Hər yana nuri - elmi ru etdi,
Gülxəni baği - xoşnəmu etdi.
Qıldı viranəni qəmu abad,
Cümlə pislikləri niku etdi.
Oğlanların təhsil və tərbiyə işi ilə məşğul olmaqla bərabər Hacı qadınlarla kişilər arasında fitnə-fəsadı, nifrəti aradan götürmək barədə fikirləşirdi. Ərlə arvadın ömürlərinin çoxu davada və bəhsdə keçdiyindən onların uşaqlarının tərbiyəsi kifayət qədər olmur, ailələr dağılır. Cənab Hacı bu qədər rəzaləti görüb, Bakı şəhərində müsəlman qızları üçün böyük məktəb tikdirdi və onun təsis edilməsini Əlahəzrət İmperator Nikolay Aleksandroviçin tacqoyma gününə həsr etdi. Məktəbə İmperatriçə Aleksandra Fyodorovnanın adını verdi. Bu məktəbə Hacı 500000 rubl xərc çəkdi.
Qızların təhsil müddəti dörd ildir. Onlara şəriət, Azərbaycan və rus dilləri, hesab, uşaqlarla iş, tikiş, toxuma, kulinariya, evdarlıq öyrədilir. Cənab Hacı məktəbdə oxuyan hər uşağa ildə 8000 rubl xərcləyir, hər tədris ilinin xərci isə 32000 rubla başa gəlir. Məktəbi bitirənlər rəsmi şəhadətnamə alır, kamala və mərifətə yetirlər. Həqiqətən, heç kimlə şərik olmadan, heç kimin ianəsi yetmədən bu ağır işləri öhdəyə götürmək böyük mərdlikdir. Doğrudan da, vətənə səxavət və səadət qapısını açan, milləti əzizlik və şərafətə yetirməyə çalışan bu cənaba bənzər daha birisini müsəlmanlara yetirməyə illər, zaman lazımdır. O cənabın qədrini bilmək və onun əməllərinə lazımınca qiymət vermək gərəkdir.
Xülasə, uşaqların təhsil almasına lazımi işlər gördükdən sonra Hacı böyüklərin və gənclərin əxlaqi tərbiyəsi üçün bir məclis yaratmaq qərarına gəlir. Avropada bunun üçün teatrlar mövcuddur. Teatr vasitəsilə səxavətli insanların yaxşı əməllərini təbliğ edib və pis adamların dəhşətli əməllərini göstərib, cəmiyyəti bundan ibrət götürməyə çağırırlar. Bu fikirlə cənab Hacı Bakıda ilk teatr binası tikdirdi ki, orada yaxşı əməllər, habelə ictimai qüsurlar göstərilsin. O istəyirdi ki, teatr böyüklər üçün ibrət məclisi olub, insanları biabırçı əməllərdən uzaqlaşdırsın və xeyirli işlərə sövq etsin. Məsələn, Paris teatrında böyük var-dövlət sahibi olan mərhum Alfred Nobel haqqında tamaşa göstərilir. O, vəsiyyət etmişdir ki, ölümündən sonra bütün var-dövləti bəşəriyyətin ehtiyaclarına sərf olunsun və beş hissəyə bölünsün: birinci hissə – təbiət elmləri, ikinci – əczaçılıq, üçüncü – tibb sahəsində yeni ixtiralar edənlərə, dördüncü – yeni ədəbi əsər yazana, beşinci – dövlətlər arasında sülh və dostluq yaradan şəxslərə verilsin. Nobel öz vəsiyyətində həmin insanların hansı millətə mənsub olmasını göstərməmişdir. Beləliklə, teatrda bu cür tamaşaların göstərilməsi ibrətamiz və ümdə vasitədir.
Bundan əlavə gözəl əməllər təbliğ etmək və pis işlərin yaramazlığını xalqa göstərmək üçün qəzet lazımdır. Qəzet insanların həmfikir olmasında, xəbər paylaşmasında, dövlət və millətin tərəqqiyə yetməsində bir vasitədir. Həqiqətən də, teatr və mətbuat hər millətin və dövlətin nöqsanlarının göstərilməsi üçün yeganə imkandır.
Ah nəvisəndədən yandı qəmu mehr-mah,
Əşki-nigarəndədən oldu bu kağız siyah.
Nə ilə mühəqqər olub bu neçə milyon nüfus,
Nə səbəbə dövləti-millət olubdur təbah,
Harda qalıbdır bizim izzəti-dirinəmiz,
Şövkəti-əsliyəmiz ta bizə etsin nigah.
Xülasə, cənab Hacı 100000 rubladək xərcləyib, teatr binası tikdirdi. Millət və dövlət üçün başqa xidməti Bakıdakı “Kaspi” qəzetinin mətbəəsini 57000 rubla satın alması oldu. Bununla əlaqədar əksər millətlərdən təbrik məktubları gəldi və cənab Hacı onlara öz təşəkkürünü bildirdi.
Şərif edər bu təni elm can adəmlik,
Nə ki libasdı yektaa nişan adəmlik.
Əgər bu canü dəhan guşilə ola adəm,
Nə fərqi nəqşilə ya bu miyan adəmlik.
Əgər təbiəti-dərəndə fövt ola təndən,
Taparsan aləm-ara bir rəvan adəmlik.
Səxavəti günbəgün artan Hacı tərəqqinin qarşısını alan maneələrin aradan qaldırılmasına çalışırdı. Qafqazda Azərbaycan dilində çap əsərlərinin olmadığını görən Hacı kitab çapına diqqət yetirdi. O cənabın fikrindən xəbər tutan dövrün alimləri, arifləri və müdrikləri ədəbiyyat və təlim-tərbiyəyə dair Azərbaycan dilində yazdıqları əsərlərini ona təqdim etdilər. Hacı həmin kitablarla tanış olduqdan sonra onların çapına razılıq verdi. Beləliklə, neçə-neçə kitabı Bakıda çap etdirib və əvvəlcədən müəlliflərin razılığını alıb, onları şagird uşaqlara pulsuz paylatdırdı. Həmin kitablar bunlardır: 1) çox hörmətli cənab Axund Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs” və “Nəhi-müskirat” (“İçkilərin qadağası”) əsərləri; 2) görkəmli alim Həsən Əlqədari əl-Dağıstaninin “Asari-Dağıstan” kitabı (1); 3) Axund Yusif Talıbzadənin “Türk dilinin sərfi-nəhvində təhsilül-qəvaid” (“Türk (Azərbaycan) dilinin qrammatik qaydaları”), “Tərbiyəti-nisvan” (“Qadınların tərbiyəsi”) və “Hədiyyeyi-nisvan” (“Qadınların hədiyyəsi”) əsərləri; 4) Mirzə İlyas bəyin Azərbaycan, fars, ərəb dillərində danışıq kitabı; 5) Nəriman bəy Nərimanovun Nadir şahın həyatı haqqında kitabı; 6) İsmayıl bəyin təbiətşünaslıq və coğrafiyaya dair “Kəbir-nəbir” (“Böyük-nəvə”) kitabı, rusca tərcüməsi ilə birgə; 7) Soltan Məcid Qənizadənin “Allah-təalanın hüzurunda” kitabı; 8) Ağa Seyid Əzim Şirvaninin (2) öyüd-nəsihət qəzəllərindən ibarət külliyyatı.
Bu kitabların çapına 9000 rubladək vəsait sərf olunub. Kitabları nəşr edilən müəlliflər xoşhal olub Hacıya təşəkkür etdilər. Kitablar Qafqazda mövcud olan məktəblərə paylanıldı və müsəlman uşaqları onlardan faydalanıb bəsirət sahibi oldular.
Hacı hər gün dörd saat özünü gələn ziyarətçilərdən asudə edib, fars, ərəb, rus, fransız dillərində çıxan qəzet və jurnalları oxutdurur, oxuyan mirzələrə diqqətlə qulaq asıb, lazım olan yerdə öz rəyini bildirir. Tərcüməçilər hər kəs öz vaxtında gəlir. Əvvəlcə cənab Mirzə Sadıx Qafqaz, İran, Hindistan və Osmanlıda Azərbaycan, türk, fars və ərəb dillərində çıxan məqalələri oxuyub tərcümə edir. Mütərcim Hacının diqqətini ən çox ümumi mənafeyə dair mətləblərə, məsələn, xeyriyyə cəmiyyətlərinin və məktəblərin təsisi, mehmanxanaların və xəstəxanaların tikilməsi kimi məsələlərə yönəldir və oraya lazım olan himayəni əmələ gətirir.
Bundan sonra mütərcim müsyö Kadusli rus və fransız qəzetlərində çıxan məqalələri oxumağa başlayır, Avropanın işlərindən, siyasətdən Hacını agah edir. Hacının zəkası və yaddaşı çox güclü olduğundan o, hər mətləbi hansı qəzetdə və nə vaxt oxuduğunu xatirəsində saxlayır. Beləliklə o, dünyada baş verən bütün hadisələrdən xəbərdar olur və ümumi xeyirli işlərdən kənarda qalmır.
Tez-tez qəzet səhifələrində bu cənabın ianələri haqqında məqalələr dərc olunur. Bakıda yeni açılan Kommersiya məktəbinə (3) 50000 rubl hədiyyə etmişdir ki, orada müsəlman uşaqlarına Azərbaycan dili tədris olunsun. Həmin məktəbin pedaqoji şurası cənab Hacını fəxri hami seçmişdir. Həmçinin Peterburqda təsis olunan Müsəlman Xeyriyyə Cəmiyyəti üçün 11000 rubl ianə etmişdir. Cəmiyyətin üzvləri Hacıya qəzetlər vasitəsilə təşəkkürlərini bildirərək, onu fəxri üzv seçdilər. Hacı aşağıda sadalanan işlərə də maliyyə yardımı göstərmişdir: Yetim Erməni Uşaqları Cəmiyyətinə - 3000, Bakıdakı Nina qız məktəbinə - 1000, Dağıstan məscidlərinin təmirinə - 5000, Bakıdakı qəbiristanlığın hasara alınmasına – 5000, Tərxan məscidinin təmirinə və hasara alınmasına – 12565, Tehranda “Rəşidiyyə” mədrəsəsinə - 5000, “Səadət” mədrəsəsinə - 500, Bakıda hər millətdən olan yetim uşaqlara, dul qadınlara, korlara – 8400 rubl.
Hacının mühasibi Konstantin Nikolayeviç (4) otuz ildir ki, onun kontorunda işləyir, bütün mühasib və mirzələr ona hesabat verirlər. Peterburq Universitetini bitirən bu cənab Hacıya sədaqətlə xidmət edir və işində heç bir qüsur olmayıb. Buna görə Hacı hər il mühasibin məvacibini artırıb, həmçinin 18000 rubl dəyərində ona ev hədiyyə edib.
Cənab Hacı hər il fars, Azərbaycan, ərəb, rus və fransız dillərində çıxan qəzetlərin nəşrinə böyük məbləğ sərf edir və onları bir çox alimlərə pulsuz göndərir.
Xülasə, ümumi xeyir üçün bu qədər çalışmaq və səy göstərmək kifayət edər ki, Hacının mübarək adı illər boyu millətin yaddaşında həkk olunsun və tarix səhifələrinə yazılsın. Necə ki Edinburq şəhərində heykəli qoyulan ingilis Con Daltnerin adı əbədi olaraq xatırlanır...
Hicrətin 1192-ci ilində (miladi 1776-cı il) Hindistan padşahının yeganə övladı – qızı ağır xəstəliyə tutulmuşdur. Bir çox yerdən həkimlər çağırılsa da, uşaq nə qədər müalicə olunsa da, zəifliyi artır və xəstəliyi şiddətlənirdi. Vəzirlər ingilis həkimi Con Daltneri hökmdara məsləhət gördülər. Qızının sağalmasına ümidini itirən padşah həkimə dedi ki, əgər qız sağalsa, onda onu ingilisə ərə verər və Daltneri özünə kürəkən edər. Daltner qızın xəstəliyinin səbəbini tapıb onu müalicə etdi və sağaltdı. Bundan hədsiz sevinən padşah həkimi yanına çağırtdırıb, ona “oğul” deyə müraciət etdi və vədəsinə əməl olunacağına söz verdi. Daltner fikirləşmək üçün üç gün möhlət istədi. Daltner düşündü ki, padşahın qızına evlənsə və Hindistan taxt-tacının vəliəhdi olsa, onda vətəni İngiltərəyə xəyanət edər, onun siyasətinə mane olar: “Mən öz dövlətimdən və millətimdən necə əl çəkib, ona yağı ola bilərəm? Padşah da, onun gözəl qızı da vətənimin bir ovuc torpağına qurban və fəda olsunlar”, - deyə fikirləşib, padşahın yanına gəldi və üzr istəyib İngiltərəyə dönmək istədiyini bildirdi. Siyasi işlərdə təcrübəsi olmayan padşah Daltneri böyük hörmətlə və hədiyyələrlə yola saldı.
Elə ki, bu hadisə məşhurlaşdı, hamı Daltnerin qeyrətinə və mərdliyinə heyran qaldı, ingilis hökuməti onu xüsusi hədiyyələrlə və izzətlə təltif etdi. Həmçinin bizim də oxuyan həmvətənlərimiz daim Vətən və millət üçün xeyirli işlər görməli, əziz Vətən övladlarının cəhalət dəryasında qalmamasına, köhnəlmiş adətlərin aramızdan tədricən götürülüb yeni əməllərin intişar tapmasına çalışmalıdırlar.
Cənab Hacı gördü ki, neftin mənfəəti artıq heç kəsə yetmir və o qədər fəhlə saxlamaq lazım gəlmir. Daha çox xeyir gətirmək üçün bez fabrikini açdırdı ki, həm özü, həm də həmvətənləri bundan külli miqdarda mənfəət götürsünlər, kasıblar və işsizlər xəcalət və bekarlıqdan qurtarsınlar. Bu fikirlə o, hicrətin 1315-ci ilində (miladi 1897-ci il) neft zavodunu ingilis-amerikan-alman şirkətlərinə satıb, fabrik tikdirməyə başladı. Bu arada bəzi paxıllar satış bazarlarında rəqabətin yaranmasından qorxaraq, fitnələr törətməyə başladılar. Lakin Əlahəzrət İmperatorun xüsusi mərhəməti sayəsində fabrikin tikilməsinə icazə verildi, çünki bu, dövlətin və millətin xeyrinə olan bir işdir. Hacı 3,5 milyon rubla yer alıb, fabrikin inşasına başladı, işi Bakı sakini Hacı Hüseyn Tağıyevə tapşırdı. Tikinti üç il davam etdi və təxminən 3 milyon rubl da fabrikin başqa tikililərinin sona çatdırılması üçün sərf olundu. Mühəndislər fabrikin tam tikilib başa çatmasını hicrətin 1322-ci ilində (miladi 1904-cü il) nəzərdə tutublar.
Fabrikdə pambıq toxuyurlar və yeddi rəngdə çit parça istehsal edirlər. Müəssisə 12 min fəhlə üçün nəzərdə tutulub və şəhərcik kimi tikilib. Fabrik, fəhlələrin mənzilləri, yollar elektrik enerjisi ilə işıqlandırılır, buraya su kəməri çəkilib.
İnsafən demək lazımdır ki, 12 min əhalini himayə etmək necə böyük xeyirdir. Nəzərə alsaq ki, onların hərəsinin ən azı iki və ya üç nəfər ailə üzvü var, onda bu say 50 minə çatar. Beləliklə, bir nəfər vətənpərvər şəxs 50 min nəfərə qayğı göstərib zillətdən qurtarırsa, əlbəttə, bu şəxsə təşəkkür etmək vacibdir. O cənabın qəlbinin genişliyini, əziyyətlərə qatlaşıb səbr etməyini və axırda var-dövlətinin bütöv qalmağını təsəvvürə gətirəndə, insan təəccüb edir.
Əvvəldə xatırlatdığım kimi, cənab Hacı öz atasından miras qalan evdən köçmürdü. Lakin ailəsinin artması, övladlarının böyüməsi onu təzə evə köçməyə məcbur etdi. Ata evini isə bir nəfər kasıba bağışladı. Lakin bu evi o qədər çox sevirdi ki, bir gün bir nəfərlə yanından keçəndə demişdir: “Bu, mənim atamdan miras qalan evimdir. Mənim böyük imarətlər alıb və evlər tikdirməyə qüdrətim olsa da, yenə o evə səbr və qənaət edib əyləşirdim. Axırda ailəmin böyüməsi məni oradan köçməyə vadar etdi. Əgər indi bu evi bağışlamamış olsaydım, onun ətrafına qızıldan hasar çəkərdim ki, görənlər üçün mənim səbrim ibrət olsun, onlar da qənaətin mənasını bilsinlər. Əgər mən o vaxtlarda bu kiçik evlə kifayətlənməsəydim, əlbəttə, bu böyük evə və imarətə yetişə bilməzdim”.
Hacının indi yaşadığı imarət Bakının mərkəzində yerləşir, dörd tərəfdən yola çıxışı var (5). Hicrətin 1316-cı ilində (miladi 1898-ci il) 270 nəfər mühəndis, memar, bənna, dülgər, nəqqaş və digər işçilər binanın inşasına başlamış və 1902-ci ilin sonunda başa çatdırmışlar (6). İmarətin xarici və daxili tamamilə yonulmuş daşdan və sementdəndir ki, onu palçıq edəndən sonra 18 saat ərzində dolanıb daş olur. Evin ləvazimatı Rusiya, Fransa, Amerika və Almaniyadan gətirilib. İmarətin hər mərtəbəsində daxili isitmə və soyutma sistemi quraşdırılıb ki, yayda otaqları sərin, qışda isti saxlayır. İmarət hər dörd tərəfdən üçmərtəbəlidir: yuxarı mərtəbələr aşağıdakılardan geniş və cəlallı, otaqları böyük və mənzərəlidir. Evin hər bir tərəfində 5-6 böyük otaq vardır və o otaqların hər birinin hündürlüyü təxminən 12 arşın şahıdır. Otaqların tavan və divarları bəzəklidir və hər tavanın rəsminə Amerikanın mahir ustaları təxminən 40000 rubladək qızıl işləyiblər. İmarətin sütunları şüşə almazdan və şəffaf güzgülərdən, döşəməsi isə ağ rənglə və iynəyarpaqlı ağacların şirəsindən hazırlanan sarı rəngli maddə ilə boyanmış hamar taxtalardan düzəldilib. Bu imarət üçün stullar, stollar, kürsülər, qapılar Amerikadan, müxtəlif şəkillər və zərli parçalar isə Almaniyadan gətirilmişdir.
Evin ikinci mərətbəsindəki otaqlar elə üslubda tikilib və naxışlarla bəzədilib ki, görənləri heyrətə gətirir. Tavanlar təmiz almaz, sadə və xalis qızılla, müxtəlif naxışlarla işlənib. Otaqlar elektrik çıraqlarla işıqlandırılır, isti və soyuq su ilə təmin olunurlar.
İmarətin bütün xərci (xaricdən gətirilən ev əşyaları və ləvazimatdan başqa) 1200000 rubla başa gəlib. Cənab Hacı Bakıda çox böyük və bahalı evlər alıbsa da, şəhərdə bu cür imarət görünməyib və tikilməyib.
Lakin bizim məqsədimiz Hacının malını-mülkünü, imarətini tərifləmək deyil, əgər bunu istəsək, xüsusi kitab yazmalı olacağıq. Ancaq bu hekayətdə Hacının öz həmvətənləri üçün etdiyi bəzi xeyirli işləri xatırlayıb, tərcümeyi-halından ona görə bəhs etdim ki, o cənabın həyatı və fəaliyyəti tarixin səhifələrində yadigar qalsın. İnşallah, ümidvaram ki, əziz vətəndaşlar o cənabdan nümunə götürüb, yaxşı sifətlərə və gözəl davranışa adət edər, qərəzsiz xeyirxahlığa qədəm qoyar, mərifət və bəsirətin qapılarını öz vətəndaşlarının üzünə açarlar. Məsələn, son illərdə Bakıda əhali sayının artması ilə şəhərdə içməli suya tələbat artmış, su çatışmazlığı xalqı əziyyətə düçar etmişdir. Hökumət su mənbələrinin tapılıb Bakıya gətirilməsi üçün peşəkar mütəxəssisləri ətrafa göndərmişdir. Bu ümumi problem cənab Hacının da fikrində dolanmağa başladı və o, hökumətə bildirdi ki, bu xeyirli işdə iştirak edərək, hər cür xərcləri çəkməyə hazırdır. Hacı 25000 rubl ianə ayırdı. Mütəxəssislər müxtəlif yerlərdə, o cümlədən, Şahdağ ətəyində su mənbəyini axtarmağa başladılar. Belə qərarlaşdırıldı ki, su tapılsa, Hacı 25000 rubldan əlavə 1000000 rubl da ayıracaq ki, o su şəhərə gətirilsin. Əgər su tapılmasa, Hacı həmin 25000 rublu geri götürməyəcəkdir (7).
Bəzi şəxslər o işi əfsanə sayıb, səmərəsiz hesab edirdilər. Ancaq əgər onlar bir italyanın öz dövlətinə və millətinə etdiyi bəxşiş və ianələrini görsəydilər, onda bilərdilər ki, o, öz vətəndaşları üçün nə cür səxavət göstərib, milyonlar xərcləyib, dövləti və milləti yolunda pul verib, məktəb və xəstəxanalar açıb, qiyamətəcən adını tarix səhifələrində yadigar qoyub. Ümidvaram ki, o cür əliaçıq və qeyrətli şəxslərin nümunəsi yerdə qalanlara da təsir edəcək. Onlar da çalışacaqlar ki, həmvətənlərinin xatirəsində qalıb adları tarix səhifələrinə yazılsın və dillərdə əzbər olsun.
Dostları ilə paylaş: |