C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)
Şifahi nitqin təşəkkülü. Məlum olduğu kimi nitqin bu formasının tarixi cəmiyyətin təşəkkülü ilə bağlıdır. Şifahi xalq ədəbiyyatının janrları məzmun və formaca rəngarəng olmaqla yanaşı, tarixi etibarilə də müxtəlifdir. Bunların sırasında ilk, yəni ən qədim janr olan əmək nəğmələrinin yaranması ibtidai icma quruluşuna təsadüf edir. Ağır əmək prosesini yüngülləşdirmək, fiziki yorğunluğu aradan qaldırmaq məqsədi ilə, yaxud işi nizama salmaq, işdə ahəng yaratmaq üçün ibtidai insanlar müəyyən zümzümələr edərmişlər. Həmin nəğmələri, züm-zümələri şifahi nitqimizin ilk izləri və təməli hesab etmək olar.
Şifahi xalq ədəbiyyatımızın ilk ifaçısı, təmsilçisi olan şifahi nitqimizin inkişafı da məhz xalq ədəbiyyatımızın tarixi ilə möhkəm surətdə bağlıdır. Xalqımızın yaratdığı dastanlar, nağıllar, lətifələr, tapmacalar və s. yayıldıqca, nəsildən-nəslə, əsirdən-əsrə keçdikcə təkmilləşdiyi, cilalandığı kimi, onun təbliğatçısı olan şifahi nitqimizi də özü ilə inkişaf etdirmiş, zaman-zaman zənginləşdirmişdir.
Şifahi xalq ədəbiyyatımızın ayrılmaz bir qolunu təşkil edən aşıq ədəbiyyatımız da təşəkkülü tarixindən nitq mədəniyyətimizin inkişaf edib zənginləşməsində böyük rol oynamışdır. El sənətkarlarımızın toy-düyünlərdə, keçirdikləri məclislərdə söylədikləri çoxfəsilli dastanlar və digər aşıq şeiri janrlarının nitqin cilalanmasında xüsusi mövqeyi vardır. O cümlədən keçmişdə uzun qış gecələrində xüsusi nağılçıların növbə ilə nağıl söyləmələrinin də şifahi nitqimizin formalaşmasındakı rolu danılmazdır.
Keçmişdə bayram günlərində insanların istirahətlərini mənalı keçirmələri üçün xüsusi meydanlarda, karvansara həyətlərində göstərilən xalq tamaşaları, onların təqdimi və göstərilməsi mərhələsi üçün tərtib edilmiş nitqlər isə artıq şifahi nitqimizin yeni müstəviyə keçməsindən xəbər verir.
Dastanlarımızın nəzm və nəsr formalarındakı axıcılıq, sadəlik, təmizlik, nağıl və əfsanələrimizdəki xəlqilik, obrazlılıq, atalar sözlərimizdəki fikir bitkinliyi, az sözlə dərin, mənalı fikir ifadə etmək qabiliyyəti, yığcamlıq və s. nitq mədəniyyətimizin göstəriciləridir.
Xalq ədəbiyyatımızın incilərindən qopub gələn əlamətlərin nitq mədəniyyətinin təşəkkül tapması fikrini təsdiq etmək üçün aşağıdakı bəzi nümunələri nəzərdən keçirmək yerinə düşər.