Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


ZİYALILAR HACI ZEYNALABDİN TAĞIYEV HAQQINDA



Yüklə 0,68 Mb.
səhifə18/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   14   15   16   17   18   19   20   21   ...   96
ZİYALILAR HACI ZEYNALABDİN TAĞIYEV HAQQINDA
Professor Feyzulla Qasımzadənin (1)

xatirələri
Hacı Zeynalabdin Tağıyev iri kapitalist olsa da, çox böyük maarifpərvər, yoxsullara kömək edən, xeyirxah bir insan idi. O, Bakı qəzasının Mərdəkan kəndində kəndlilərin uşaqlarını oxutdurmaq məqsədilə 1896-cı ildə 10-15 otaq­dan ibarət böyük bir məktəb binası tikdirmişdi. Mən 1908-1912-ci illərdə həmin məktəbdə təhsil almışam. O, bu cür məktəb binalarını yalnız Mərdəkan kəndində deyil, Azər­bay­canın başqa kəndlərində də tikdirmişdi. Bildiyimə görə, belə bir məktəb binasını keçmiş Göyçay qəzasının Qaziyan kəndində tikdirmişdir. 1917-ci ildə mən həmin Qaziyan mək­təbinə ibtidai sinif müəllimi təyin olunmuşdum. Kəndin mərkəzində yerləşən və 7-8 otaqdan ibarət bir binada dərs ve­rirdim. O zaman Qaziyan kəndinin sakinləri təsdiq edirdi ki, bu bina Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilmişdir (2).

1918-ci il mart hadisələrindən sonra mart, aprel, may aylarında bərk qıtlıq və aclıq düşmüşdü, kəndlilər ot yeyirdi, çörək tapılmırdı. Hacı Zeynalabdin Tağıyev həmin aylarda təkcə Mərdəkan kəndinin camaatı üçün gündə 5-6 kisə (yarım tona qədər) undan çörək bişirtdirib ucuz qiymətə satırdı, ən kasıblara isə pulsuz verirdi.

1920-ci il aprel ayının axırında Azərbaycanda Sovet hö­kuməti qurulduqdan sonra Tağıyev Mərdəkanda öz ba­ğında yaşayırdı. Bağın ondan alınması ehtimalı vardı. Mər­dəkan camaatı Tağıyevin kasıblara əl tutmasını, ma­ar­if­pər­vər­liyini nəzərə alaraq Sovet hökumətindən xahiş et­mişdir ki, bağ Tağıyevin vəfatına qədər ondan alınmasın. Mər­də­kan kəndinin hökumətə müraciətini rusca mən yazmışdım (3). Bu hadisənin doğruluğunu indi də bəzi yaşlılar təsdiq edə bilər.

Təxminən 1920-ci ilin avqust ayında Nəriman Nəri­manov Mərdəkan kəndinə gəlib iclas keçirmişdir. N.Nəri­manov öz məruzəsində Hacı Zeynalabdin Tağıyevin adını çəkmişdir. İclasdan sonra Mərdəkan kəndlilərindən bir nəfər ona Tağıyevin xəstə olduğunu xəbər verdi. N.Nəri­manov dedi ki, “...Hacı ilə mən hələ 1906-cı ildə müəllimlər qurultayında bir məsələ üstündə sözləşmişdim (4). Lakin bu­na baxmayaraq o, çox xeyirxah və yaxşı adamdır, ona baş çəkmək mənə borcdur”. Bu sözü deyib ona baş çəkməyə getdi və əhvalını soruşdu.

Hacı Zeynalabdin Tağıyevin 1905-ci il erməni-müsəl­man qırğını zamanı bəzi erməni ailələrini mühafizə etməsi haqqında rəvayət vardır. Mənim mərhum qayınatam Əb­dül­əli İsgəndərov nəql edirdi ki, Tağıyev mənə, sabunçulu Ağalar bəyə yayda Mərdəkan bağlarında istirahət edən bir neçə erməni ailəsini müsəlmanların hücumundan qorumağı tap­şırmışdır.

Qayınatam bunu da nəql edirdi ki, Tağıyev həmişə Musa Nağıyev, Hacı Hacıbaba kimi xəsis dövlətliləri Cə­miyyəti-xeyriyyə üçün ianə verməmələri üstündə danlayardı.

Əbdüləli İsgəndərovun danışdıqlarından məlum olur ki, Hacı Zeynalabdin Tağıyev Mərdəkan, Qala və b. kənd­lilərinə maddi yardım göstərirdi.

Ümumiyyətlə, Hacı Zeynalabdin Tağıyev savadsız kənd­liləri oxutdurmağa çalışan, kasıblara kömək edən, öz millətini sevən, xeyirxah və maarifpərvər bir şəxs olmuşdur.


25 iyun 1956-cı il.

MATM NF, №№ 20039, 21014, 20038



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin