Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Şair, maarifçi Abdulla Şaiqin (1) xatirələri



Yüklə 0,68 Mb.
səhifə24/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   20   21   22   23   24   25   26   27   ...   96
Şair, maarifçi Abdulla Şaiqin (1) xatirələri
Hacı Zeynalabdin Tağıyev başqa kapitalistlərdən bir çox cəhətdən fərqlənirdi. Başqa kapitalistlər hamıya yuxarıdan aşağı baxır, maarif işlərində iştirak etmirdilər. Küçədə üz-üzə gəldikləri zaman o ağalar dik-dik baxıb salam gözləyərkən, ziyalılar da baxıb yanlarından düz keçirdilər. Tamamilə savadsız olan Hacı isə Azərbaycanın həm maarif, həm də ictimai işlərinə qarışırdı. Bu ondan irəli gəlirdi ki, o biri milyonçuların çoxu xırda burjuadan baş­la­yaraq kapitalist olmuşlar. Hacı isə kimsəsiz olduğundan 8-9 yaşından bənnalara palçıq daşıyıb gündəlik muzd alır, onunla da keçinirdi. O, fəhləlikdən kapitalistə qədər yol keçmişdir. Hacı maarif işlərində çalışan ziyalılarla oturub durmağı sevərdi.

1901-ci ildə Hacı qız məktəbini tikdirdi. Bu məktəbə Bakıdan və başqa şəhərlərdən, rayonlardan kasıb qızlar qə­bul edilirdi. Cahil mollalar, qoçular və onların təsiri altında avam camaat Hacıya və qız məktəbinə qarşı dərin nifrət bəsləyirdilər. Hacı bunların heç birinə əhəmiyyət vermirdi.

O, öz vəsaiti hesabına orta məktəbi qurtaran cavanları başqa şəhərlərə ali təhsil almağa göndərirdi. Son zamanlar kapitalistlərdən ancaq Musa Nağıyevlə dostluq edirdi. Mu­sa Nağıyev varlı olsa da, çox xəsis idi. Hacı həmişə orta məktəblərdə oxuyan yoxsul tələbələrin xeyrinə maarif cə­miy­yətlərinin təşkil etdiyi məclislərə gəlir və dostu Musa Na­ğıyevi də özü ilə gətirirdi. Qapıdan girəndə Hacı 100-200 rubl, Ağa Musa isə ciblərini qurdalayıb 10 rubl verərdi. Hacı deyərdi: “Ağa Musa, on rubl azdır, kasıb uşaqlar üçündür, bir az çox ver”. Ağa Musa yenə ciblərini axtarıb əli əsə-əsə 25 rubl verərdi.

Birinci Bakı realnı məktəbinin müdiri Denfer Ha­cının yanına gəlib, məktəb binasının dördüncü mərtəbəsini tikdirməyi xahiş etmişdir. Hazırlıqsız gələn Azərbaycan uşaq­ları birinci sinfə imtahan verə bilmirdilər. Hacı: “bi­rinci sinfə imtahansız girmək şərtilə 25 uşağa bir ehtiyat sinfi açsanız, razıyam”, demişdi. Hacı üst mərtəbəni tik­dirməyi Ağa Musanın boynuna qoymuşdu. Dördüncü mər­təbə tikildi. Aşağı mərtəbədə Azərbaycan balalarına məxsus ehtiyat sinfi açıldı (realnı məktəb Azərbaycan Dövlət Uni­versitetinin binasıdır) (2).

Bakıda sənət məktəbinin müdiri binanı böyütmək üçün Hacıdan maddi kömək istəmişdir. Hacı azərbaycanlı tələbələrin sayını artırmaq şərti ilə məktəbə 40 min rubl pul ayırmışdı (3). Məşhur dramaturqumuz Cəfər Cabbarlı (4) da şəhər məktəbini qurtardıqdan sonra həmin sənət məktəbinə daxil olmuş və ilk əsərlərini orada oxuduğu zaman yazmışdır.

1906-1907-ci illərdə Azərbaycan müəllimlərinin qurul­tayı çağırılmışdı. O zaman Nəriman Nərimanov Odessada tibb fakültəsində oxuyurdu, yay tətili vaxtı Bakıya gəlmişdi. Qurultay Həsən bəy Zərdabini (5) sədr, Nərimanovu müavin seçmişdi. Müzakirə edilən məsə­lələrdən biri də “nemoy metod”u (“lal üsul” – F.C.) ləğv etmək idi. Şəhər məktəblərində azərbaycanlı uşaqlara rusca dərs deyən müəllimlər hər şeyi əyani olaraq göstərməli idilər. Məsələn, “собака лает”, “кошка мяукает” cümlələrini əyani göstərmək üçün müəllim sinifdə it kimi hürməli və pişik kimi miyoldamalı idi. Qurultay yekdilliklə bu kobud üsulun ləğvinə səs verdi. Həsən bəy Zərdabi canişinə “nemoy metod”un ləğv olunmasını “qurultay xahiş edir”, deyə bir teleqraf göndərməyi təklif etdi. N.Nərimanov xahiş sözünə etiraz edərək: “Biz bu vaxta qədər çox xahiş etmişik, faydası olmamışdır. Bundan sonra tələb etməliyik”, dedi. Qurultay Nərimanovun tələbinə tərəfdar oldu. Həsən bəy razı olmayıb: “Ay Nəriman, sən nə ilə tələb edirsən? Bu avam camaata güvənirsən?” dedi. N.Nərimanov öz fikrində möhkəm durdu. Həsən bəy: “Nəriman, sən hələ gəncsən, zorla iş olmaz”, deyə ona nəsihət etdi. Doktor Seyidov yerindən cavab verdi: “Ağıl yaşda deyil, başdadır”. Həsən bəy bu sözdən inciyib qurultayı tərk etdi.

Ertəsi gün Hacı Zeynalabdin qurultaya gəldi. Bir az danışıqdan sonra Nərimana işarə edərək: “Cibində beş qəpiyi yoxdur, onun tələb etməsinə bax!” dedi. Bu söz Nərimana toxundu. Nəriman subay olduğu halda 12 nəfər ailə saxlayırdı. Odessaya oxumağa gedəndə Hacı Zey­nalabdin ayda ona 25 rubl göndərirdi. Ailəsinin yaşaması üçün Hacı hər ay ailəsinə 50 rubl verirdi. Nəriman cavab verdi: “Hacı, cibimdə pulum yoxdursa da, ağlım, iradəm var. Bu sözdən sonra ailəmə ayda verdiyiniz 50 rubl gərək deyil”. Hacı hirslənib dedi: “Hər ay tələbələrə pul göndə­rirəm. Bundan sonra kömək etməyəcəm”. Qoca bir müəllim ayağa qalxıb “Hacı, Nəriman bir söz idi dedi, o biri tələbələrin günahı nədir? Xahiş edirəm, sözünüzü geri götürün”. Hacı: “Mən sözümü geri götürürəm, arxayın olun”, deyərək qurultayı tərk etdi.

Neçənci ildə olduğunu bilmirəm. Türkan kəndində taun xəstəliyi zühur etdi. Həkimlər kənddə olan ərzağı yan­dırdılar. Çar hökumətinin əmrilə kazaklar kəndi dörd tərəf­dən bürüyüb, kənddən qaçanları vururdular. Xalq taun xəs­təliyindən daha müdhiş olan aclıq içində ölməyə məhkum idi. Hacı hər gün dəniz vasitəsilə paroxodlarla çörək, qənd, çay, düyü, papiros, tütün göndərirdi. Xəstəlik ay yarım da­vam etdi.



Bunu da əlavə edirəm ki, Hacı bəzi kapitalistlər kimi yanında qoçu gəzdirmirdi. Kim bunun əksini deyirsə, Ha­cıya qarşı böhtandır. O, qoçulara qarşı dərin nifrət bəs­ləyirdi (6).

Hacı yazı-pozu bilməzdi, öz imzasını yazmağı ancaq öyrənmişdi. Ancaq hər gün Abdullayev Mirzə Sadıq ona rus və Azərbaycan dillərində çıxan qəzetləri oxuyurdu. Söhbət əsnasında Hacı həmişə deyirdi: “Bu gün qəzetdə oxumuşam ki...”

“İsmailiyyə” binasının tikintisinə Hacı səbəb olmuşdu. Ağa Musa Hacının təklifini yerə salmayıb binanı tikdir­miş­dir.
28 mart 1956-cı il.

MATM NF, №№ 20035, 20036
Qeyd və şərhlər:

1. Abdulla Mustafa oğlu Talıbzadə (Abdulla Şaiq) (1881-1959) - Azərbaycan şairi, yazıçı, publisist. Ömrünün böyük hissəsini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurul­tayının təşkilində böyük xidmətləri olub. Axund Yusif Talıbzadənin kiçik qardaşıdır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin