Problemin qoyluşu və tədqiqi məsələsi. Milli dilin ən yüksək və nümunəvi forması olan, seçmə və əvəzetmə üsulu ilə yaranan ədəbi dil ilk formasını şifahi şəkildə təzahür etdirmişdir. Bu baxımdan da nitq mədəniyyətinin təzahür formalarından danışarkən, birinci növbədə, onun şifahi şəkli tədqiqat obyekti olaraq seçilir. Bu, təbii bir prosesdir. Çünki ədəbi dilin şifahi qolu (şifahi nitq) yazılı qoluna (yazılı nitqə) nisbətən yaranma tarixi baxımından daha qədimdir. Şifahi (akustik) nitqin yaranması insan cəmiyyətinin təşəkkülü ilə bağlıdır. İlk dövrlərdə şifahi nitq şifahi xalq ədəbiyyatı nümunələrinin ifadəçisi və təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Məlum olduğu kimi, dünya xalqlarının ədəbiyyatı əvvəlcə şifahi şəkildə yaranmışdır.
Şifahi (akustik) nitq cəmiyyətin tərəqqisi ilə əlaqədar tarixən inkişaf edərək ilk mövcud olduğu vəziyyətdən fərqlənmişdir. Nitqin bu forması zaman-zaman təkmilləşərək cilalanmışdır. Çağdaş şifahi nitqimiz kifayət qədər zəngin, səlis və aydındır. Bu nitq vasitəsilə mürəkkəb fikirləri ən incə çalarlarınadək asanlıqla ifadə etmək mümkündür. Lakin fikrin ifadə vasitəsi olan dil yalnız şifahi formada fəaliyyət göstərsə, o halda ünsiyyət birtərəfli inkişaf edər. Nəticədə isə dil özünün kommunikativ funksiyasını məhdudlaşdırmış olar. Əslində isə ünsiyyətin bu iki forması biri digəri vasitəsilə inkişaf edən, biri o birini tamamlayan vahid kommunikasiyaya xidmət edən vasitələrdir. Odur ki, insanlar bir-birini başa düşmək, bir-biri ilə fikir mübadiləsi etmək məqsədi ilə səsli dildən istifadə etdikləri kimi, səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemi olan yazıya da müraciət etmişlər. Bu səbəbdən də nitqin iki forması yaranmışdır: a)şifahi (akustik) nitq; b)yazılı (optik) nitq. Bu nitq formalarının hər birinin özünə məxsus əlamət və xüsusiyyətləri vardır.
Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri Oxşar cəhətləri: Nitqin hər iki forması-həm şifahi, həm yazılı nitq ünsiyyətə xidmət edir, kommunikativ vəzifəyə malik olur;
Ədəbi dilin fonetik, leksik və qrammatik normaları nitqin hər iki formasına eyni dərəcədə aiddir;
Yüksək səviyyəli nitq üçün müəyyən edilmiş şərtlər (prinsiplər) həm şifahi, həm də yazılı nitqə tətbiq edilir;
Natiqlik sənətinə məxsus olan əlamətlər: auditoriya üçün anlaşıqlı olmaq, mətləbdən uzaqlaşmamaq, əvvəlcədən nitqə hazırlaşmaq və s. hər iki nitq forması üçün də xarakterikdir.
Lakin bu ümumi cəhətlərin və oxşar əlamətlərin olmasına baxmayaraq, şifahi və yazılı nitqi bir-birindən kəskin şəkildə fərqləndirən xüsusiyyətlər də vardır. Həmin xüsusiyyətlər aşağıdakılardır: