Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


Nəriman Nərimanovun “ana dili” anlayışı



Yüklə 0,73 Mb.
səhifə19/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
5. Nəriman Nərimanovun “ana dili” anlayışı
Yazıçı, publisist, ictimai xadim (sonralar isə dövlət xadimi) Nəriman Nərimanovun “Azərbaycan dili” anlayışı ilk dəfə bütün təfərrüatı ilə özünü XIX əsrin sonlarında yazıb nəşr etdirdiyi “Bahadır və Sona” romanında göstərir.

Sonanın atası Yusiflə Bahadır arasında belə bir söhbət gedir:

“-Cənabınız studentdirmi?


  • Bəli,-Bahadır cavab verdi.

  • Sizin yoldaşlardan burada çoxdurmu?

  • Xeyr, ancaq üç nəfərik.

  • Bəs sizlərdən heç müslman varmı?

  • Bəli, ancaq bir müsəlman var.

  • Siz buyurduğunuz şəxs farsca bilirmi?

  • Bəli, bilir” (71, s.158).

Heç bir şübhə yoxdur ki, erməni Yusif “müsəlman” deyəndə Qafqaz (Zaqafqaziya) türklərini-azərbaycanlıları nəzərdə tutur və verdiyi sualdan bir mətləb də məlum olur ki, türk-azərbaycanlıların rusca universitet təhsili alanlarından heç də hamısı farsca bilmir.

Bahadır soruşur:

“-Təvəqqə edirəm buyurasınız görüm siz neçin farsca bilən axtarırsınız?...


  • Səbəb odur ki, - Yusif cavab verdi, - mənim bir qızım var. “Qız institutu”nu qurtarıb, türkcə dəxi yaxşı bilir və hətta yazırda. Amma indi farsca oxumaq istəyir”... (71, s.158).

Öz millətinin geri qalmasından “dərin-dərin fikrə gedib qəm dəryasına batan” Bahadırı” erməni qızının farsca oxumağı məşğul etdi və öz-özünə dedi: “Bu millətə təəccüb etməlidir! Erməni qızı neçin farsca oxusun? Neçin türkcə bilsin?...” (71, s.159).

“Bahadır və Sona” müəllifinin özü həmin suala belə cavab verir:

“... 15 yaşında firəng və rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki, ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün...” (71, s.160).

O da məlum olur ki, ermənilər türkcə öyrənmək, yaxud türkcələrini təkmilləşdirmək üçün “Kəşkül” qəzetinə yazılmaq istəyirlər, ancaq qəzetin vaxtlı-vaxtında çıxmaması üzündən yazılmırlar... “Biz Tiflisdə olan vaxtlar mənim qızım türk dili oxuyan vaxt istədi ki, haman qəzetini alsın. Amma sonrada gördüm ki, həqiqət, gec-gec çıxır, ona görə almadım.

Aleksey cavab verdi, dedi:


  • Bahadırın deməyinə görə, günah tək qəzetənin mühəzzirində deyil və hətta millətdədir, çünki deyir, guya müsəlman camaatı qəzetə yazanlara köməklik etmir”(71, s.167).

“Bahadır və Sona”da bütün aydınlığı ilə ortaya qoyulan bir etnonim (“müsəlman”) - linqvonim (“türkcə”) münasibəti var ki, həmin münasibət Qafqazda geniş yayılmışdır:

“- Siz nə millətsiniz?



  • Mən müsəlmanam,- deyib Bahadır da papirosunu yandırdı. Bu vaxtadək İvan Bahadırla rusca danışırdı.İvan Bahadırın müsəlman olduğunu bilib başladı türkcə söyləməyə. İvan türkcə çox yaxşı danışırdı. Bahadır bunun danışmağına təəccüb edib sordu:

  • Siz türkcə harda öyrənibsiniz?

  • Bu yavuqda müsəlman kəndi var. Onlarla bizim işimiz çox olmağına görə türkcə öyrənmişəm”... (71, s.172).

1899-cu ilə Bakıda N.Nərimanovun “Türk Azərbaycan dilinin müxtəsər şərf-nəhvi” kitabı nəşr olunur (72) ki, onun “Müqəddimə”sində müəllif yazır:

“Bu axır zamanda mərifətli əhli-qələm qardaşlarımız tövzbətövz kitablar yazmağa məşğuldurlar, ancaq bu vaxtadək türk-Azərbaycan dilində bir qayda olmamağına görə hər kəs nə tövz istəyir yazır” (71, s.248).

Həmin müqəddimədə “Azərbaycan dili” anlayışı aşağıdakı linqvonimlərlə ifadə olunur: “türk-Azərbaycan dili”, “türk dili”, “bizim dil”, “dilimiz”, “ana dilimiz” və s. (71, s.249-250).

N.Nərimanov, nəticə etibarilə, “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”ni nə üçün yazdığının səbəbini göstərir:

“Biçarə türk mollalarımızın əksəri öz dilində kağız yaza bilmir! Bununla belə, həmin mollalar özlərini əhli-savad hesab edirlər, çünki farsca yazmaq bacarırlar və ərəbcə bir az dadıblar... Eyib deyilmi, belə olan surətdə biz türklər özümüzə türk deməyib fars deyək və farsa yapışıb dilini və yazısını öyrənək, yainki azərbaycanlıqda qalıb öz ana dilimizi bilək?...

...Bircə özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimizə cüzi bir nəfə götürməkdən ötrü osmanlı sərf və nəhvinə müvafiq bu kitabçanı düzəltdik”... (71, s. 249-250).

N.Nərimanovun “Mühüm bir məsələ (Qori seminariyası nerədə olmalı)” məqaləsi (“Həyat” qəzeti, 11,14,18 iyun 1906-cı il) ana dilinə qarşı aparılan ruslaşdırma siyasəti əleyhinə yazılmışdır. Həmin məqalədə “Azərbaycan dili anlayışı” əsasən “türk dili”, qismən də “türk lisanı” ifadələrilə verilmişdir (71, s.281-288).

“Həyat” qəzetinin 15 avqust 1906-cı il tarixli nömrəsində dərc olunmuş “Bu gün” məqaləsində N.Nərimanov yazır:

“Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyati-qələbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madərakəsini sənə o dildə bəyan edibdir. Bir dil ki sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..” (71, s.334).

Və əlavə edir:

“... Nə əcəb bu vaxtadək böylə fikirlərə düşmürdük? Yoxsa ana dilimizi əhəmiyyətsiz, fəqir bir dil hesab edib etina etmirdik? Yox, əfəndim!... Firəng dili Avropada nə məqamı haiz isə, bizim də ana dilimiz Asiyada o məqamı haizdir” (71, s.336).

Azərbaycan Müəllimlərinin Bakıda keçirilən ilk Toplantısı münasibətilə yazılmış bu məqalədə ana dili nə qədər məhəbbətlə tərənnüm olunsa da, maraqlıdır ki, onun adı konkret qeyd edilmir.

Ancaq kontekstdən məlum olur ki, burada söhbət yalnız Azərbaycan türkcəsindən, yaxud müəllifin “Şərf-nəhv”ində işlətdiyi kimi, “türk-Azərbaycan dili”ndən yox, ümumən “türk dili”ndən gedir.Çünki Asiya miqyasından bəhs edərkən ancaq sonuncu ifadə-linqvonimi işlətmək olardı.

Ümumiyyətlə, N.Nərimanov “Azərbaycan dili” anlayışını, bir qayda olaraq, “türk dili”, yaxud “türkcə” şəklində ifadə etmiş, qrammatika kitabında isə, əsasən, “türk-Azərbaycan dili”nə üstünlük vermişdir ki, birinci ifadə forması ictimai, ikincisi isə akademik məzmun daşıyır.

Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə isə dövlətin dili rəsmi olaraq “türk dili (тюркский язык)” adlansa da, “milli kommunist”in təfəkküründə “Azərbaycan dili” anlayışının təzahürü heç zaman yalnız bu forma ilə məhdudlaşmamışdır.

M.M.Nəvvab XIX əsrin sonlarında tərtib etdiyi təzkirəsinin girişində qeyd edir ki, “bundan qabaq yazılmış təzkirələr hamısı bir dildə olmuşdur. Yəni ya ərəb, ya fars, ya da türk dilində. Ancaq mən iki dildə yazacağam: həm farsca, həm də türkcə”(73, s. 12). “Təzkireyi-Nəvvab”da “türk dili” ilə yanaşı, “türkcə” (73, s. 219, 273, 629), “ türk (Azərbaycan) dili” (73, s. 57), “ türk və (azərbaycanca)” (73, s.641), “Azərbaycan dili” (73, s. 166,272), ən çox isə “azərbaycanca” (73, s.126,148,195, 428, 457, 485, 603, 604) ifadələri işlənmişdir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin