Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


SSRİ Xalq artisti Sidqi Ruhullanın (1) xatirələri



Yüklə 0,68 Mb.
səhifə26/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   22   23   24   25   26   27   28   29   ...   96
SSRİ Xalq artisti Sidqi Ruhullanın (1) xatirələri
Hacı çox ciddi məsələni - qadın təhsili məsələsini həll etdi. İlk qız internat məktəbinin açılması ruhanilərlə müba­rizə sayəsində baş tutdu.

Ruhanilər xalqı öyrədirdilər ki, qanun qızlara mək­təbə getməyi, elm öyrənməyi qadağan edir. Qadına yalnız Quran oxumağa icazə verilirdi. Həmin illərdə ruhaniliyin xalq üzərində hökmü hədsiz idi. Xalq onlara kor-koranə, düşünmədən, lakin könüllü itaət edirdi. Ruhanilər “cihad” elan edə bilərdilər və insanlar “cihad”ın elan olunduğu tərəfin vəziyyətindən, gücündən asılı olmayaraq ayağa qal­xır­dılar. Bir dəstə adam “cihad” elan ediləndən sonra hətta qoşuna qarşı ölümə gedə bilərdi.

Qız məktəbini açmaq fikrinə düşən Hacı ruhaniləri öz yanına dəvət etdi. Hacı onlara öz niyyətini bildirəndə, ru­ha­nilər bunu kəskin qəzəblə və narazılıqla qarşıladılar. Ertəsi gün Mir Məhəmməd Kərimin (2) evini yandırmağa cəhd etdilər, axund Mirzə Əbu Turabın (3) qapısına isə çirkablar tökdülər, çünki hər ikisi bir qədər əvvəl qadınların elm öyrənməsinin mümkün olduğunu söyləmişlər.

Bundan sonra Hacı, Molla Mirzə Məhəmməd oğlunu öz yanına çağıraraq, ona böyük miqdarda pul verdi və müsəlman ruhani başçıları - müctəhidlərin yanına göndərdi ki, onlar qadınların elm öyrənməsinə icazə verildiyini təsdiq­ləsinlər. Belə müctəhidlər səkkiz nəfər idi: Məkkədə, Mədinədə, Bağdadda, Xorasanda. Yerli mollalar istəklərinə uyğun özlərinə bir müctəhid seçir və onu təqlid edirdilər.

Molla Mirzə Məhəmməd işgüzar, ağıllı, zirək adam idi. O, Hacının tapşırığını bacarıqla yerinə yetirdi: müctə­hidlərin yanına gedərək, onlardan qadınların elmə yiyələnə bilmələri haqqında yazılı icazə aldı.

Hacı təkrarən ruhaniləri öz yanına dəvət etdi. Bütün mollalar və axundlar, hətta rayonlardan gələnlər Hacının yanında toplaşdılar. Hacı onlara xitabən qız məktəbini açmaq fikrindən dönmədiyini bildirdi. Mollalardan biri narazılıq edəndə, Hacı ondan hansı müctəhidi təqlid etdi­yini soruşdu. Cavab aldıqdan sonra Hacı həmin müctəhidin yazılı razılığı olan zərfi mollaya uzatdı. Yazılı icazə olan bütün qalan zərfləri Hacı ruhanilərə payladı. Müctəhidlərin məktublarını oxuyandan sonra axundlar və mollalar bildi­rdilər ki, onlar tabe olmağa borcludurlar.

Sonra Hacı camaatı Təzəpirə yığdı və onların qarşı­sında çıxış etdi. O, xalqdan xahiş edirdi ki, açdığı qız mək­təbinə öz övladlarını göndərsinlər.

Sovet hökuməti teatrı milliləşdirəndə, yanğına məruz qalmış teatr hələ açılmamışdı (4). Hökumətimiz teatrı yeni­dən qurdu. Partiyanın Mərkəzi Komitəsi (5) Hacını açılış mərasiminə dəvət etdi. Mirzağa Əliyev (6), Sarabski (7) və mən Hacını şəhərə gətirmək üçün ayrılmışdıq (8). Maşın Mərkəzi Komitədən verilmişdi və sonradan məlum oldu ki, bizi Hacının keçmiş sürücüsü Mustafa aparırdı. Biz Mərdəkana – Hacının yanına gəldik və ona partiyanın Mər­kəzi Komitəsinin dəvətini çatdırdıq. Hacı bizimlə şəhərə getdi. Teatrda onun üçün xüsusi loja ayrılmışdı. Hacı ayağa qalxıb bir neçə söz dedi: “Mən çox şadam. Xalq mənim tikdirdiyim teatrı yenidən bərpa etdi” (9).

Ərəblinsikinin ölümü ilə əlaqədar deyə bilərəm ki, onu ev üstündə qohumu öldürmüşdü (10). Bu, o dövrdə məlum idi. Hacı Ərəblinskiyə yaxşı münasibət göstərir, məharətli aktyor oyununa görə ona hədiyyə və pul göndərirdi.

Hacının Mərdəkanda kəndlilər üçün açdırdığı məktəbi var idi. Yayda bu məktəbdə tamaşalar oynanılırdı, mən də onlarda iştirak edirdim.


1 mart 1957-ci il.

MATM NF, № 20018-20020

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin