2. “Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın siyasi-inzibati baxımdan iki yerə parçalanması- Şimalda Rusiya, Cənubda isə İran Azərbaycanının bir-birindən fərqli tarix yaşamasına səbəb oldu. Doğrudur, dil xalqın ümumi mədəni-mənəvi dəyəri kimi çıxış edir, lakin ona rəsmi baxışda müəyyən fərqlərin ortaya çıxması da təbii idi ki, bu təbiiliyin bir cəhəti də dilin adına münasibətdə təzahür edirdi.
“Azərbaycan dilinin Şimal və Cənub təzahürləri” kitabının müəllifi Ülviyyə Qasımlı yazır:
“Azərbaycanın Şimalı ilə Cənubu arasında sosial-siyasi, ideoloji və mədəni fərqlərin yaranması prosesi aşağıdakı mərhələlərdən keçmişdir:
I mərhələ. XIX əsrin əvvəllərindən sonlarına qədər.
II mərhələ. XIX əsrin sonu XX əsrin əvvəlləri.
III mərhələ. XX əsrin 20-ci illərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər.
IV mərhələ. XX əsrin sonu XXI əsrin əvvəlləri” (54, s.4-5).
XIX əsrdə Rusiya ilə İran arasında olan “isti” diplomatik əlaqələr Azərbaycanın həm etnik, həm də dilcə məhvinə hesablanmışdı, ona görə də Şimalda “rusca”, Cənubda isə “farsca”dan başqa bir anlayış rəsmən tanınmırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində isə vəziyyət dəyişdi...
Hər şeydən əvvəl ona görə ki, həmin dövr bütün dünyada milli oyanış, xalqların imperialist əsarətindən imtinaya qalxışdığı, dövlət müstəqilliyi uğrunda mübarizə dövrü idi. Bu dövrdə hər bir xalq özünün, vətəninin, dilinin adını axtarır və bu axtarışların nəticəsi olaraq milli kimliyini təsdiq etməyə çalışırdı. Ortaya çıxan hər hansı maneə olduqca ciddi etirazlarla qarşılanırdı. Lakin həmin etirazlar çox zaman “dağınıq” xarakter daşıdığından mütəşəkkil imperialist güclərin təxribatları önündə tamamilə aciz qalıb onlara verilən “dağıdıcı” adlarla kifayətlənməli olurdu.
Cənubda hicri tarixi ilə 1323-cü ildə Hacı Mirzə Həsən Rüşdiyyənin “Vətən dili” kitabı ortaya çıxdı ki, bu kitab “1905-1911-ci illərdə İran Azərbaycanında inqilab hərəkatının alovlandığı... dövrün məhsuludur...
“Vətən dili” - Ana dili, Azərbaycan dili deməkdir” (61, s.148-149).
1920-ci ildə Cənubi Azərbaycanda mövcud olmuş Azadistan dövləti Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə bir sıra islahatlara imza atdı ki, onların içərisində milli məsələ xüsusi yer tuturdu. Lakin imperialist irtica Şimalda olduğu kimi Cənubda da Azərbaycan xalqının nə birləşməsinə, nə də müstəqillik əldə etməsinə imkan vermədi. “Azadistan bəlasının həll edilməsindən sonra türklərlə yanaşı İranda yaşayan digər etnik qrupların həm irq olaraq, həm də dil olaraq ari olduqları yönündə təbliğat kitabları yazılmağa başladı” (11, s.80).
1926-cı ildə İranda hakimiyyətə gələn “Əhməd Rza xanın ilk işlərindən biri ölkədə fars olmayan dillərin işlədilməsinə yasaq qoymaq oldu... Lur-bəxtiyaricə, giləkcə, mazandaranicə, kürdcə, yabançı olan, yəni hind-Avropa dilləri qrupuna girməyən türkcə və ərəbcə kimi dillər farscanın pozuq ləhcələri olaraq qəbul edildi” (11, s.83).
Məsələ burasındadır ki, “dövlət+etnos+dil” triadasında adlandırma baxımından dövlətin, yəni siyasi iradənin təbii amillərdən (etnosdan və dildən) güclü olması yalnız fars mənşəli Pəhləvilər dövründə deyil, uzun illər İrana başçılıq etmiş türk (Azərbaycan) mənşəli Qacarlar dövründə də özünü göstərmişdir. Yəni hakimiyyət iradəsi etnik iradədən aparıcı olmuşdur.
İranda bu baxımdan diqqəti ən çox cəlb edən hadisələrdən biri Azərbaycan türklərinin etnogenezi barədə həm qeyri-elmi, həm də mürtəce nəzəriyyənin formalaşdırılmasına start verilməsi idi ki, ona Əhməd Kəsrəvi adlı azərbaycanlı başçılıq edirdi. Dövlətin bütün vasitələrlə dəstəklədiyi həmin nəzəriyyənin, “Azərbaycanda danışılan dilin türkcə ilə əlaqəsinin olmadığı, əslində, farscanın bir ləhcəsi qəbul edilən azəricə olduğu tezisi müdafiə edildi” (11, s.84).
Ümumiyyətlə, haqqında söhbət gedən dövrdə İranda necə bir dil siyasəti yürüdüldüyünü göstərən faktlardan biri də ölkə kommunistlərinin liderlərindən Dr.Tağı Əraninin məsələyə münasibətidir. “... O, dönəmin bir çox intellektualı kimi farslaşdırma siyasətini dəstəkləyirdi... Azərbaycan türklərinin, əslində, azəri olduqlarını və ana dilləri olan əski farscanı vəhşi monqolların hücumu nəticəsində unudub türkcə danışmağa başladıqlarını iddia etmişdir” (11, s.84).
Həmin münasibətdən aydın olur ki, İranda yürüdülən dil siyasəti həm müxtəlif ideoloji cəbhələri birləşdirir, həm də elmi yox, siyasi xarakter daşıyır. Dr.T.Əraniyə görə, İranda “türkcə olayı çox təhlükəlidir. Çünki azərbaycanlıları yanlışlıqla türk olduqlarına və İrandan ayrılmaları gərəkdiyinə inandıran bir ünsürdür. Bu problemin həll edilə bilməsi türkcənin ortadan qaldırılıb farscanın yayğınlaşdırılması üçün hər cür yol və metod tətbiq edilməlidir” (11, s.84).
Cənubi Azərbaycanda dil (və millət) məsələsi Azərbaycan Milli Hökuməti dövründə bir daha geniş müzakirə və münaqişə predmetinə çevrildi. “Tehran Tudə partiyasına görə, “İran milləti bölünməz bir bütündür”. Təbriz tudəçilərinə görə isə, “İran çoxlu etnik qrupdan ibarət olan bir ölkədir. Azərbaycanlıların dili olan türkcə azərbaycanlıların fərqli bir millət olduqlarının göstərgəsidir” (11, s.92). Həmin məsələlərin müzakirə edildiyi Azərbaycan Demokrat Partiyasının birinci böyük konqresində “milli muxtariyyət və türkcənin rəsmi dil olması qəbul edildi” (11, s.92).
S.C.Pişəvəri “Azərbaycan” qəzetinin 6 sentyabr 1945-ci il tarixli nömrəsində çap olunmuş “Qəzetimizin dili” məqaləsində yazırdı:
“Qəzetimiz Azərbaycan dilinə daha artıq əhəmiyyət verəcəkdir... Azərbaycan dili süni bir dil deyil. Onun böyük xalqı və camaat qüvvəsi kimi arxası var... Azərbaycan dili o qədər qüvvətli, sərf-nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə daxil edilmiş fars və ərəb kəlmələri çıxarılsa belə, onunla böyük fikirləri ali məqsədləri yazıb şərh etmək mümkündür” (74, s. 46-47).
Görkəmli dövlət xadiminin “türk dili” əvəzinə “Azərbaycan dili” işlətməsi müəyyən mənada Sovet Azərbaycanında yürüdülən dil siyasətinin təsiri olsa da, onun öz ideallarına da zidd olmayıb milli məzmun daşıyırdı:
“Dünyada bir dil tapılmaz ki, o, tamamilə müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin. Bizim Azərbaycan dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox yad kəlmələr xalqımızın ağzına düşmüş və zaman-zaman onlar milliləşmişdir” (74, s. 47).
21 azər 1324-cü (12 dekabr 1945-ci) ildə Təbrizdə başlayan Parlamentin seçdiyi Hökumət Azərbaycan dilində “Azərbaycan Milli Hökuməti Bərnaməsi” elan etdi ki, onun 8-ci maddəsində deyilir: “Fərhəng və maarif sahəsində dövlətimizin qabağında iki böyük məsələ durur: birincisi, öz milli dilimizi bütün mədrəsələrdə rəsmi olaraq qəbul və icra etmək; ikincisi isə, ümumiyyətlə savadsızlığa qarşı mübarizə aparmaq, məccani və icbari təhsili əməli yoluna qoymaq” (11, s.102).
Göründüyü kimi, burada dövlət dilinin adı çəkilmir, sadəcə olaraq, “milli dilimiz” kimi “neytral” bir ifadədən istifadə olunur ki, bu, təsadüfi deyil.
R.Albayraq “Azərbaycan Milli Hökuməti Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etdi” (11, s.103) deyərkən, fikrimizcə, linqvonimi doğru müəyyənləşdirmiş, eyni zamanda onun kitabında baş nazir S.C.Pişəvərinin Maarif Nazirliyinə göndərdiyi 28 azər 1324-cü il tarixli məktubun mətnində “Azərbaycan dili” ifadəsi işlədilmişdir: “1. Bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün” (11, s.104).
Neokəsrəviçilərin belə bir tezisi mövcuddur ki, “türk dili” Azərbaycana səfəvi xanədanı dönəmində gəldi. Bu xanədan tərəfindən rəsmi dil halına gətirildi. Beləcə ari kökənli bir dil olan zəbani-azəri, yəni azərbaycanca ortadan qaldırıldı.
... Günümüzdəki, yəni Azərbaycan dili də türkcə deyildir. Azərbaycanın bir çox bölgəsində həzzəni, kəringani və tati/ tatca kimi qədim azəri dilinin ləhcələri danışılır. Azərbaycanda danışılan dilə “türkcə” demək yanlışdır. Bir isim vermək gərəkirsə, “azərbaycanca” ən uyğun ad olacaqdır” (11, s.455).
Cənubda “Azərbaycan dili” anlayışı altında anlaşılan qeyri-türkcə (yəqin ki, farsca) dil təsəvvürü, tamamilə təbiidir ki, konyuktur-ideoloji məqsədlərdən irəli gələn bir hadisə olub heç bir elmi əsaslara dayanmırdı. Eyni zamanda bu məsələyə münasibətdə həm Şimala, həm də Cənuba hökm edən anti-elmi məqsədlə birləşmişdi. Çünki həmin dövrdə-30-cu illərdən 50-ci illərə qədər Azərbaycan türklərinin mənşəcə türk etnosuna aid olmayıb sadəcə türkcə danışdıqları barədə sərsəm ideya eyni “mərkəz”dən təbliğ olunurdu.
1945-1946-cı illərdə Cənub üçün Şimalda “Azərbaycan” jurnalı nəşr olundu...
C.Həsənli yazır:
“Azərbaycan” jurnalı Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1945-ci ilin iyul ayının 6-da Cənubi Azərbaycan hadisələri haqqında gizli qərarından sonra nəşr olunmağa başladı və ilk sayı 1945-ci ilin avqust ayında işıq üzü gördü...
Jurnalın məsul redaktoru həmin dövrdə artıq Azərbaycan ədəbi və mədəni mühitində geniş tanınan şair Rəsul Rza idi. Onun redaksiya heyətində Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn kimi tanınmış şair və yazıçılar yer almışdılar. “Azərbaycan” ərəb əlifbası ilə Bakıda nəşr olunur və Cənubi Azərbaycanda yayılırdı” (61, s. 3-4).
Əlbəttə, Sovetlər Birliyi (və kommunist bolşevik hakimiyyəti) İrana bu cür “mədəni” (ideoloji) müdaxilədə Azərbaycanın mənafeyini güdmürdü. Sadəcə, İranda ABŞ nüfuzunun qarşısını almağa çalışırdı ki, nəticə etibarilə, bunu da bacarmadı.
Ancaq milli şair (və ziyalı) Rəsul Rzanın redaktorluq etdiyi “Azərbaycan” jurnalı Azərbaycan xalqının mənafeyini ən kritik anlarda da müdafiə etməyə bilməzdi.
Həm də bu o dövr idi ki, S.C.Pişəvərinin başçılıq etdiyi “milli hökümət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açdı, milli zülmün nəticələrini ləğv etdi, azərbaycanlıların varlığını bir daha təsbit etdi” (61, s.12).
Həmin jurnalda çap olunan “Həqiqi xalq maarifi uğrunda” adlı məqaləsində Firudin İbrahimi yazır:
“İndiki dövrdə bir millətin elm və dilini aradan götürmək istəyən bir siyasət gülünc bir siyasətdir... Azərbaycanlının elm ilə silahlanmasını və öz milli hüququnu müdafiə etməyə layiq və moqtədər olmasını Tehran höküməti istəmir”... (61, s.32-33).
Sonralar eyni fikri iran ziyalılarından Cəlal Ale-Əhməd də (1923-1968) söyləmişdir:
“... biz İranda 6-7 milyon əhalini ən elementar insan hüququndan-istədiyi dildən sərbəst şəkildə istifadə etmək hüququndan məhrum etmişik... Onu “azəri dili”adlandırdılar, gəlmə dil olduğunu iddia etdilər” (12, s.41-42).
Azərbaycanın Şimalı ilə Cənubu arasında mədəni əlaqələrin müəyyən qədər bərpa olunduğu 90-cı illərin əvvəllərində bir daha göründü ki, Şimalda rus, Cənubda fars təzyiqlərinə baxmayaraq,
“a) Azərbaycanın Şimalı ilə Cənubu vahid etnik-mədəni sistem təşkil edir;
b) Azərbaycan xalqı Şimalda və ya Cənubda yaşamasından asılı olmayaraq, eyni milli idealların daşıyıcısıdır;
c) Azərbaycan dili özünün Şimal və Cənub təzahürlərində eyni bir dildir və s.” (54, s.8).
Məlum olduğu kimi, “İranın rəsmi dili farscadır (dəri farsca). Birləşmiş Millətlərin 1998-ci ildə nəşr etdiyi məlumata görə, İran əhalisinin sayı 65.758.000 adamdan ibarətdir. Onlar müxtəlif dillərdə danışırlar və saylarına görə ən mühümləri aşağıdakılardır:
-
Azərbaycan türkcəsi- 23,5 milyon;
-
farsca- 22 milyon;
-
lorca-4,28 milyon;
-
kürtcə-3,25 milyon;
-
türkməncə-2 milyon;
-
qaşqay türkcəsi- 2 milyon;
-
xorasan türkcəsi- 1,5 milyon;
-
ərəbcə- 1,2 milyon (46, s.90-91).
Bu qədər çoxsaylı, eləcə də özünün milli varlığını dərk etmiş xalqın dilinin adı barədəki təsəvvürün dəqiq olacağına heç bir şübhə yoxdur. Lakin sual olunur: İranda Azərbaycan türklərindən sayca az farsların nüfuzunu təmin edən nə idi?
Bu suala yalnız belə cavab vermək olar: O qədim iran dövlətçilik ənənəsi... O ənənə ki, səlcuqlardan başlayaraq İrana hakim olan türklər, hətta Səfəvilər tərəfindən də sonacan aradan qaldırıla bilmədi.
Dil millətin birləşdirici amili kimi çıxış edirsə, onun (dilin) adı da ideoloji-mənəvi faktor olaraq, təbii ki, çox əhəmiyyətlidir. Dünya azərbaycanlılarının 9-10 noyabr 2001-ci ildə Bakıda keçirilən I qurultayının əsas məruzəsində deyilir: “Azərbaycan xalqının milli-mənəvi varlığının ən başlıca təzahürlərindən biri onun dili-Azərbaycan dilidir. Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət dilidir” (33, s.62).
Azərbaycan dilinin Şimalda “Azərbaycan dili”, Cənubda isə “türk dili”, “türkcə” və ya “türki” adlandırılması, əlbəttə, ciddi problem sayıla bilər. Xüsusilə o baxımdan ki, bir dilin iki, yaxud üç adı olması onomastik prinsiplər baxımından yalnışdır. İdeoloji-mənəvi konsalidasiya (mərkəzləşdirmə) üçünsə, heç şübhəsiz, maneədir.
M.İbrahimov İran İslam inqilabının qələbəsindən sonrakı ilk illərdə yazmışdı ki, Cənubda Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı olmuşdur(50, s.323).
Ümumiyyətlə, müşahidələr göstərir ki, Şimali Azərbaycan ziyalıları Cənubi Azərbaycanda işlənən dili həmişə “Azərbaycan dili” adlandırmışlar. Cənubda isə hətta İran İslam inqilabından sonra da “türkcə” linqvoniminə üstünlük verilmişdir.
Cənublu dilçi və şair Həmid Nitqi “Ana dil-sevgili dil” şeirində yazır:
Dostları ilə paylaş: |