Bədii üslub. milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimizin tarixində həmişə aparıcı olmuşdur. Funksional imkanlarının genişliyinə görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir. Bu üslubda yazıçının həyatla bağlı fikir və düşüncələri bədii şəkildə, müxtəlif təsvir vasitələri ilə ifadə olunur. Bu üslubun tarixi digər üslublarla müqayisədə qədimdir. Bədiilik, müxtəsərlik, yığcamlıq, lakoniklik bədii üslubun əsas xüsusiyyətlərindəndir. Bədii üslubda insanı, onun yaşadığı həyatı təsvir etmək üçün dilimizdəki sözlərin müxtəlif məna qruplarından – omonimlərdən (eyni səslənməyə malik olan sözlərdən), sinonimlərdən (yaxın mənanı ifadə edən sözlərdən), antonimlərdən (əks mənanı ifadə edən sözlərdən), məcazların müxtəlif formalarından (bənzətmə, metafora, simvol, kinayə, mübaliğə və s.), hətta vulqar leksika, jarqon, köhnəlmiş və ya dilə yenicə gəlmiş sözlərdən məqamına görə istifadə olunur. Aşağıda verilən eyni məzmunun müxtəlif ifadə şəkillərini müqayisə etsək, bədii üslubun, ifadəlilik, emosionallıq baxımından nitqdəki rol və əhəmiyyətini aydın görə bilərik.