Türk-fars demədən hər kəsi qardaş deyə gördük,
Farsa yeri gəldikcə vəzirlik belə verdik.
Din bir tərəfə, heç nəyə biz dəymədik hərgiz,
Heç kimsəyə “ gəl türki danış” söyləmədik biz.
Tam tərsinə, biz farscanı sevdik və becərtdik,
Qışdan qoruduq, baxdıq, bağvanlığın etdik.
...İranı abad, bizləri şad istəməyənlər,
Öz nəfi üçün hər zadı bərbad eləyənlər,
Bu ölkədə əqvam ara hər haqqı dananlar
Öz niyyətini eylədilər böyləcə izhar:
... “Türki” deyə bir dil nə gəzər , “Azəri” varmış,
Milyonla o dildə danışarsa “xatakarmış!
.... Qoy bədxahımız birdəki birlikdən üzülsün,
Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün.
Mən türki yazırsam, yenə sən varsan içində,
Bax, əldəki hər barmaq bir başqa biçimdə.
Biz türklər üçün həm bu və həm o dil əzizdir,
Türki anamız, farsi dili sevgilimizdir. (107, s.187-189).
Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və Əməkdaşlıq VII qurultayının qərarında deyilir:
“İranın Türkiyədəki məktəblərinin qarşılığı olaraq İranda türkcə təhsil verən özəl, yaxud təşkilat məktəbləri açılmalıdır” (119, s.165).
“Azərbaycan dilinin Şimal və Cənub təzahürləri” kitabının müəllifi “türkcə” anlayışı ilə əlaqədar tamamilə doğru olaraq yazır:
“Lakin buradan məlum olmur ki, həmin məktəblər Türkiyə türkcəsində, yaxud yerli xalqın ana dilində - Azərbaycan türkcəsində olmalıdır. Şübhəsiz, ikincisi daha məqbuldur” (54, s.44).
Cənubi Azərbaycanlı gənclərin Türkiyədə təhsili ilə bağlı maraqlı bir pritça məşhurdur: Universitetə daxil olmaq istəyən gənci, mövcud qanunun tələbi ilə, xarici vətəndaş olduğuna görə əvvəlcə bir illik dil hazırlığı kursuna alırlar ki, o, burada müxtəlif ölkələrdən gəlmiş, Türkiyə türkcəsini bilməyən həmyaşıdları ilə onu (Türkiyə türkcəsini) öyrənsin. Müəllim bir pişik şəkli göstərib deyir: “Şimdi, çocuqlar, bu, kedidir”... Cənublu (rəsmi olaraq İran vətəndaşı) müdavim türkcəni bildiyinə əmin olduğu, kursa da Türkiyədəki mövcud qanunun tələbinə görə davam etdiyindən müəllimə qulaq asmırmış. Bunu hiss eləyən müəllim ondan soruşur: “Övladım, türkcə bu nədir?” Gənc həvəssiz “pişikdir” deyir. Müəllim təkrar eləyir: “Kedi”. Gənc isə “pişik” deyib durur...
Çünki dillərin adı eyni, sözləri isə fərqli...
Cənubda ana dilinin adı ilə bağlı variantlılığın təzahürü görkəmli Azərbaycan ziyalısı doktor Cavad Heyətin “Türk dili və ləhcələrinin tarixinə bir baxış” (1987), “İki dilin müqayisəsi” (1989), “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1993) və s. kitablarında, eləcə də 1979-cu ildən nəşr olunan nüfuzlu “Varlıq” jurnalında da görünür. Ümumiyyətlə, Cənub mətbuatında “Azərbaycan dili” anlayışı xüsusən keçən əsrin 80-ci illərindən etibarən aşağıdakı adlar (linqvonimlər) ilə verilmişdir: türk dili, türkcə, Azərbaycan türkcəsi, Azərbaycan dili, azərbaycanca, türki və s. Qeyd edək ki, çox zaman bu mənada sadəcə “ana dili” ifadəsi işlənir. Məsələn, “Yeni yol” məcmuəsi yazır:
“Bu gün, Allaha şükürlər ki, İran İslam Cümhuriyyəti Əsasi-Qanununda İran əhalisinin balaları öz ana dilində təhsil etmədən mən etməmişlər. Ümidvarıq ki, yeni təhsil ilində vəzarəti-amuzəş və pərvəriş Azərbaycan məktəblərində fars dili ilə bərabər ana dilinin də tədrisinə dəçğuz versin və azərbaycanca məktəb kitablarının çap edilməsinə imkan yaratsın” (54, s. 63).
Əlbəttə, Azərbaycan Cənubunda ana dili ilə bağlı məsələdə əsas şərt onun varlığını qorumaq olduğundan adının dəqiqləşdirilməsi ikinci plana keçir.
Doktor C.Heyət müsahibələrinin birində deyir:
“Biz İran Azərbaycanındanıq ... Cənubluyuq... Pəhləvilər dövründə İranda 60 ilə yaxın ana dilimiz, mədəniyyətimiz inkar edilmiş, hətta qadağan olunmuşdur. Onun üçün xalqımız özündən, kimliyindən, dilindən, ədəbiyyatından və tarixindən xəbərsiz qalmışdır. Bu da bir xalqın, bir millətin varlığının məhv olunmasına hazırlıqdır. Millət belə, bu şəkildə məhv olur. Yəni ruhən, mənən məhv olur. Bizim bunun önünü almağımız və bu boşluğu doldurmağımız lazım idi. Xalqımıza dilini, ədəbiyyatını, tarixini xatırlatmağımız lazım idi. Ona görə də ədəbi, mədəni bir dərgi, bir jurnal çıxartmağa başladıq. Məktəbimiz olmadığı üçün islam inqilabından sonra bizə nisbi bir dil azadlığı verdilər. Biz ondan faydalandıq və məktəb işini görən bir dərgi çıxarmağa başladıq. Onun üçün “Varlıq” dərgisini çıxardıq. “Varlıq”da dilimiz, ədəbi dilimizin qaydaları, ədəbiyyatımızın tarixi, folklorumuz, tariximiz haqqında silsilə məqalələr verdik. Hətta bu məqalələri sonra kitablar şəklində buraxdım. Amma niyə bu dərginin adını “Varlıq” qoyduq? Çünki hələ Pəhləvilər zamanında bizim varlığımız inkar edirdilər. Deyirdilər ki, “siz türk deyilsiniz, sizin dil farscanın bir ləhcəsidir. Bu dildə yazmaq, oxumaq olmaz”. Biz buna qarşılıq olaraq jurnalımıza “Varlıq” adı qoyduq ki, biz varıq” (46, s.28).
Məqalələrindən birində isə yazır:
“Biz “Varlıq”da ədəbi Azəri türkcəsi ilə yazırıq, ancaq ortaq türkcəyə də meylimiz hiss edilir” (46, s.276).
Bir qrup İran (Cənubi Azərbaycan) ziyalısı vaxtilə prezident Seyid Məhəmməd Xatəmiyə belə bir müraciət ünvanlamışdı:
“Mədəni cəmiyyətlə xalqın dil və ədəbiyyatına laqeydlik ziddiyyət təşkil edir. İran İslam Cümhuriyyətinin Anayasasının 15-ci maddəsində xalqların bu hüququ geniş təsbit edilmişdir. Elə buna əsaslanaraq Azərbaycan türkcəsinin ibtidai məktəblərdə və türklərin yaşadığı bütün şəhərlərdə fars dili ilə bərabər elmi və rəsmi formada tədris olunmasını, türk dilində mütəxəsislər tərəfindən teleradio verilişlərinin hazırlanması və fars dilindən əlavə yayılması, ölkənin bütün universitetlərində türk dili və ədəbiyyatı fakültəsinin yaradılmasını, uşaq və yeniyetmələrin türk dilində uşaq ədəbiyyatı yaratmağa həvəsləndirilməsini Sizdən rica edirik” (70, s.64).
Göründüyü kimi, burada da mövcud ənənəyə uyğun olaraq, həm “Azərbaycan türkcəsi”, həm də “türk dili” linqvonimindən istifadə edilmişdir ki, bu tendensiyanı Cənubi Azərbaycan üçün səciyyəvi saymaq olar.
Böyük Azərbaycan şairi M.H.Şəhriyar öz ana dilini “türkcə”, “türki” adlandırdığı halda, Cənublu digər bir Azərbaycan şairi Yəhya Şeyda onun haqqında yazdığı kitabı Təbrizdə “Şəhriyar və Azərbaycan dilində əsərləri” adı ilə çap etdirmişdir (79).
Qeyd etmək lazımdır ki, İranda türklərə (azərbaycanlılara) münasibətdə ad məsələsində “siyasi həssaslıq” Azərbaycanın həm Cənubunu, həm də Şimalını əhatə edir. Vaxtı ilə İran “Azərbaycan Xalq Cümhuriyyəti” adına rəsmi etiraz etmiş, “Azərbaycan”ın məhz İrana məxsus bir ərazinin adı olduğunda israr eləmişdi.
Həmin iddialar Azərbaycan müstəqillik qazanandan sonra da özünü göstərdi.
Dr.C. Heyət yazır:
“Kəhkəşan” aylıq jurnalının 15-ci sayında mühəndis Məhəmməd Rza Əbhəryanın “Aran və Azərbaycan” adlı məqaləsi dərc edilmişdir. Məqalənin başlığı altında iri çaplı hərflərlə “Sovet Azərbaycanı özünün həqiqi və tarixi adını qaytarsa, daha yaxşı olmazmı?” sualı verilmişdir.
...Ağayi Əbhəryar İbn Hovğəl, doktor M.Moin və Nehzət-ül-Qolubdan sitatlar gətirməklə sübut etməyə çalışır ki, əvvələn bolşeviklər hakimiyyəti yaranmadan öncə Şimali Azərbaycanın adı “Aran” olub. Azərbaycan adı buraya sonradan İran Azərbaycanını ona birləşdirmək kimi bədxah bir niyyət güdən bolşeviklər tərəfindən seçilmişdir. İndi bir halda ki, bolşeviklər hakimiyyəti dağılmışdır. Sovet Azərbaycanı adı yenidən “Aran” adı ilə əvəz olunmalıdır” (46, s.55).
Dr. C.Heyət bu sərsəç fikrə münasibətini belə bildirir:
“Təqribən, 1050 il bundan öncə Samanilər vəziri Əbu Əli Məhəmməd Bələmi tərəfindən Təbəri tarixindən tərcümə və 1958-ci ildə Doktor Cavad Məşkurun səyi ilə Tehranda çap olunmuş “Təbəri tarixi”ndə Azərbaycan və xəzərlər Dərbəndinin fəth edilməsi fəslində deyilir: “Xəbərdə deyilir ki, Ömər-ibn-Xəttab (ikinci Xəlifə) Nəim-ibn-Moqrənə məktub göndərib ki, Səmak ibn-Həlsəbəni Azərbaycana göndərsin və İsmət ibn Fərğəd və Abdullahı da oraya göndərmişdi- Əcəmin atəşxanaları (atəşgahları) orada olub. Əcəmlər Pəhləvi dilində “atəşə”-“azər” deyirlər, ona görə də oranı “Azərbayqan” adlandırırlar. Atəş əsasən orada olur və ona sitayiş edirlər. Oranın hüdudları Həmədandan başlayıb və Əbhər və Zəncandan keçərək xəzərlər Dərbəndinə çatır. Bu arada olan bütün şəhərlər “Azərbayqan” adlanır. Dərbəndə ərəbcə “bab” deyir, bu yolları “Əbvab” adlandırırlar - Orada (keçib) xəzərlər ölkəsinə gedirlər-bəzi yollar quru, bəziləri dəniz yolları (dır). Orada “Xəzər” adlı böyük bir şəhər var”. Eyni zamanda kitabın 42-ci səhifəsində bu yerlərin hamısının türklərin əlində olmasına açıq-aydın işarə edilir” (46, s.57).
Və əlavə edir:
“1062-ci hicri-qəməri ilində, yəni bolşeviklər və “Müsavat” hökumətindən 300 il qabaq Hindistanda Həsən Təbrizi tərəfindən qələmə alınmış “Böhran-e qate” lüğət kitabında “Aran” sözünün şərhində deyilir: -Ərran-“re” hərfi təşdidlə oxunur, söz özü isə “pərran” vəznində tələffüz olunur. Aran Azərbaycanın vilayətinin adıdır. Bərdə və Gəncə onun nüfuz dairəsinə daxildir (46, s.517).
Müasir siyasi maraqlar mövqeyindən tarixə konyuktur müdaxilənin nəticəsidir ki, bir sıra iranpərəst ideoloqlar nəinki türklərin (azərbaycanlıların) İran əhalisinin əksəriyyətini təşkil etdiyinə göz yumur, Azərbaycan dilinin türk mənşəli olduğunu da qəbul etmək istəmirlər.
Son dövrlərdə “Güney Azərbaycan türkcəsi” deyilən süni bir ad-linqvonim də ortaya çıxmışdır(bu barədə bax: 100).
Məsələnin mahiyyəti isə bundan ibarətdir ki,
-
Azərbaycanın həm Şimalında, həm də Cənubunda bütöv bir xalqın tarixi ünsiyyət vasitəsi türk mənşəli Azərbaycan dilidir;
-
Şimalda rəsmi olaraq “Azərbaycan dili”, Cənubda qeyri-rəsmi “türk dili”, “türkcə”, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “türki” və s. adlansa da, həm Şimalda, həm də Cənubda söhbətin hansı dildən getdiyi hər kəsə məlumdur.
Dostları ilə paylaş: |