7. Ali Sovet – Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunvericilik orqanı. 1950-60-cı illərdə keçmiş H.Z.Tağıyevin qız məktəbinin binasında yerləşirdi. Hal-hazırda binada AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası və Hüseyn Cavidin ev-muzeyi yerləşir.
8. Məryəm Sulkeviç (1861-1917) – maarifçi-pedaqoq, ictimai xadim. Aleksandrinski qız məktəbində müəllim, müdir, daha sonra 1-ci rus-Azərbaycan qız məktəbində müəllim işləmişdir. Maarif sahəsində xidmətlərinə görə 1907-ci ildə “Səyinə görə” yazısı olan və Stanislav lentində sinəyə taxılan gümüş medalla təltif olunmuşdu. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi.
9. Həbib bəy Mahmudbəyov (1864-1928) - maarif xadimi, Bakıda ilk xüsusi rus-tatar (Azərbaycan) məktəbinin yaradıcılarından biri. Bakı şəhər dumasında məktəb komissiyasının üzvü olmuşdur. 1921-1927-ci illərdə Ali Pedaqoji İnstitutda direktor müavini işləmişdir.
10. Məhəmməd Hafiz Şeyxzadə (Əfəndizadə) (?-?) – Azərbaycanda qadın təhsilinin qoyulması işində böyük rol oynamışdır. Şəkidə dərs dediyi “Darüssüada” məktəbinin nəzdində 1894-cü ildə qızlar üçün ayrıca bir sinif açmışdı. Məktəb 4 il fəaliyyət göstərmişdir. M.H.Şeyxzadə Şamaxıya köçdüyü üçün məktəb də işini dayandırmalı olmuşdur. 1902-ci il Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdü. Tağıyevin qız məktəbində ilk təhsilini almış, sonralar görkəmli maarif xadimi olmuş Şəfiqə Əfəndizadənin atasıdır.
11. Ömər Faiq Nemanzadə (1872-1937) - maarif və mətbuat xadimi, publisist. İstanbulda, Şəkidə, Şamaxıda müəllim işləmişdir. “Şərqi-rus”, “Həyat” qəzetləri, “Molla Nəsrəddin” jurnalı və digər mətbuat orqanları ilə fəal əməkdaşlıq etmiş, Cəlil Məmmədquluzadə və Məşədi Ələsgər Bağırovla birgə “Qeyrət” mətbəəsinin yaradıcısı olmuşdur.
12. “Nicat” Bakı müsəlman maarif cəmiyyəti – 1906-cı ildə fəaliyyətə başlamış mədəni-maarif cəmiyyəti. Cəmiyyətin əsas məqsədi azərbaycanlı əhali arasında maarifı yaymaq, orta və ali təhsil müəssisələrinin ehtiyacı olan tələbələrinə maddi yardım göstərmək, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının, milli teatr sənətinin inkişafına kömək etmək idi.
13. “Səfa” mədəni-maarif cəmiyyəti - 1912-1920-ci illərdə Bakıda fəaliyyət göstərmişdir. Məqsədi çoxsaylı baxımsız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltməkdən ibarət idi.
14. “Səadət” - 1907-ci ildən Bakıda fəaliyyət göstərən müsəlman xeyriyyə cəmiyyəti. Cəmiyyətin yaranması və fəaliyyətində H.Z.Tağıyevin böyük rolu olmuşdur. “Səadət” cəmiyyəti köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı.
15. Əlisgəndər Cəfərov (1875-1941) - ictimai və maarif xadimi, naşir, mühərrir. 1897-ci ildən Bakının təhsil müəssisələrində müəllim işləmiş, 1906-1918-ci illərdə “Nəşri-maarif” cəmiyyətində katib olmuşdur. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Ə.Cəfərovun adı ilə bağlıdır. O, “Dəbistan” adlı ilk pedaqoji jurnalın (1906-1908) naşiri və mühərriridir.