Xadiminin təsəvvüfi təfsir metodu
Metodologiya tədqiqat obyektini təşkil edən mövzunun təbiətindən irəli gələn problemləri və ayrıca tədqiqat zamanı məlumat əldə etmə prosesini ehtiva edir. Yəni, təsnif etmə, anlayış-məfhumların yaradılması, mücərrədləşdirmə, hökm vermə, təcrübə, ümumiləşdirmə, induksiya-deduksiya, analogiya və nəticələr vasitəsi ilə əsaslandırma kimi fəaliyyətlər elmi məlumat və bilikləri əldə etmə prosesləridir (12, s.75). Məhz mütəfəkkirimiz Xadimi də həm ümumi hermenevtik metod baxımından, həm də xüsusilə təsəvvüfi hermenevtik metodologiya baxımından bəhs olunan rasional-analitik bilik və məlumatları əldə etmə vasitələrindən öz metodunu izah edərkən istifadə edir. Digər tərəfdən mütəfəkkirin sistematik təfəkkür tərzi “mövzu üsulu-metodu” təyin edir prinsipinə əsaslanır (13,s.65).Əlbəttə ki, müəllifimizin təsəvvüfi təfsir metodunda əsas və yekun anlayışı kəşfi (mistik) məlumatlara istinad təşkil edir. Xadiminin anlama və şərh etmə metodunu da qeyd olunan analitik anlama və şərh etmə vasitələrindən fərqləndirən ən əsas xüsusiyyət də elə budur.
Xadimi təsəvvüfi hermenevtikanın kəşfi (mistik) məlumatlara əsaslandığını ifadə edir. Bu metodun ortaya çıxmasında rasional və analitik düşünmə tərzləri yetərli deyildir. Burada hidayət və məlumatları almaq məsələsində mənəvi cihad (mücahidə) əsas rol oynayır. Müəllif bu fikrini Quran ayəsi ilə də şərh edir: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq” (Qur`an 29/69). Bu kontekstdə qeyd etmək lazımdır ki, böyük sufi alimimiz Nemətullah Naxçıvani də “əl-fəvatihu`l-ilahiyyə və`l-məfatihu`l-ğaybiyyə” (ilahi kəşflər və qeyb açarları) əsərində təsəvvüfi hermenevtik metodu ve bunun dayandığı idrak nəzəriyyəsini elmi şəkildə izah edir. Ona görə də təsəvvüfi idrak və hermenevtik prosesdə analitik düşüncə və dil anlayışı (burhan və bəyan) xüsusi fəaliyyət sahəsinə malik deyildir. Buradakı metod daxili nurlanmaya (ayan) əsaslanır (14, s.1-2). Nəticədə hər iki sufi mütəfəkkir, Naxçıvani və Xadimi də kəşfi-mistik məlumatlar sayəsində metafizik anlayış və dəyərlərin “ayan” metoduyla sufinin qəlbində ortaya çıxdığını və “bəyan” yolu ilə da rəmzlər və işarələr vasitəsi ilə dildə “dilə” gəldiklərini ifadə edirlər.
Təsəvvüf fəlsəfəsində Mütləq Varlığın varlıq mərtəbələrindəki ən mükəmməl əksi “insandır”. İnsan mərkəzli bu mənəvi sferada insanın bilinməsi ilə Tanrının dərk olunması bir birinin ayrılmaz şərtidir. Xadimiyə görə məhz “Allah” sözü bütün atributları (sifətləri) özündə cəmləşdirdiyi üçün “zatı” ifadə edir. Bu “zat”ın da yerləşmə yeri insan qəlbidir. İnsan qəlbi isə “ruh”, “sirr”, “gizli” və “ən gizli” olmaq üzrə dörd ünsürdən yaradılmışdır. Bunların hamısı qeyri maddidir və bunlar “əmir dünyası” (aləmu`l-əmr) adlanır. Bu mərhələlərin cəmi “düşünən nəfsi” (nəfsi natıqa) meydana gətirir. Qeyd olunan tərkib, tərtibə uyğun olaraq öz halını dil vasitəsi ilə “dilə gətirir” və yenidən öz halına dil vasitəsi ilə dönür. Bu vəziyyətdə fasilə vermədən dilin də köməyi ilə qəlb, Allahdan başqasını unudaraq zikrlə məşğul olur. Məhz işin həqiqəti olan zikr, Onun xaricindəkilərin unudulması deməkdir. Nəticə olaraq qeyd olunan zikrin mərhələləri zəncirvari olaraq peyğəmbərimizdə yekunlaşır. Çünki Allahın ən yaxını peyğəmbərimizdır (s.a.v). Allahın izni ilə hər şeyin fövqündə olan metafizik aləmi (ma vərayı) görmüş olan məhz peyğəmbərdir (15, s.81). Burada qeyd olunmalı vacib məqamlardan biri də odur ki, Xadiminin zikrin yekunlaşma nöqtəsi olaraq göstərdiyi peyğəmbərimizin məqamı təsəvvüf fəlsəfəsində «Nuru Məhəmməd» anlayışına dayanır. Məhz İbn Ərəbi Fususu`l-Hikəm (Hikmətlərin Qaşları) adlı kitabının sonunda, «Məhəmməd kəlməsində fərdi hikmət qaşı» bölməsində bu mövzunu izah edir. Bu anlayışa görə peyğəmbərimiz əleyhissəlam ən kamil insandır. Allah hər şeyi Məhəmməd peyğəmbərin nurunu yaratdıqdan sonra var etmişdir (16, s.214; s. 171-185). Nəsirədin Tusinin də qeyd etdiyi kimi “Sən olmasaydın fələkləri (kainatı) yaratmazdım” (lav lək lama xalaqtu əl-əflak) hədisi də bu görüşə işarə edir (17, s.55). Nəticədə təsəvvüfi hermenevtik metod metafizik mənada varlıq mərtəbləri baxımından bu məqamı əsas götürür.
