksisini təqdim edir... Və hamının dilinin əzbəri olan “el bilir ki, sən mənimsən” kimi kifayət qədər sadəlövh bir ifadənin poetizmə çevrilməsi də həmin sevginin nə qədər dərindən gəlməsinin ifadəsidir” (77, s.11).
S.Vurğunun “ana dili” anlayışını sistemli şəkildə əks etdirən ilk mənbə avtoqrafı indiyə qədər saxlanılmış “Azərbaycan (tarixi poema, 1934-1935)” əlyazmasıdır ki, son illərdə nəşr edilmişdir (84). Burada çox işlənən “Azərbaycan” anlayışı ilə yanaşı, “azər”ə də təsadüf olunur:
O gündən Azərin gəlini, qızı
Təpədən dırnağa geyindi qara... (84, s.31).
Bu qarlı dağlara sığındı Babək-
Azərin qəhrəman, yenilməz oğlu. (84, s.32).
Könlünü bəsləmiş Azər elində,
Deyir türküsünü ana dilində. (84, s.41) və s.
Lakin şair “ana dili” anlayışını dövrün normativlərinə görə “türk dili” ilə verir:
Vaqif! Ey qəlbimin köhnə sultanı!
De, söhbətin hanı, de sazın hanı?
...İran ordusunu yeridəndə sən
Dedin ki, yadlara keçməsin vətən!
... Dedin ki, türk dili, türk şeiri gərək
Böyük bir ölkəyə qanad gərərək
Üfüqdən üfüqə çapsın atını. (84, s. 41-42).
Rusiya imperiyasının işğalçılıq siyasətinin Azərbaycan xalqına, onun mənəviyyatına, dilinə vurduğu ziyanlardan bəhs edən şair deyir:
Satdı mənliyini “əsilzadələr”,
Çarın xidmətinə baş əydi Quran.
Bütün gördüyümü danışsam əgər,
Kağızım qurtarar, yorular insan.
Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”.
Oxucum! Bir daha nəzər yetir sən
Keçdiyin o qanlı, o qorxunc yola.
Yüz il Füzuliyə həsrət qalaraq
Doğma analara söylədik “mama”... (84, s.57).
S.Vurğun “türkcə”nin gələcəyinə hələ 30-cu illərin ortalarından böyük ümidlər bəsləyir:
...Daşacaq Bakıda insanın sayı,
Şuralar Şərqinin ilk qurultayı
Burda başlanacaq! O gün ixtiyar
Bir mədən işçisi alnında vüqar,
Başının üstündə bir qızıl bayraq
Türkcə salam verib iclas açacaq... (84, s.78).
N.Cəfərov yazır:
“... Səməd Vurğunun şah ruhunu canlandıran etnoqrafik köklərin təzahürü- “Vaqifin şirin dili” idi. Və o, yeni dövrdə yaşamasına, Azərbaycanda milli intibahın ən böyük nümayəndəsi olmasına baxmayaraq, bizə gəlib çatan əsərlərində bir dəfə də olsun nə “Azərbaycan”, nə “Azərbaycan (türk) xalqı”, nə də “Azərbaycan (türk) dili” anlayışlarını işlətməmiş şairin adını ana dilinin adı kimi təqdim etməkdən çəkinmirdi” (77, s.18).
1930-cu illərin ortalarından sonra S.Vurğun ümumi rəsmi prinsipə uyğun olaraq “Azərbaycan dili” ifadəsini işlətmişdir.
Məsələn:
1937-ci il - İndiyədək “Yevgeni Onegin” romanını heç kim Azərbaycan dilinə tərcümə etməmişdir (85, s.19).
1939-cu il - Məlumdur ki, bizim dilimiz hər bir milli dil kimi sosializm dövründə özünün xəzinəsi hesabına zənginləşir. 20 il müddətində Azərbaycan dilinin keçdiyi inkişaf yolunu nəzərdən keçirsək, biz görərik ki, partiyamızın milli siyasəti nəticəsində dilimizin gözəlliyi, təmizliyi, qüvvət və qüdrəti 100 illik bir inkişaf yolu keçmişdir (85, s.30-31).
1940-cı il - Dahi rus şairi Lermontov vaxtı ilə demişdir ki, fransız dili Avropada geniş yayıldığı kimi, Azərbaycan dili də Zaqafqaziyada geniş yayılmışdır (85, s. 53).
1952-ci il - Dilçilik, xüsusilə müasir Azərbaycan dili sahəsində aparılmış işlər nəticəsində 1951-ci ildə “Azərbaycan dilinin qrammatikası” (I hissə, morfologiya) başa çatdırılaraq nəşr edilmişdir (85, s.366).
Dostları ilə paylaş: |