Ən aşağı təbəqə. Cəmiyyətin ən kasıb və təcrid edilmiş hissəsindən ibarətdir.
Kinqsli Devis və Vilber Mur 1945-ci ildə sosial stratifikasiya haqqında funksional inteqrasiya nəzəriyyəsini işləyib hazırladılar. Bu nəzəriyyəyə görə cəmiyyətdə stratifikasiya faydalı olduğu üçün mövcuddur. Cəmiyyət müxtəlif təbəqə və siniflərsiz mövcud ola bilməz. Buna görə də stratifikasiya zəruridir. Bu nəzəriyyə göstərir ki, bərabərsizlik cəmiyyətin inteqrasiyasına kömək edir. Məhz bunun nəticəsində cəmiyyətdə yüksək və ya aşağı olmasından asılı olmayaraq bütün statuslar insanlar tərəfindən tutulur. Belə ki, sosial bərabərsizlik insanları sosial orqanizm ücün müxtəlif əhəmiyyət kəsb edən ayrı-ayrı vəzifələrdə çalışmağa məcbur edir (4, 66). Cəmiyyətdə bütün peşələr eyni əhəmiyyətli deyildir. Sosial orqanizm ücün xüsusi qabiliyyət və ixtisas tələb edən peşələr funksional cəhətdən daha vacibdir. Funksional inteqrasiya nəzəriyyəsinə görə belə peşələrdə sayca cox olmayan daha istedadlı adamlar çalışmalı və buradan da onlar daha yüksək maaşla mükafatlandırılmalıdırlar. Devis və Mur belə bir nəticəyə gəlirdilər ki, sosial bərabərsizlik funksional nöqteyi nəzərdən böyük əhəmiyyətə malikdir və insanları maraqlandıra bilməyən istənilən cəmiyyət dağılmağa məhkumdur.
Torsteyn Veblenin nəzəriyyəsi funksional inteqrasiya nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Belə ki, Devis və Murdan fərqli olaraq Veblen göstərirdi ki, cəmiyyətdə ən yüksək maaşı o adam almalıdır ki, o, ən aşağı heç kimin görmək istəmədiyi işləri görür.
Sorokinin fikrincə, stratifikasiyanın müxtəlif formaları mövcuddur: iqtisadi stratifikasiya, siyasi stratifikasiya və peşə stratifikasiyası. Əgər hər hansı cəmiyyətin üzvləri iqtisadi cəhətdən bərabər deyilsə, onlar arasında mülkiyyətçilərlə yanaşı, qeyri mülkiyyətçilər də mövcuddursa, həmin cəmiyyətin kommunizm və ya kapitalizm prinsipləri ilə idarə olunmasından və ya konstitusiyaya əsasən «bərabərlər cəmiyyəti» kimi müəyyənləşməsindən asılı olmayaraq, belə cəmiyyət iqtisadi stratifikasiya ilə səciyyələnir. Cəmiyyət daxilində rütbə, mənsəb, nüfuz, vəzifə kimi müxtəlif ierarxik dərəcələrin, idarəedənlər və idarəedicilərin mövcudluğu həmin cəmiyyətin siyasi cəhətdən diferensiasiyası ilə bağlıdır. Peşə stratifikasiyası isə hər hansı cəmiyyətdə insanların fəaliyyət və məşğulluğuna görə müəyyən qruplara ayrılması, həmçinin bəzi peşələrin digərlərinə nisbətən daha yüksək və nüfuzlu hesab edilməsi ilə əlaqədardır. İqtisadi, siyasi və peşə stratifikasiya növlərinin qarşılıqlı əlaqəsinin ümumi xarakteri bundan ibarətdir ki, müəyyən bir parametr üzrə yüksək təbəqəyə mənsub olan insanlar digər parametrlər üzrə də həmin təbəqəyə mənsub olurlar və ya əksinə. Yüksək iqtisadi təbəqənin nümayəndələri eyni zamanda yüksək siyasi və peşə təbəqələrində də özlərinə yer tururlar. Cəmiyyətdə qeyri mülkiyyətçilər isə peşə ierarxiyasında ən aşağı mövqedə dururlar. Bəzən bu ümumi qanunauyğunluq pozulur. Məsələn, heç də həmişə iqtisadi cəhətdən çox varlı olan insanlar siyasi və peşə piramidasının başında dura bilmirlər. Buna görə də, Sorokin göstərirdi ki, stratifikasiya növləri tamamilə yox, qismən üst-üstə düşür. Məhz bu hal stratifikasiya növlərini ayrı-ayrılıqda nəzərdən keçirməyi zəruri edir.
Beləliklə, cəmiyyətin sosial strukturu və stratifikasiyasına dair müxtəlif fikirlərin, təlimlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, K.Marks siniflərin meydana gəlməsi və mövcudluğunu maddi istehsalla bağlayan hərtərəfli materialist nəzəriyyə yarada bilmişdir. Siniflər haqqında dialektik materialist konsepsiya özündə cəmiyyətin obyektiv inkişafının vacib tərəflərini əks etdirir. Buna görə də bütövlükdə K.Marksın siniflər haqqında təlimini qəbul etməmək, burada mövcud olan bir cox rasional fikirləri də inkar etmək deməkdir. Bununla belə burada sosial-fəlsəfi fikirdə müəyyən sapmalara səbəb olmuş nəticələrə, o cümlədən tarixdə sinif və sinfi münasibətlərin rolunu mütləqləşdirən fikirlərə də rast gəlmək mümkündür.
Müasir tarix marksizmin bir sıra səhv cəhətlərini üzə çıxardı. Bu təlimin göstərdiyi kimi fəhlə sinfinin getdikcə yoxsullaşması deyil, əksinə, sənaye cəmiyyətinə keçidlə əlaqədar olaraq onun həyat standartlarının yüksəlməsi prosesi baş verdi. Göstərildiyinin əksinə olaraq, əmək haqqının artması, inqilabi əhval-ruhiyyənin azalması prosesi müşahidə olundu. Müasir dövrdə dövlət əməklə kapital arasındakı münasibətləri tənzimləyən qüvvə kimi cıxış edir. Mülkiyyətçi ilə muzdlu işçi arasındakı qarşılıqlı münasibətləri dövlət özü nizamlayır. Zəhmətkeşlər dövlət tərəfindən zəmanətli sosial hüquqlara-əmək haqqının minimal səviyyəsinin yuxarı olması və işsizlik üçün ödənilən sosial vəsaitlərə malikdirlər.
Bununla belə, qeyd olunmalıdır ki, Marksın yazıb yaratdığı dövr –XIX əsr klassik kapitalizm dövrü idi. Bu gün isə müasir korporativ kapitalizm dövrüdür. K.Marks öz nəzəriyyəsini yaradarkən kapitalizm öz inkişafının birinci mərhələsində idi. Bu dövrdə hərcmərclik, kəskin rəqabətlə yanaşı quldurluq, qarətçilik, oğurluq, fırıldaqçılıq kimi hallar geniş yayılmışdı. Bu təbiidir. Çünki, ilkin kapital yığımı və ondan sonrakı mərhələdə bu iqtisadi qanunauyğunluqdur. Bu mərhələni kapitalizmin inkişafının vəhşilik dövrü də adlandırırlar. Bununla əlaqədar olaraq K.Marksda xüsusi mülkiyyətə qarşı nifrət yaranmışdır. O, belə hesab edirdi ki, bu nöqsanların hamısı kapitalizmin inkişafı ilə əlaqədardır. Digər tərəfdən o, kapitalizmin inkişafının indiki mərhələsini görə bilməzdi.
K.Marks belə bir nəticəyə gəlmişdir ki, gələcək inkişafda kapitalizm hökmən sosializmlə əvəzlənəcəkdir. Lakin, sonradan kapitalizmin inkişaf imkanları saf-çürük olundu, Avropada və ABŞ-da həyata kecirilən bir sıra tədbirlər nəticəsində kapitalizm aləmində inkişaf imkanları sanki nəzərdən keçirildi və bu formasiyanın sonradan normal inkişaf etməsi üçün tədbirlər görüldü. Məhz bu səbəbdən də həmin ölkələrdə kapitalizm inqilab yolu ilə devrilmədi, təkamül yolu ilə özü transformasiya etdi. Hazırda bir sıra Avropa ölkələrində və Yaponiyada olan quruluşu sosializm adlandırmaq olar, cünki onların əsasında duran təməl müddəaları Marksın sosializm nəzəriyyəsində irəli sürülmüş təməl müddəalarla üst-üstə düşür. Bunlar aşağıdakılardır:
-
Kapitalzimin sosializmə keçməsi ücün ölkədə və regionda kapitalizmdə olduğundan daha yüksək səviyyəli məhsuldar qüvvələr və əmək məhsuldarlığı yaradılmalıdır.
-
Əhalinin ictimai şüuru o dərəcədə yüksəldilməlidir ki, yeni cəmiyyətin inkişaf meyllərini və perspektivlərini anlasın və bu prosesə aktiv şəkildə qoşulsun.
-
İctimai həyatın bütün sahələrində-iqtisadi, hüquqi, siyasi, sosial və s. sosial ədalət prinsipi tam həcmdə reallaşdırılmalıdır ki, insanlar yeni cəmiyyətin qurulmasının üstünlüklərinə əmin olsunlar və bu prosesin subyektinə çevrilsinlər.
-
Mülkiyyət formasından asılı olmayaraq istehsalın nəticələri ictimailəşdirilsin və əldə edilən gəlir müxtəlif kanallarla ictimai tələbatların ödənilməsinə yönəldilsin.
SSRİ-də və digər sosialist ölkələrində bu müddəaların heç birinin əsas götürülmədiyinə əmin olmaq ücün onların tarixinə qısaca nəzər salmaq kifayətdir. Praktika göstərdi ki, Marksın yuxarıda söylədiyimiz öncəgörməsi optimal seçim olmadığından, sonralar gerçəkliyə çevrilə bilmədi. Sosializm adı altında yaradılan quruluş isə totalitar hərbi-polis rejimindən başqa bir şey deyildi. Lakin bunu da qeyd etmək lazımdır ki, SSRİ-də və digər sosialist ölkələrində Marks və Engelsin əsas ideyaları olduğu kimi ictimai həyata tətbiq olunmamışdır. Bu münasibətlə Q.Markuze yazırdı ki, “sovet rəhbərlərinin marksizm prinsiplərinə sadiqliyi barədə fikirlər yersizdir ”(7, 30).
Marksın dövründən fərqli olaraq müasir dövrdə mülkiyyətin mahiyyəti də radikal dəyişikliklərə uğramışdır. Bir tərəfdən mülkiyyətə sahibliyin ondan istifadə və idarə edilməsindən ayrılması prosesi baş vermiş və buradan da çox vaxt şərikli mülkiyyətçi kimi çıxış edən menecerlərin rolu artmışdır. Digər tərəfdən isə xüsusi mülkiyyətin əvvəlki, fərdi forması qrup və ya səhmdar formasına keçərək, aktuallığını itirmişdir. İndi faktiki olaraq hər bir kəs bu və ya digər kompaniyanın aksiyalarını aldıqda mülkiyyətin şəriklisinə çevrilmiş olur.
Dostları ilə paylaş: