Fəl.e.d. Könül BÜNYADZADƏ
Təxəyyül:
fəlsəfi qeydlər
Özün olmaq üçün özünü tanımağı bacarmaq gərəkdir, bunun üçün isə təxəyyül sahibi olmaq gərəkdir.
Təxəyyül mövcud olmayan, lakin mövcud olmalı olan dünyanın görüntüsünü yaradır. Mövcud reallığa qane olmamaq mövcud reallıqdan narazılıq duyğusu insanı qane edə biləcək dünyanı insan təxəyyülündə formalaşdırır. İnsan öz təxəyyülündə gerçəkliyin reallığını deyil, idealını görür. Təxəyyülün yaratdığı dünya, elə buna görə də, nağılı xatırladır.
İdealı ilə reallığı arasında uçurum olan hər bir kəsin xəyala daldığı zaman necə gözəlləşdiyinə, reallığı düşündüyü zaman isə necə eybəcərləşdiyinə nəzər yetirin. Birinci halda onun varlığı onun idealı üzərində, ikinci halda isə onun reallığı üzərində köklənmiş olur.
Nəsə arzulamaqda olan kəs bir çox hallarda xəyala gözlərini yumaraq, sanki yuxulayaraq dalır, yəqin ki, reallığı görməmək üçün. Maraqlı bir fakt: ingilis dilində dream kimi yazılan bir söz vardır. Bu söz həm yuxu, həm də xəyal mənalarını verir. İnsan sanki reallıqdan bir qədər ayrılmaq üçün yuxulayır.
Təxəyyül gerçəkliyin reallıqda öz ifadəsini tapmamış mahiyyətini üzə çıxarır və gerçəkliyi bununla da özünəməxsus bir şəkildə tamamlayır.
Təxəyyül, digər tərəfdən, gerçəkliyi, reallıqda təmsil olunan, lakin, mahiyyəti ifadə etməyən təzahürlərdən də özünəməxsus bir şəkildə təmizləyir və bununla da, gerçəkliyi, sözün geniş mənasında, çirkabdan xilas edir.
İnsan təzahürdən mahiyyətə təxəyyül vasitəsilə nüfuz edir. Təxəyyül mahiyyətin bitkin və təmiz görüntüsünü yaratmaqla mahiyyəti göz önündə canlandırır. Təxəyyül insanı mahiyyətə qaytararkən onun mənalı həyatının başlanğıcını qoyur. Çünki mənalı həyat əslində idealın seyr olunmasına köklənir, idealın bir məqsəd olaraq mənalandırılması ilə başlayır.
Təxəyyül, ümumiyyətlə hər cür aktiv insani fəaliyyətin mənbəyidir, hər cür yaradıcılığın – bədii yaradıcılığın da, elmi yaradıcılığın da, texniki yaradıcılığın da, hətta siyasi yaradıcılığın da əsasıdır.
Lakin, təxəyyül yaradıcı fəaliyyətin yalnız başlanğıcıdır. Təxəyyülün işini təfəkkür, təfəkkürün işini isə iradə davam etdirməlidir. Təfəkkürlə tamamlanmayan təxəyyül mifdir. Mif – təfəkkür süzgəcindən keçməyən təxəyyülün məhsuludur. Özünün təxəyyül başlanğıcından qopub ayrılan təfəkkür isə mücərrəddir. İradənin gerçəkləşdirmədiyi təxəyyül xəyaldır, yuxudur, röyadır. Bu bizi bir daha əmin edir ki, ingilislərin bir qədər öncə xatırlanan dream sözünün həm yuxu, daha dəqiq deyilsə röya mənasını, həm də xəyal mənasını verməsi heç də təsadüfi deyildir. Təxəyyülün göstərməli olduğu ideala köklənməyən iradə isə tutqundur, kordur.
Həyatın məqsədinə çevrilməyən idealın sadəcə olaraq özü-özlüyündə seyr olunması isə insana müəyyən bir zövq gətirə bilsə də, bu zövq həqiqi həyatın insanda yaratmalı olduğu fərəh hissinin yalnız başlanğıc məqamı, bir parçasıdır. Gerçəkləşməyə yönümlü olmayan təxəyyül insanı həqiqi həyatın özü ilə deyil, həqiqi həyatın yalnız xəyalı ilə yaşadır. Həqiqi həyat isə xəyalda canlandırılan idealın sadəcə olaraq seyr olunmasından deyil, gerçəkləşdirilməsindən ibarətdir.
İdealın gerçəkləşdirilməsi, reallığın ideal üzərində yenidən qurulması, əlbəttə ki, çətindir. Həyat uğrunda mübarizə deyilən hadisənin məğzi, əslində, elə bu çətinlikdədir. Əlbəttə ki, ən asanı reallığa uyğunlaşmaqdır. Realist şüur sahibi məhz bu yolun yolçusu olur. Təxəyyülünün doğurduğu xəyal dünyasında yaşamaqla kifayətlənən kəs, yəni estetik şüur sahibi isə eybəcər reallığa uyğunlaşmaq zülmündən özünü bir müddət xilas etsə də, reallığın eybəcərliyinə göz yummaq zülmünə məhkumdur.
Gerçəkləşdirilməyə yönəmli olmayan təxəyyül, üstəlik, təəssüf ki, təhrif olunmaya, sui-istifadəyə məruz qalmaya məhkumdur. Gerçəkləşməmiş ideal yaşantısı bir məqsəd yaşantısı olaraq daşıdığı mənanı tədricən itirir, təhrif olunur, təxəyyül bu halda öz təbii təyinatına yadlaşır, xəyal qurucusuna deyil, fantaziya qurucusuna çevrilir. Fantaziya – gerçəkləşməmiş idealın təxəyyüldə yaradılmış görüntüsünün təhrif olunaraq mahiyyətə yadlaşmasıdır. Təxəyyül prosesinin ən gözəl nəticəsi həqiqi idealın aydın görünüşü olduğu halda, ən eybəcər nəticəsi idealı təhrif olunmuş şəkildə təqdim edən fantaziyadır. Həqiqəti sezmə məqamı uydurma məqamından nə qədər və nə dərəcədə fərqlənirsə, əsl təxəyyülün məhsulu olan xəyal da fantaziyadan təqribən bir o qədər və bir o dərəcədə fərqlənir.
Fantaziyaya meylli olan kəs yalnız fantaziyaçı olaraq qaldığı halda, xəyala dalmağı sevən romantikdir, fantaziyaçı mahiyyətə biganədir, romantik isə mahiyyətin vurğunudur, hətta bu mahiyyət real görünmədikdə belə.
İnsan təxəyyülü ideal görüntüsünə müvəffəq olmalıdır. Bunu təxəyyül bir çox hallara idealın obrazının yaradılması yolu ilə edir. Lakin, bəzən təxəyyül ümumiyyətlə hər hansı bir obrazı, hər hansı bir görünüşü, hər hansı bir formanı da yarada bilir. Bu mənanı daha aydın bir şəkildə duymaq üçün bir daha ingilis dilinə müraciət edək: İngilis dilində təxəyyül mənasını verən imagination sözü image, yəni obraz sözü əsasında formalaşıb və hərfi olaraq obraz yaratma mənasını verir.
Lakin, təxəyyül ruhun dərinliklərində yatan idealın adekvat görüntüsünü yaratmırsa, deməli öz işini mükəmməl bir qaydada görə bilmir. Rus dilində təxəyyül mənasını verən воображение sözü bəlkə də elə buna bir işarə vurur. Əgər воображение sözünün etimologiyasına diqqət yetirilsə, bu söz hərfi olaraq obrazın daxildə yaradılması mənasını verir kimi təəssürat yaradır.
İdealın adekvat görüntüsü özü-özlüyündə insan ruhunu hərəkətə gətirir, insana necə deyərlər ruh verir. Özgənin qəlbinin dərinliklərində gizlənən idealın həmin o özgənin özü üçün görünən edilməsi isə özgənin ruhunu hərəkətə gətirir, ona ruh verir, ona ilham verir. Bu mənada təxəyyül sahibinin özünə münasibətdə bir xəyal olaraq çıxış edən ideal görüntüsü özgəyə münasibətdə bir ilham mənbəyi olaraq çıxış edir. Güclü təxəyyülü olmayan kəs başqalarına bəlkə də hökm edə bilər, amma başqalarını ilhamlandıra bilməz.
Təxəyyülün oyadılması və tam gücü ilə fəaliyyəti Gözəllik fəlsəfəsinin bilavasitə və birinci vəzifəsidir. Lakin, Gözəllik fəlsəfəsi insan həyatını və dünyasını bütövlükdə o halda gözəlliyə qərq edə bilir ki, onun doğurduğu ideal yaşantısı Varlıq fəlsəfəsindən doğulmalı olan inam hissinə, Təfəkkür fəlsəfəsindən doğulmalı olan həqiqət yaşantısına, Əxlaq fəlsəfəsindən doğulmalı olan təmizlik hissinə və nəhayət, Siyasət fəlsəfəsindən doğulmalı olan qətiyyət yaşantısına köklənmiş olsun. Əgər belə deyildirsə, o, tezliklə özünün ideal yaşantısı olaraq daşıdığı bütöv məzmunu itirəcəkdir. İdeal yaşantısı həyatın fəlsəfi yaşanmasının fövqündə dayanmalı və elə bu səbəbdən də Gözəllik fəlsəfəsinin sonu olduğu kimi, Varlıq fəlsəfəsinə keçidin başlanğıcı olmalıdır. İnsan ideal, inam, həqiqət, təmizlik, qətiyyət duyğularını yaşayaraq fəaliyyət göstərdikcə İdealı ilə Reallığı arasındakı ziddiyyəti və bu ziddiyyətin ifadəçisi olan zamanı duymur, “vaxtın necə keçdiyini bilmir” və nəticədə, əlbəttə ki, gözəlləşir. Bu halda zaman udeal və reallıq arasındakı fərqin bir ölçüsü kimi çıxış etmiş olur.
İnsan idealsızlıq, inamsızlıq, ideyasızlıq, vicdansızlıq və qətiyyətsizlik göstərdikcə isə İdealı ilə Reallığı arasındakı ziddiyyəti saxlayır və bu ziddiyyətin ifadəçisi olan zamanın özü üzərindəki təzyiqindən əzab çəkir və eybəcərləşir. İdeal yaşantısı onun məzmununu təşkil edən əlamətlərdən birini – gerçəkləşdirilmə zərurətini itirdikdə, bu məzmun başqa bir hissi – zəriflik duyğusunu formalaşdırır. Gözəllik fəlsəfəsi ideal yaşantısı ilə tamamlanmayaraq, yalnız zəriflik yaşantısı ilə məhdudlaşmışsa, yalnız ona nail olur ki, bir vaxt, haçansa, insan həyatını və dünyasını gözəlləşdirə biləcək obrazları, gələcəkdə reallışdırılacaq idealların ifadəçisini, incəsənəti törədir.
Dostları ilə paylaş: |