2. Klassik dövrdə nitq mədəniyyəti standartları
Klassik dövr ( XIII-XVI əsrlər) özünəməxsus nitq mədəniyyəti standartlarını formalaşdırır ki, onların əksini, ilk növbədə, Nəsimidə, Füzulidə, Xətaidə görürük.
Azərbaycan nitq mədəniyyətinin ən parlaq, xüsusi üslubi-ideoloji məzmun nümayiş etdirən tarixi təzahürlərindən biri Nəsiminin dilidir.
Nəsiminin olduqca enerjili, üsyankar ( və mükəmməl) poetik “mən”i vardır. Və nəinki Azərbaycan, ümumən türk xalqları ( bəlkə də, dünya!) poeziyasında bu qədər parlaq, həcmli, dərin ( ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir.
Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əlhəqq” deyənlərin yolu ilə getmiş ( və bu yolda edam olunmuş, dərisi soyulmuş) dahi şair-mütəfəkkirin, sufizm-hürufizm təbliğatçısının “mən”i haqqında ən populyar, kütləvi məlumat, ilk növbədə, onun məşhur sözlərində ifadə olunur:
Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam...
Göründüyü kimi, şair-mütəfəkkir ( sufi-panteist) “mən”i ilə qarşı-qarşıya qoyulan əsas anlayış “cahan”dır. Yəni Dünya! Özü də iki “cahan”dan söhbət gedir.
“Cahan”ı- hər iki Dünyanı İnsana, yaxud İnsanı “cahan”a- hər iki Dünyaya bağlayan əsas varlıq isə “can”dır.
Nəsimi deyir ki...
Mana sənsiz cahanü can gərəkməz,
Vüsalın var ikən hicran gərəkməz.
Ləbi-ləlin zülal abindən ayru
Şərabi-çeşmeyi-heyvan gərəkməz.
Qəmindir könlümün təxtində sultan,
Bir iqlimə iki sultan gərəkməz.
Yetər dərdin dəva müştaqə, niçün
Ki, dərdin bilənə dərman gərəkməz.
... Kəsilməz gərçi vəslindən Nəsimi,
Gözündən olduğun pünhan gərəkməz.
Füzuli Azərbaycan nitq mədəniyyətinin tarixində elə bir klassik səviyyədir ki, ondan sonrakı əsrlərin ən böyük söz ustaları həmişə bu səviyyəyə yüksəlməyə can atmışlar.
Dahi şair-mütəfəkkirin ana dilinə ( və nitq mədəniyyətinə) münasibəti milli təəssübkeşlik hadisəsidir:
Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldun ərəbi əfsəhi-əhli aləm,
Etdün füsəhayi-əcəmi İsadəm,
Bən türkəzəbandan iltifat eyləmə kəm.
Füzuli bütün dərinliyilə dərk edir ki, müsəlman aləmində elm ( və din) dili olan ərəb, şeir dili olan fars dilləri bir sıra cəhətlərinə görə Azərbaycan türkcəsindən öndədir. Və odur ki, xalq dilinin zəngin ifadə imkanlarına əsaslanaraq Azərbaycan türkcəsini xüsusilə yazı dili baxımından inkişaf etdirməyin zəruriliyindən danışır:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türki ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi tərkib etməyüb
Əksərən əlfazı namərbutü nahəmvar olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Növbahar olğac dikəndən bərgi-gül izhar olur.
Füzulinin nitq mədəniyyəti sahəsində qüdrəti ( və təkrarolunmazlığı) ondadır ki, onun dili, bir tərəfdən, xalq dilinə dayanır, digər tərəfdən isə, klassik ifadə normalılığı tələblərinə tam mükəmməlliyilə cavab verir:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
... Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Füzulinin şeir dilində Azərbaycan danışıq dilinin elə bir ifadə nüansı yoxdur ki, müşahidə olunmasın: müraciətlər, suallar, cavablar, nidalar, ədatlar, ara sözləri və s. Lüğət tərkibi nə qədər çətin anlaşılan, yad olsa da ( çünki dövrün klassik ədəbi dil zövqü, nitq mədəniyyəti təcrübəsi, əslində, bunu tələb edirdi) , sintaksis, təhkiyə tərzi, demək olar ki, tamamilə millidir:
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
...Yaxşı görünür surətə məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, - sərəncamı yamandır.
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə kim aşiqdir, işi ahü fəqandır.
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır.
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
“Füzulinin sintaksisində monoloq ( daxili nitq) və dialoqların xüsusi yeri vardır. İfadə tərzini əlvanlaşdırır, dilin cazibə gücünü artırır.
Şah İsmayıl Xətainin Azərbaycan nitq mədəniyyətinin inkişafındakı tarixi rolu, heç şübhəsiz, böyükdür. Hər şeydən əvvəl ona görə ki, onun sözü şair sözü olduğu qədər də hökmdar sözüdür- Və Xətai sözünün “ təbliğat uğurları, siyasi kəsəri ana dilinə dövlət qayğısını artırır. Dövlətin əsas əhalisi türk kütləsi olduğundan türk dili diqqət mərkəzinə qaldırılır. Qısa müddətdə qazandığı böyük uğurlarda – ölkənin birləşdirilməsində bədii sözün bu aydın və kəsərli nüfuzu Xətaiyə ordudan az kömək etmir. Xalq şeiri janrlarındakı dilin kütləviləşməsi, sevilməsi, uğur gətirməsi şairi aludə edir və klassik janrlardakı dilində də o, ölçüdən uzaqlaşmamağa çalışır. Obrazlı desək, Xətainin dilində üslubi ikiləşmə bir nəfəsin hərarətilə birləşir” (Tofiq Hacıyev).
Xətainin bədii intonasiyasında sələfi Nəsimidə olduğu qədər üsyankarlıq, vəcd yoxdur, Bunun əvəzində isə əqli təmkin, müdriklik, kütləvi şüur üçün munis olan ictimailik var:
Aqil, gəl bəri, gəl bəri,
Gir könülə nəzər eylə.
Görür göz, eşidir qulaq,
Söylər dilə nəzər eylə.
Başdır gövdəyi götürən,
Ayaq mənzilə yetirən,
Düzlü məsləhət bitirən
İki ələ nəzər eylə.
... Xətai aydır: - Ya ğəni,
Verən mövla alır canı,
Əvvəl kəndi kəndin tanı,
Sonra elə nəzər eylə.
Xətainin dili çevik, sorğu-suallarla dolu, bununla belə mətləbi aydın, məntiqi mükəmməl olan dildir:
Qızılgül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Qərazü səbrü aramım tükəndi,
Kəsildi, külli-fərmanım, nə dersən?
Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?
... Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü peymanım, nə dersən ?
Xətai can ilə çün səni sevdi,
Sevən ölçünmü, sultanım, nə dersən?
“Xətainin dili atalar sözü və məsəllərin işlənməsi cəhətdən də bir danışıq aktını xatırladır: hikmətli sözlər handan-hana gəlmir, onların yeri o qədər sıxdır ki, elə bil nəsihətamiz söhbətə qulaq asırsan... Onda həmişə bir təlqin vardır”.
Gövhərin keçməyən yerdə
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Gördün bir yerdə aşına,
Hər nə dersən öz başına,
Yol daşını yol quşuna
Atma, qardaş, kərəm eylə.
... Xətaim çağırır, ərə,
Dünya belə gəlmiş zira,
Arif oxun əbəs yerə
Atma, qardaş, kərəm eylə.
Şah İsmayıl Xətai Azərbaycan türkcəsinin dövlət dili olaraq işlədilməsinin əsaslarını yaratdı. Qaraqoyunlulardan, Ağqoyunlulardan gələn ənənəni daha da inkişaf etdirib dövlət sənədlərinin ana dilində tərtibini həyata keçirdi. Və bununla da Azərbaycan nitq mədəniyyətinin tarixində çox mühüm bir irəliləyişə imza atmış oldu.
Dostları ilə paylaş: |