Xadimiyə görə təsəvvüfi şərh etmə zamanı bəzi məfhumlarda ziddiyyət kimi görünən məqamlar ortaya çıxarır. O, buna nümunə kimi İbn Ərəbini göstərir. Ancaq Xadimi İbn Ərəbinin sözlərinin metafizik cəhətdən dəyərləndirilməli olduğunu və sufinin yaşadığı halı ifadə etməkdə dilin yetərsizliyini vurğulayaraq «ehtiyat sahilinin» kənarında olmağı tövsiyyə edir. Bu mövzuya Xadimi həm də bir hüquqçu kimi yanaşır. Ona görə, İbn Ərəbinin bəzi ifadələri, bəzi alimlər tərəfindən kafirliklə ittiham olunduğu halda belə, əgər bir mövzuda 100 görüş var isə və bunlardan 99-u təkfiri lazım bildiyi halda sadəcə bir dəlil təkfirə maneədirsə, o zaman xoş mərama uyğun olaraq həmin sözlər müsbət mənada şərh olunmalıdır (18, s.80). Biz burada Xadiminin fənlərarası (interdisipliner) bir hermenevtik metodu tətbiq etdiyinə şahid oluruq. Təsəvvüfi hermenevtik metod müəyyən bir məqamda və müəyyən bir həddə qədər rasional-hüquqi metodla dəstəklənir. Əlbəttə ki, bu dəstəklənmə gərəkli, ancaq yetərli şərt deyildir. Nəticədə dəyişməz öz və dəyişənlər arasındakı əlaqənin təbiəti istər istəməz mütləq deyil nisbi mahiyyət daşıyır. Məhz bəhs olunan əlaqə şəraitə görə dəyişən bir strukturda olanda bunun dildə əks olunması da bəzi xüsusiyyətlərə malik olur. Dil bütünlüklə əhatə edə bilmədiyi həqiqətləri bənzətmələr (təşbih) və simvollarla ifadə edir.
Mütəfəkkir dil-məna əlaqəsi baxımından sözün zahiri və batini (daxili, gizli məzmun) yönlərini də tədqiq edərək “kəşf əhlinin” bu istiqamətdəki ifadələrini təhlil edir. Ona görə “kəşf əhlinin” söylədikləri batini-təsəvvüfi sözlər, Qurandakı zahir mənalara uyğun gələ biləcək mahiyyətdədir. Çünki bu ifadələr gizli və incə işarələrdir ki, yalnız “həqiqət əhlinə” agah olur. Bu agah olma, onların kamil imanlarının və irfanlarının sabit olmasından qaynaqlanır. Nəticədə sufilər bu mənaları Allahdan feyz ilə alırlar (19, s.146).
Xadimi təsəvvüfi hermenevtik metodologiyaya uyğun olaraq şərh olunan ifadələrin “kütlə”nin anlaması baxımından çox yönlü mənalar iyerarxiyası içərisində dəyərləndirilməsinin vacib olduğunu vurğulayır. Çünki Tanrı və digər metafizik mövzulara dair kəşflə “açılan” həqiqətlər kütlənin (avamın) ilk planda anlayacağı həqiqətlər deyil. Təsəvvüfi-işari təfsirləri sadəcə seçilmiş (xavass) alim insanlar başa düşə bilər (20, s.55).
Bu ifadələrdən anlaşılır ki, Xadiminin həm təsəvvüfi heremenevtik düşüncəsi, həm də ümumi hermenevtik metodologiyası varlıq mərtəbələrinə (məratibu`l-vucud) uyğun olaraq “mənalar iyerarxiyası” prinsipini əsas götürür. Məhz ifadə ediləcək mənalar, bu mərtəblər nəzərə alınaraq “yoxluqdan varlığa” çıxmır. Dahi şairimiz Məhəmməd Füzuli də bu həqiqətə işarə edərək sözün yoxluqdan varlığa çıxmaq mahiyyətinə sahib olduğunu ifadə edir: «Bu nə sirdir kim, ola hər ləhzə yoxdan var söz». Nəticədə insanın “düşünən canlı”(animal rational-hayavanun natiqun) olması da bu sirrin özünü təşkil edir.
Dostları ilə paylaş: |