Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Uğurlu çıxış maraqlı və dəyərli mövzuları əhatə edir



Yüklə 231,62 Kb.
səhifə58/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   51   52   53   54   55   56   57   58   59
Mövzular 2023

2.Uğurlu çıxış maraqlı və dəyərli mövzuları əhatə edir. Çıxış zamanı seçdiyimiz mövzuların maraqlı və aktual olması tez bir zamanda dinləyicilərin diqqətini cəlb edəcək, auditoriya ilə səmimi ünsiyyətin təminatçısı olacaqdır. Danışıq bacarıqları arasında mühüm yer tutan mövzu seçimi çox vaxt nitqimizin səviyyəsini müəyyən edir.
3.Şəxsiyyətiniz çıxışınızın ipuclarıdır. Dinləyicilər həmişə danışanın şəxsiyyəti ilə danışdıqları arasında əlaqə yaratmağa çalışırlar. Bu səbəbdən şəxsiyyətinizlə söhbətləriniz arasında düzgün əlaqə olmalıdır. Məsələn, siqaret çəkən şəxsin siqaretin zərərləri və ondan qurtulmağın yolları haqqında danışması nə qədər gülüncdür. Bu səbəbdən yalnız şəxsiyyətinizlə bütünləşən mövzularda danışmağınız sizə uğur gətirə bilər.
4.Mənasız söhbət gözlədiyiniz effekti verə bilməz. Danışıq texnikaları arasında bəlkə də ən mühüm məqamlardan biri çıxışın məqsədini müəyyən etməkdir. Nitqimizlə dinləyicilərdə hansı təsirlər buraxmaq istəyirik sualına da cavab olan məqsədlər nitqin həm məzmununu, həm də gedişatını müəyyən edəcək. Məqsədsiz edilən çıxışlar dağınıqlıqdan, təsirsiz qalmaqdan xilas ola bilməyəcək.
5.Auditoriyanı tanımaq vacibdir. Söhbətlərimiz mənaların interaktiv mübadiləsindən ibarətdir. Dinləyicilərin yaşı, cinsi, maraqları, ehtiyacları və gözləntiləri nəzərə alınmadan edilən çıxışların təsiri həmişə effektiz olur. Dinləyicilərin yaşı, sosial durumu, siyasi baxışları və bir çox başqa amillərə görə çıxışın məzmunu, həcmi, qeyri-verbal elementlərdən istifadə nisbəti dəyişir. Təsirli və uğurlu nitq ancaq həmsöhbətlərinizi tanıyıb dəyərləndirməklə mümkün ola bilər.
6.Uğurlu çıxış tam diqqət cəlb etməklə başlar. Ünsiyyətin fasiləsiz davam edə bilməsi birbaşa dinləyicilərin diqqəti ilə bağlıdır. Anlaşılmaq üçün dinlənilmək lazımdır, dinlənilmək üçün isə maraq və diqqəti cəlb etmək. Çıxış boyu diqqəti saxlamaq üçün dinləyicilərin maraq dairəsinə bələd olmaq, yeri gəldikcə incə yumordan istifadə etmək, yorucu, durğun səs tonundan qaçmaq lazımdır.
Bütün bunları nəzərə alaraq təqdim olunan informasiya ünvana daha effektiv və konkret şəkildə ötürülür, məlumatların daha asan başa düşülməsinə yol açılır.
