Ключевые слова: ислам, перипатетизм, философия, суфизм
Əbu Səid Məhəmməd Xadiminin
təsəvvüfi təfsir metodu
Rəşad İlyasov
Giriş:
İslam düşüncəsində mətnləri təfsir etmə (hermenevtika) metodologiyası özünəməxsus ontologiya (varlıq) və epistemologiya (idrak) nəzəriyyələrinə dayanaraq həyata keçirilmişdir. Məhz təsəvvüfi hermenevtika təsəvvüfi varlıq və idrak nəzəriyyəsini əsas götürərək həm dini mətnləri, həm də poetik mətnləri şərh etməklə metafizik məna çalarlarını müəyyən etmişdir. Belə ki, İslam təfəkküründə təsəvvüfi (işari) təfsir-təvil tarixinə nəzər saldıqda bunun bariz nümunələrini görmək mümkündür. Termin olaraq bunun “işari təfsir” adlandırılması da buradan qaynaqlanır. Əsasən İslam düşüncə tarixində rasional metodla işari-təsəvvüfi hermenevtik metod bir-birini tamamlayan iki metod kimi götürülmüşdür. Məhz Eynəlqüzat Miyanəci və İbn Ərəbinin daha geniş perspektivdən işləyib hazırladıqları təsəvvüfi varlıq-idrak nəzəriyyələri və buna dayanaraq mətnlərin şərh olunma metodologiyası bəhs olunan düşüncənin ilkin arqumentlərini təşkil edir. Burada tarixi və fəlsəfi fakt olaraq qeyd etmək yerinə düşər ki, həm Şərqdə həm də Qərbdə rasional təfəkkür sisteminin böyük filosoflarından olan İbn Rüşdün (Averroes) İbn Ərəbi ilə görüşməsi bu düşüncə sistemlərinin qarşılıqlı mahiyyətini açıqlamaq baxımından diqqətəlayiqdir. Məhz bu görüş nəticəsində rasional təfəkkür ilə kəşfə əsaslanan düşünmə və anlama tərzi bir-biri ilə görüşmüşdür. İbn Rüşdün hermenevtik metodu tam rasional nəzəriyyəyə əsaslandığı halda (1, s.224-226), İbn Ərəbinin hermenevtik düşüncəsi bu rasional düşüncəni qəbul etməklə bərabər, bunun fövqündə yerləşən bəzi anlayış və məfhumlara kəşf yolu ilə varıldığını iddia edir. Məhz İbn Rüşd kəşf və “feyzi ilahidə” mövcud olan elmin məntiq və nəzəri təfəkkürlə əldə edilən elmlə eyni olub olmadığını soruşduqda, İbn Ərəbi “Bəli” və “Xeyir” cavablarını verir. Ona görə “bəli ilə xeyir arasında ruhlar maddələrindən, başlar isə bədənlərindən ayrılar”. İbn Ərəbi bu fikirləri eşidəndə İbn Rüşdün rənginin saraldığını və nəyə işarə olunduğunu başa düşdüyünü söyləyir (2, s.153).
İbn Rüşddən fərqlı olaraq İbn Sina təsəvvüfi idrak nəzəriyyəsini və hermenevtik metodun tutarlılığını “əl-İşarat və Tənbihat” adlı əsərinin sonunda “maqamatu`l arifin” (ariflərin məqamları) bölməsində arqumentlərlə əsaslandırır. Burada O, bəzi övliya və şəxslərin əqli arqumetlərə əsaslanmadan kəşf vasitəsi ilə Mütləq Varlığı dərk etdiklərini və rasional dəlillərə dayanaraq izah ediləməyəcək məqamların, qeyd olunan şəxs və övliyalar vasitəsi ilə açıqlanacaq mahiyyətdə olduqlarını vurğulayır (3, s.335).
Digər tərəfdən qeyd etmək lazımdır ki, İbn Ərəbinin şagird və oğulluğu olan Sədrəddin Konəvi də rasional arqumentləri və məntiqi əsas alaraq təsəvvüf fəlsəfəsini sistemləşdirməyə cəhd etmişdir (4).
İslam düşüncə tarixində Qəzzali və Fəxrəddin Razi dövründən sonrakı dövrlər “mütəəxxirun” (sonrakılar) adı ilə tanınır. Məhz bu dövrdə bütün əqli-təsəvvüfi-dini bilik və anlayışlar çoxyönlülük və varlıq mərtəbələri (məratibu`l-vucud) prinsipinə uyğun olaraq təhlil olunmuşdur. Nəticədə Quranın özü də mahiyyəti etibarilə bu konseptual sistemə uyğun bir tərzdədir. Belə ki, İslam mədəniyyətində ortaya çıxan bütün təfsir metodları da bu düşüncəmizin arqumentlərini təşkil edir. Məsələn, son dövrlərin sünni təfsir metodunun ən gözəl nümunələrindən biri olan Almalılı Həmdi Yazarın Hakk Dini Kur`an Dili və şiə təfsir metodunun ən gözəl nümunələrindən biri olan Əllamə Təbatəbainin əl-Mizan təfsirlərindəki hermenevtik metodları anlamaq üçün yüksək səviyyədə klassik (bəlağat) və müasir dil fəlsəfəsinə, İslam düşüncəsinə (hüquq, kəlam, fəlsəfə, təsəvvüf) və kifayət qədər Qərb fəlsəfəsinə bələd olmaq zəruridir. Əks təqdirdə, bu təfsirlərin və müəlliflərinin hermenevtik metodlarını və ontoloji-epistemoloji nəzəriyyələrini fəlsəfi-metafizik cəhətdən anlamağımız mümkün deyildir.
Dostları ilə paylaş: |