2. Hal-hazırda bu binada Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir.
3. Bakıda 1888-ci ildən fəaliyyət göstərən sənət məktəbi 1896-cı ildə orta texniki məktəbə çevrildikdə H.Z.Tağıyev bu iş üçün 3500 rubl ayırdı; belə ki, şəhər rəhbərliyi məktəbin qulluqçularına əməkhaqqı üçün maliyyə nəzərdə tutmamışdı. 1897-ci ildən H.Z.Tağıyev məktəbin fəxri hamisi olmuş və həmin ildən mütəmadi olaraq bu məktəbə maddi yardım göstərmişdi. 1898-ci ildə orta texniki məktəbə bina tikmək üçün şəhər Duması Hacının təkidi ilə 150000 rubl ayırmışdı. 1901-ci ildə H.Z.Tağıyev təhsil müəssisəsinin ehtiyacları üçün 6600 rubl vermişdi. Daha sonra o, Murtuza Muxtarovla birgə öz hesablarına kimya laboratoriyası açdırdı. Bu laboratoriya “Həqiqi mülki müşavir Tağıyevin kimya laboratoriyası” adlandırıldı. Məktəbin binasında indi Azərbaycan Dövlət Neft Akademiyası yerləşir.
4. Cəfər Cabbarlı (1899-1934) – Azərbaycan şairi, yazıçısı, dramaturqu. Lirik və satirik şeirlər, sosial ədalətsizliyi tənqid edən hekayə və pyeslər müəllifi olan C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri idi. Yazdığı əsərlərdə yazıçının yaradıcılığının başlıca mövzularından olan şəxsiyyət azadlığı və milli azadlıq idealları tərənnüm edilir.
5. Həsən bəy Məlikov (Zərdabi) (1842–1907) – alim, pedaqoq, publisist. Moskva Universitetini elmlər namizədi diplomu ilə bitirən ilk müsəlman. Maarif işinin təşkilində böyük təcrübəyə malik olan H.Zərdabi geniş pedaqoji fəaliyyətlə məşğul idi. Bakı şəhər dumasının məktəb komissiyasının, Mariinski gimnaziyasının Hamilər Şurasının üzvü seçilmişdir. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoymuşdur. H.Zərdabi H.Z.Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır. Belə ki, H.Z.Tağıyevin qız məktəbinin layihəsi 1896-cı ildə H.Zərdabinin Bakı qubernatoruna təqdim etdiyi layihə əsasında tərtib olunmuşdu.
6. Qoçular – bəzi varlı azərbaycanlıların şəxsi mühafizəçi qismində saxladığı silahlı şəxslər. Bəzi Azərbaycan ədibləri və tarixçiləri guya H.Z.Tağıyevin də öz yanında qoçular saxladığı və hətta onlardan öz müəssisələrində çalışan fəhlələrə divan tutmaq üçün istifadə etdiyi barədə əsassız mülahizələr irəli sürürdülər. Lakin A.Şaiqin və H.Z.Tağıyevin digər müasirlərinin çoxsaylı şahidlikləri bu arqumentləri tam təkzib edir.