Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   42   43   44   45   46   47   48   49   ...   78
Sofiya m

 
 
Mövzu 13.
 Kommunikativ proseslərsə nitq. Nitqin tip və növləri 
İşgüzar və akademik kommunikasiya dil vasitəsilə və nitq prosesində peallaşır. 
Kommunikasiya üçün “dil” və “nitq” anlayışları çox mühümdür. Hər hansı bir fikir 
və düşüncənin formalaşmasında dil, ötürülməsində isə nitq xüsusi əhəmiyyət kəsb 
edir. Bu prosesi daha dərindən anlamaq üçün “dil” və “nitq” anlayışlarının 
mahiyyətini düzgün dərk etmək, oxşar və fərqli cəhətlərini, funksiyalarını bilmək 
zəruridir. Uzun zaman dilçilikdə nitq və dil əksəriyyət tərəfindən eyni anlayışlar 
kimi qəbul edilmişdir. Düzdür, hələ antik dövrdə stoiklər dil və nitq məsələsi barədə 
müəyyən fikirlər irəli sürməyə cəhd göstərmişlər. Lakin dil və nitqin fərqli anlayışlar 
kimi tədqiqata cəld edilməsi ənənəsi alman filosof-alimi Vilhelm Humboltla 
başlayır. Onun bir sıra əsərlərində dil və nitqin sərhədlərinin müəyyənləşməsinə 
cəhd edilmişdir. Bu sahə ilə bağlı XX əsr dilçisi F.de Sössürün fəaliyyəti daha 


hərtərəfli və genişdir. Struktur dilçiliyin banisi sayılan F.de Sössürün sistemli dil 
haqqında təlimində əsas yeri dil və nitqi fərqləndirmək durur. O, belə bir sxem 
təqdim edir: 
nitq fəaliyyəti (langage) – nitq (parole) – dil (langua) 
Nitq fəaliyyəti - konkret nitq aktı, danışıq prosesidir. 
Nitq – insan danışığının cəmidir. 
Dil – insanın ünsiyyəti, təfəkkürü və onun ifadəsinə xidmət edən işarələr sistemidir.
 
Dil və nitqi bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır: 
1.Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir. 
Biz bütün ünsiyyətimiz zamanı, istər şifahi, istərsə də yazılı kommunikativ 
münasibətlərimizdə hakim olduğumuz dil və ya dillərdən, dilin fonetik, leksik, 
sintaktik vahidlərindən bir vasitə kimi istifadə edərək, daha doğrusu, bu vahidlərdən 
öz fərdi kombinasiyalarımızı yaradaraq nitq prosesini reallaşdırırıq. Ümumi dil 
vahidlərindən fərdi nitqimizi qururuq. 
2.Dil həcm və keyfiyyət baxımından nitqdən genişdir. 
Heç bir halda dilin potensialı ilə nitqin potensialı müqayisə edilə bilməz. Çünki nitq 
dilin təzahür formasıdır. Ən istedadlı, dilin bütün incəliklərinə bələd, uzun illər 
mütaliə təcrübəsi olan insanın nitqi belə dilin bütün potensialını özündə əks etdirə 
bilməz. 
3.Dil ümumi, nitq isə fərdi xarakter daşıyır. 
Dil ictimai hadisə olduğu üçün xalqa məxsusdur, nitq isə qeyd etdiyimiz kimi, fərdi 
insanların danışığının cəmidir. Məsələn, “Azərbaycan xalqının dili” ifadəsi düzgün 
olduğu halda, “Azərbaycan xalqının nitqi” ifadəsini işlətmək doğru deyildir. 
4.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq yalnız şəxslər 
arasında baş verir. Şəxssiz nitq mümkün deyildir. Lakin dil belə deyil. Məsələn ölü 
dillər hazırda şəxslərarası ünsiyyətə xidmət etməsə də mövcuddurlar və biz onlar 
üzərində müəyyən tədqiqat işi apara bilirik. 
5.Dil nitqə nisbətən sabit, nitq isə dəyişkəndir. 
Dilin qrammatik quruluşu uzun zaman müddətində formalaşdığı üçün möhkəm bir 
sistem təşkil edir və az dəyişir. Dil səviyyələri içərisində daha çox dəyişikliyə 


uğrayan leksik səviyyədir. Qrammatik quruluş isə əsrlər boyu sabit olaraq qalır. 
Müasir türk dilləri ilə onların əcdadı hesab edilən qədim türk dilinin qrammatikası 
arasında oxşar cəhətlər fərqlərdən qat-qat çoxdur. Nitqə gəlincə isə fərdi xarakter 
daşıdığından o daha dəyişkəndir. Bir insanın nitqi zamanla inkişaf edərək təkmilləşə 
və yaxud deformasiya oluna bilər. Nitqimizi zənginləşdirmək, daha təkmil formaya 
salmaq bizım əlimizdədir. 
Dil və nitq arasında fərqləri daha detallı şəkildə belə qruplaşdırmaq olar: 
Dil Nitq 
ümumbəşərilik millilik 
potensiallıq (mümkünlük) gerçəklik (realizə edilmək) 
ümumilik xüsusilik 
obyektivlik subyektivlik 
mücərrədlik konkretlik 
normalıq üslubilik 
neytrallıq emosionallıq 
ümumxalqlıq dialektlik 
Dil və nitqin funksiyaları arasında da müəyyən fərqlər mövcuddur. 
1. Dil ünsiyyət və kommunikasiya vasitəsidir. Bu dilin ən mühüm funksiyasıdır. 
2.Dil düşüncə formalaşdırma vasitəsidir, daha dəqiq desək dil təfəkkürümüzün 
sözlərlə ifadəsidir. 
3.Dilin koqnitiv funksiya daşıyır. Dil dünyanı tanımaq, bilik toplamaq və başqa 
insanlara və sonrakı nəsillərə ötürmək vasitəsidir. 
Nitqə gəlincə, kommunikativ, emotiv (ekspressivlik), estetik (poetik) funksiyaları 
göstərmək olar. Bunlardan əlavə, nitq prosesində əşya, hal-hərəkət, vəziyyət, 
anlayışlar ümumi deyil, daha dar mənada, real vəziyyətdə adlandırılır. 
Bütün bunlarla yanaşı, dil və nitq biri digərinin təzahürü, biri digərini şərtləndirən 
anlayışlardır. Dil və nitqin qarşılıqlı münasibətləri obyektiv zərurət kimi mövcuddur. 
Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır.


Bütün kommunikativ situasiyalar nitq prosesi ilə qurulur. Nitq prosesində üç 
başlıca amil mövcuddur.
-
danışmaq; 
-
eşitmək; 
-
dərk etmək. 
Düzgün danışmaq, yaxşı eşitmək və normal dərk etmək nitq prosesinin 
keyfiyyətini təmin edən əsas cəhətlərdir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin