1. Müsəlman Xeyriyyə Cəmiyyəti – 1905-ci ildə Bakıda təsis olunan mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. Cəmiyyəti, əsasən, Bakı milyonçuları maliyyələşdirirdi. Cəmiyyətin idarə heyəti “İsmailiyyə”də yerləşirdi və bütün tədbirləri bu binada keçirilirdi. Cəmiyyətin ilk iclasında Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri seçilmişdir. Cümhuriyyət dövründə cəmiyyətin sədri vəzifəsini Qasım Qasımov icra etmişdir.
2. “Nəşri-maarif” cəmiyyəti - Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Tam adı - “Bakı quberniyası müsəlman əhalisi arasında savadı yayan “Nəşri-maarif” cəmiyyəti”. Qurumun idarə heyətinə 1906-cı ildə keçirilən ilk seçkilərdə Hacı Zeynalabdin Tağıyev onun sədri, həmçinin ömürlük fəxri üzvü seçilmişdir. “Nəşri-maarif”in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. H.Z.Tağıyevin rəhbərliyi altında cəmiyyətin tərkibinə daxil olan Bakı zənginləri (Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağa Hüseyn Tağıyev, Yusif ağa Dadaşov və b.), həmçinin ziyalılar (Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə və b.) Bakıda və bölgələrdə yeni məktəblərin, kursların, kitabxanaların açılmasında, imkansız şagirdlərə yardım göstərilməsində, xeyriyyə axşamlarının təşkilində fəal iştirak etmişlər.
3. H.Z.Tağıyev Quranın Azərbaycan dilində nəşrini özünün mənəvi borcu saymış, bu mürəkkəb əsərin tərcüməsini Axund Mir Məhəmməd Kərim Mir Cəfərzadəyə həvalə etmişdir. Dövrün görkəmli din xadimləri Mirzə Əbu Turab Axundov və Axund Molla Ruhulla Məmmədzadə mütərcimə bu işdə yardım göstərmişlər. Tərcümə üçcildlik kitab şəklində 1904-cü ildə Bakıda "Kitabi-kəşfül-həqayiq. Təfsiri-Qurani-Şərif" adı ilə çap olunmuşdur.
4. N.Şeyxzamanlının iqtibas gətirdiyi H.Z.Tağıyevin müraciəti hələlik aşkar olunmayıb.