Hər hansı bir şifahi nitq mövzusu və məqsədi, harada və nə vaxt təqdim olunacağı məlum olan, plan üzrə hazırlanaraq dinləyicilər qarşısında söylənilən çıxışdır. Nitq hazırlıq, planlaşdırma və təqdimat mərhələlərini əhatə edir. Nitqə hazırlıq mövzunu, çıxışın məqsədini və hədəf auditoriyasını müəyyən etməklə başlayır. Daha sonra mövzusunu araşdırmaq, məlumat toplamaq, məlumatları təsnif edərək sistemləşdirmək lazımdır. Hazırlığın növbəti mərhələsi nitqin planlaşdırılmasıdır. Planlaşdırma aşağıdakı ardıcıllıqla aparılır:
a. Nitqin əsas hissələrinin müəyyən edilməsi;
b. Hər fəsildə vurğulanacaq məqamların müəyyən edilməsi;
c. Nitqin məzmununun müddətə görə təşkil edilməsi;
ç. Transkript və qeydlərin hazırlanması;
d. Ucadan söyləmə məşqləri.
e. Nitqdə istifadə olunacaq vizual və eşitmə vasitələrinin hazırlanması.
Ən son mərhələ çıxışın təqdimatıdır. Təqdimatdan əvvəl nitqin dönə-dönə ucadan oxunması vacibdir. Roluna hazırlaşan aktyor kimi natiqlər də saatlarla çıxış üzərində məşq etməlidirlər. Nitqin əzbərlənməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər əzbər tərəfdarıdır. Onların fikrincə, bu natiqi bəzi xoşagəlməz məqamlardan sığortalayır. Lakin əksəriyyət çıxışın əvvəlcədən öyrənməyin düzgün olmadığını düşünür. Əzbərlənən çıxış süni, qeyri-səmimi təsir bağışlayır və müəllifə auditoriyanın reaksiyasına uyğun şəkildə müəyyən manevrlər etməyə mane olur. Nitqi üzündən oxumaq da dinləyicilərlə göz təması qurmağa, auditoriyanı hiss etməyə əngəl törədir. Ən uyğun variant mətnin məzmununun tam mənimsənilməsi, ara-sıra vərəqə baxaraq keçidlərin gözdən qaçırılmamasıdır.
Nitqin təqdimatı zamanı ən mühüm məsələlərdən biri də həyəcan və qorxu hissinə qalib gəlməkdir. Həyəcanınızı aşa bilmək üçün öncə çıxışa yaxşı hazırlaşmaq lazımdır. Əvvəlcə nə üçün danışdığınızı və dinləyicilərin niyə sizi dinləməyə gəldiyini müəyyənləşdirin. Unutmayın ki, jest və mimikalarınız daxili gərginliyinizi dərhal nümayiş etdirəcək. Bunun üçün də nitqə hazırlaşarkən güzgü qarşısında məşq edin. Jest və mimikalara nəzarət etməyi, onlardan məqsədyönlü istifadəni öyrənmək mümkündür. Tribunaya qalxarkən gülümsəməyi unutmayın. Haqqınızda təəssürat ilk dəqiqələrdə yaranır və nadir hallarda dəyişir. Nitqinizin mövzusunu dinləyicilərdən daha yaxşı bildiyinizi qəbul edin. Əvvəlcədən gözəl çıxış edəcəyinizi, dinləyiciləri razı salacağınızı düşünün. Unutmayın ki, özünə güvən və pozitiv düşüncə uğurun əsasıdır. Siz özünüzə güvənməsəniz dinləyicilər də sizə güvənməyəcək.
Bütün sadalanan bu bilik və bacarıqlar gərgin əmək və davamlı məşqlər sayəsində əldə edilir. Bu biliyə etinasız yanaşmaq, natiqliyin özünəməxsus xüsusiyyətlərini mürəkkəb fəaliyyət kimi dərk etməmək deməkdir.

Mövzu 20. Nitq texnikası


Nitq texnikası natiqliyin davamlı məşqlər tələb edən bir sahəsidir və tələffüz bacarıqları üzərində uzunmüddətli praktiki çalışma tələb edir. Nitq texnikasının əsas elementləri bunlardır: səs, tembr, intonasiya, fasilə, vurğu.
Nitq məzmun baxımından nə qədər gözəl hazırlansa da natiqin səsinin düzgün ayarlanmaması dinləyicilərin diqqətini yayındıracaq, qısa müddətdən sonra darıxma və yorulmaya səsəb olacaq. Odur ki, nitqdə səs çıxışın məzmunu, danışanın zahiri görkəmi və davranış tərzi qədər önəmlidir. Səs natiqin mesajını dinləyicilərə çatdırmada ən önəmli vasitələrdən biridir. Natiq gözəl gur səsi sayəsində ilk dəqiqələrdən dinləyicilərin diqqətini cəlb edə, onların rəğbət və etibarını qazana bilər. Səsdən düzgün istifadə etməyin 4 əsas qaydası var:
1.Düzgün bədən duruşu. Düzgün bədən duruşu səsə təsəvvür edildiyindən də daha çox təsir edir. Duruş səsin skeleti kimidir.
2.Adekvat nəfəs dəstəyi. Səsi yaradan enerjidir. Nəfəs alarkən səsin əsas enerjisi ağciyərləri dolduran havanın sıxılması nəticəsində yaranır. Döş və qarın boşluqlarını çevik bir silind kimi düşünün. Qirtlaq burada sadəcə səsin dəyişərək ötürüldüyü transformator rolunu oynayır. Əgər içinizdəki səsin enerjisini şüurlu şəkildə hiss edə bilsəniz onu nəzarətdə saxlayaraq düzgün yönləndirə biləcəksiniz.
3.Sağlam səslənmə texnikası. Bədən duruşu və nəfəsalma prosesini düzgün tənzimlədikdən sonra sağlam səslənmə prosesi demək olar ki, təmin edilmiş olur. Qırtlağımız agciyərlərdən gələn sıxılmış havanın enerjisini səs tellərinin köməyi ilə səsə çevirən aparat kimidir. Bu mərhələdə əsas hadisə səsin formalaşmasında iştirak edən əzələlərin düzgün işləməsidir.
4.Səs boşluqlarından düzgün istifadə. Səs boşluqlarından düzgün istifadə rezonansı tənzimləmə prosesi olub səsin rəng və formasını yaratmaqdan ibarətdir. Boğazdan çıxan səsi bir ovuc torpaq olaraq düşünsək, ağızdan çıxana qədər bu müəyyən məna kəsb edən heykələ çevrilir. Səs tellərindən sonrakı boğaz, ağız və burun boşluqları səsin fərdiləşdirilməsinə imkan verir. Çünki səs tellərindən çıxan çiy səs cızıltıya bənzəyir. Səsinizdən düzgün istifadə edirsinizsə, almacıq sümüklərinizin arxasındakı vibrasiyanı hiss etməlisiniz. Bu, üz sümüklərinə ötürülən səs enerjisinin ifadəsidir. Bu boşluqlarda səslənmə zamanı edilən dəyişikliklər (dil-damaq hərəkətləri, boğazın daralması və genişlənməsi və s.) səsin nitqə çevrilməsinə şərait yaradır. Səs boşluqları düzgün istifadə edilmədikdə, səs telləri bu vəziyyəti kompensasiya etmək üçün yanlış yollar tutur.
Ritorikada səsin tembri də nitqin texniki cəhətdən qurulmasında mühüm rol oynayır. Tembr səsin əlavə artikulyar-akustik rənglənməsidir. Səsin tembrinə uyğun olaraq onun növü müəyyən edilir: bas, bariton, tenor, soprano, və s. Səsin növü ümumi ola bilər, lakin hər bir insanın öz tembri, öz tembr koloriti var. Tembrə səsin “rəngi” də deyilir. Tembrin təbiəti çox müxtəlifdir, qavrayış isə subyektivdir. Tembrin xüsusiyyətlərini təsvir edərkən vizual qavrayışı, eşitmə, assosiativ, emosionallığı vurğulayan müxtəlif təriflərdən istifadə olunur.
Tembri iki əsas amil müəyyənləşdirir: insanın anatomik xüsusiyyətləri və onun psixi vəziyyəti. Hər kəs akkordları məşq edə, tembrini dəyişdirə və bu alətdən qeyri-verbal ünsiyyət forması kimi uğurla istifadə edə bilər. Səs tembri dəyişkən bir anlayışdır. Tembrin dəyişməsinə təsir edən əsas cəhətlər bunlardır:

  • əhval;

  • psixoloji vəziyyət;

  • sağlamlıq;

  • yorğunluq dərəcəsi.

İnsanın yaşından və cinsindən asılı olaraq tembr növləri bölünür:

  • kişilər - bariton, bas, tenor;

  • qadın - mezzo-soprano, soprano, kontralto;

  • uşaq - viola və trebl.

Qeyd etdiyimiz kimi, səsinizin emosional rəngi olan tembr söz və ifadələrin arxasında gizlənən bir münasibətdir. Dinləyicilər natiqin hansı mövqe tutduğunu hiss edir və bu hissdən çıxış edərək onun haqqında nəticə çıxarırlar. Mövqeyinizi dəstəkləyən söz və ifadələr seçərək fikrinizi vurğulamaq, emosiya və müəyyən münasibət bildirmək üçün tembrdən istifadə etmək olar.
İntonasiya (lat. İntonare – yüksək səslə danışmaq) danışanın mövzuya münasibətini ifadə edən nitqin semantik melodiyasıdır. İntonasiya ifadənin məntiqi və emosional əhəmiyyətini vurğulamağa imkan verir. İnsanın emosional reaksiyası nə qədər yüksək olarsa, onun nitqinin melodik ifadəliliyi də bir o qədər zəngin olar. Müvafiq melodik vurğulamadan məhrum nitq təsiredicilikdən uzaqdır.
İntonasiya tələffüzün vurğu, fasilə, temp, melodiya kimi elementlərini özündə birləşdirən kompleks dil hadisəsidir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.(sitat. N.Abdullayev s. 65)
Dilçilikdə vurğunun 3 növündən bəhs edirlir: söz vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.
Söz vurğusu həm fonetik, həm də fonosemantik funksiya yerinə yetirir. Vurğunun sözün gözəl səslənməsindəki rolu fonetik, yeni mənalar yaratması isə fonosemantik xüsusiyyət daşıyır. Sözlərdə vurğunu doğru səsləndirmək nitqin axıcılığına, doğru qavranılmasına zəmin yaradır. Səhv tələffüz natiqin professionallığına şübhə düşürəcək qüsurdur.
Məlum olduğu kimi, Azərbaycan dilində vurğu əsasən son hecaya düşür. Təcrübə göstərir ki, milli sözlərin tələffüzündə ümumiyyətlə, anomaliya müşahidə edilmir. Problem daha çox alınma sözlərin tələffüzü ilə bağlıdır. Alınma sözlərdə mənbə dildəki vurğu saxlandığından müxtəlif vurğu variantları meydana gəlir.
Bitişik yazılan mürəkkəb sözlərdə əsasən birinci söz vurğusunu itirir, vurğu ikinci sözün üzərinə düşür: şəhərlərarası, ayaqqabı, qayınata və s. Təbii ki, istisna sözlər də var: Ağdaş, Ağsu, Göyçay və s.
Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan mürəkkəb xüsusi isimlərdə vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti ixtisarla olunur, tərkib qovuşmuş bir söz kimi deyilir. Məsələn; Molla Abbas – Mollabba`s, Mirzə Ələkbər – Mirzələkbə`r, Əli Əsgər – Ələsgə`r, Əli ağa – Əlağa` və b. Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir:
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası, sututumu, ağızdolusu və s.
2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn; Mirzə Fətəli, Şah İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi və b.
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; dava-dərman, oğul-uşaq və s.
4. Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun və s.
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıqaşıq, daş-daş, top-top və s.
Tərkibində qeyri sözü olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə düşür. Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s.
Mürəkkəb sual və qeyri-müəyyən əvəzliklər qovuşuq halında bir vurğu ilə deyilir. Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər kəs və s.
Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən daha qüvvətli tələffüzünə deyilir. Cümlədə məntiqi vurğu əsas fikri ifadə edən sözün üzərinə düşür. Nİtqdə məntiqi vurğu dinləyicilərin diqqətini cəlb etməyə, əsas mətləbi çatdırmağa xidmət edir. Unutmaq lazım deyil ki, məntiqi vurğu mətnin ümumi konteksti ilə bağlı olsa da cümlənin daxilində müəyyənləşir. Aşağıdakı cümlələrdə məntiqi vurğunu işarələnmiş sözlərin üzərinə qoymaqla əsas nəzərə çatdırılan fikri dəyişmək mümkündür:
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Rauf sabah qardaşı ilə İstanbula gedir.
Lakin elə hallar vardır ki, məntiqi vurğu cümlədə konkret olaraqa həmin sözün üzərinə düşür. Bu nümunələrdən bəzilərinə nəzər salaq:
1.Cümlədə bənzətmə olduqda məntiqi vurğu müqayisə edilən sözün üzərinə düşür.
Sənin saçların qar kimi ağarsa da mənim gözümdə həmin tələbə qızsan.
2.Həmcins üzvlü cümlələrdə sadalanan həmcins sözlərin hər biri məntiqi vurğu qəbul edir, sonuncü söz isə digərlərinə nisbətən daha qüvvətli tələffüz edilir:
Bir dollara dəyməyənlər,
Alır, satır
Fikir dolu,
Əməl dolu,
İşıq dolu beyinləri. (B.Vahabzadə)
Üzüldük, düşündük, bilmədik ancaq
Nədir dərmanımız, çaramız bizim. (B.Vahabzadə)
3.Qarşılaşdırılan zidd mənalı sözlər də cümlədə vurğu altında tələffüz edilir:
Bayquş əməllidir əməlləriniz,
Buna biganədir qanun da, din də.
Neçin xoşbəxtliyi tapmalıyıq biz
Başqa ölkələrin bədbəxtliyində? (B.V.)
Hökmüylə, qəsdiylə nə deyir zaman?
Uçurur bir yandan, qurur bir yandan.
Günəşin başına dolanır cahan,
Fırlanır, fırlanır, fırladan nədir?
Ay nə, Gün nədir?
İlk nə, son nədir?
Enişi göstərir bizə dağ kimi,
Qaranı göstərir bəzən ağ kimi
Dünyanı oynadır oyuncaq kimi,
Qəsdi bilinməyən bu oyun nədir?
4.Tərzi hərəkət zərfləri vurğu ilə deyilir:
Sənin bu hərəkətin çox mənasız görünür.
Sevincin ürəyi bu xəbərdən sonra şiddətlə döyünməyə başladı.
4.Xitablar məntiqi vurğulu olur:
- Qızım, inad olma, inadı sındır,
Anla ki, xan sənin hökmdarındır!
Xacə, dediyini yaxşı düşün bir
, Qəlbin hökmdarı məhəbbətidir.
Həyəcanlı vurğu adından da göründüyü kimi, hiss və duyğularla bağlıdır. Nitqə əlavə emosional çalarlar qatan həyacanlı vurğu bir cümləyə aid olduğu kimi, bir neçə cümləni əhatə edən sintaktik bütövü də əhatə edə bilər. Həyəcanlı vurğudan daha çox inandırma, fəaliyyətə çağırış, təbliğat məzmunlu nitqlərdə istifadə edilir.
Pauza sadəcə susmaq və ya nitqin dayandırılması deyil, nitq prosesinin bir elementidir. Nitq zamanı pauza bir neçə məqsədin həyata keçirilməsinə xidmət edir:
1.Nitqin əvvəlində auditoriya ilə təmas qurmaq və diqqət cəlb etmək üçün, daha sonra isə çıxışın gedişində iştirakçıların sizi dinlədiyinə əmin olmaq məqsədilə;
2.Mühüm əhəmiyyət kəsb edən fikir və ifadədən sonra dinləyicilərin reaksiyasını öyrənmək məqsədilə;
3.Çıxışın hissələri arasında;
4.Həyəcanı azaltmaq üçün;

Mövzu 21. Nitqin məzmununa görə növləri



Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin